Müasir bazar iqtisadiyyatı şəraitində muxtar respublikada bankların verdiyi kreditlər nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Banklarımız tərəfindən muxtar respublika sakinlərinin əlverişli maliyyə resursları ilə təmin edilməsi müxtəlif istehsal və xidmət sahələrinin yaradılmasına, onların inkişafına, bu sahələrdə fəaliyyətin genişləndirilməsinə, əhali tələbatlarının yerli istehsal hesabına ödənilməsinə istiqamətlənmiş prioritet məsələdir.
Muxtar respublikada fəaliyyət göstərən banklar və bank olmayan digər kredit təşkilatları tərəfindən iqtisadiyyatın ayrı-ayrı sahələrinə verilən kreditlər həmin sahələrdə məhsulların istehsalının artmasına, istehsal olunmuş məhsulların ixracına, məşğulluğun artırılmasına, ümumilikdə, muxtar respublika iqtisadiyyatının bütün sahələrinin inkişafına birbaşa və dolayı yolla təsir edir.
Qeyd etdiyimiz kimi, muxtar respublikada kreditləşmə iqtisadiyyatın müxtəlif sahələri üzrə aparılır. Bu proses 2014-cü ilin ilk 8 ayında da banklar və bank olmayan kredit təşkilatları tərəfindən uğurla həyata keçirilmişdir. Ümumilikdə, 2014-cü ilin yanvar-avqust ayları ərzində muxtar respublika iqtisadiyyatının inkişafı üçün verilmiş kreditlər 37 milyon 17 min manat təşkil etmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 736 min manat artım deməkdir. Verilmiş kreditlər sənaye, tikinti, ticarət, nəqliyyat, daşınmaz əmlakla əlaqədar ipoteka krediti, digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi üçün istehlak və kənd təsərrüfatı kreditlərini əhatə edir. Bu sahələr içərisində muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən hesab olunan kənd təsərrüfatı mühüm yerlərdən birini tutur. Belə ki, kənd təsərrüfatı ilə məşğul olan əhaliyə, fermerlərə, sahibkarlara bu müddət ərzində verilən kreditlərin həcmi 11 milyon 657 min manat təşkil etmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 9 min manat çoxdur. O cümlədən kənd təsərrüfatının da ayrı-ayrı sahələri üzrə verilən kreditlərin həcmində artım tempi müşahidə olunmaqdadır. Belə ki, bostan-tərəvəz bitkilərinin yetişdirilməsi məqsədilə verilən kreditlər ötən illə müqayisədə 857 min manat artımla 1 milyon 139 min manat təşkil etmişdir. Heyvandarlığın inkişafı üçün ayrılan kreditlərin həcmi 7 milyon 940 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 159 min manat artım deməkdir. İstixana təsərrüfatının yaradılması və inkişafı məqsədilə banklar və bank olmayan kredit təşkilatları tərəfindən 535 min manat kredit verilmiş, bu sahədə də ötən ilin müvafiq dövrü ilə müqayisədə 504 min manat artım olmuşdur. Cəlb edilən maliyyə resurslarının artım tempi ilə müşahidə olunan sahələrdən biri də arıçılıqdır. Belə ki, bu sahənin inkişafına istiqamətləndirilmiş kreditlərin həcmi 400 min manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 257 min manat artım müşahidə edilmişdir.
Bütün bunlarla yanaşı, qarşıdan gələn payız mövsümü və payızlıq əkinlərin həyata keçirilməsi ilə bağlı əhalinin maliyyə resurslarına yarana biləcək tələbatlarının ödənilməsi üçün muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları bu istiqamətdə hazırlıqlarını davam etdirirlər. Payızlıq taxıl əkini kreditləşməsində sahibkarlara güzəştli kreditlərin verilməsi də davam etdiriləcəkdir.
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir. Aqrar sahədə güzəştli kreditləşdirmə imkanlarının genişlənməsi öz müsbət nəticələrini göstərməkdədir. Bütün bunlar aqrar sektorda istehsal həcmini artırmaqla yanaşı, bu sahədə yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, emal müəssisələri şəbəkəsinin genişləndirilməsinə, ən əsası isə yerli məhsullarımızın rəqabət qabiliyyətinin artırılmasına gətirib çıxarır. Aqrar sahədə sahibkarlığın inkişafı kəndlərdə orta təbəqənin formalaşması prosesinə də təkan verir.
Elçin ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin aparıcı mütəxəssisi