Şərur rayonundakı Kürkənddə kompleks quruculuq tədbirləri həyata keçirilir. Bu tədbirlərdən biri təhsilin səviyyəsini yüksəltmək üçün mövcud tam orta məktəb binasının yenidən qurulmasıdır. Qeyd edək ki, yeni təhsil ocağı kəndin gələcək perspektivi nəzərə alınaraq 216 şagird yerlik nəzərdə tutulub. Qısa müddət ərzində ikimərtəbəli köhnə məktəb binasında bəzi yardımçı tikililər sökülüb, əvvəlki bina daha bir mərtəbə ucaldılaraq üçmərtəbəli olub.
Məktəb 11 sinif otağından, kimya, biologiya laboratoriyalarından, hərbi kabinədən, elektron lövhəli sinifdən, şahmat, kompüter otaqlarından, kitabxana və idman zalından ibarətdir.
Yeni obyektlərdən biri kənd mərkəzi üçün nəzərdə tutulub. İkimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üçün nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, poçt, ATS, klub, kitabxana, iclas zalı yerləşəcək. Yeni ucaldılan kənd mərkəzinin binasında feldşer-mama məntəqəsi üçün də 3 otaq ayrılıb. Obyektdə son tamamlama işləri görülür.
Birmərtəbəli, yaraşıqlı xidmət mərkəzində kənd sakinləri ərzaq və sənaye malları mağazalarının, ət satışı dükanının, gözəllik salonunun və bərbərxananın xidmətindən yararlanacaqlar.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları obyektlərin tikintisini vaxtında başa çatdırmaq üçün səy və bacarıqlarını əsirgəmirlər. Kənddəki məscidin inşası da həmin idarənin kollektivinə həvalə olunub.
Rayon Yol Təmir-Tikinti İdarəsinin kollektivi isə Şərur şəhərindən Kürkəndə uzanan avtomobil yolunun yenidən qurulması işlərini başa çatdırıb.
* * *
Bu ilin may ayından Şərur şəhərinin Nəriman Nərimanov küçəsindəki 7 nömrəli, 18 mənzilli yaşayış binasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Yeni quruculuq tədbirini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsi həyata keçirir.
İkimərtəbəli yaşayış binasında əvvəlcə taxta arakəsmələr, döşəmə, tavan və dam örtüyü sökülüb, sonra betonlama və hörgü işlərinə başlanılıb, təzə dam örtüyü vurulub, kommunikasiya xətləri çəkilib. Daxildə və fasad hissədə suvaq işləri tamamlanıb. Eyni zamanda otaqların döşəməsinin vurulması, dəhlizlərə və pillələrə travertin üzlük döşənməsi başa çatıb. Hazırda həyətdə abadlıq işləri aparılır, piyadalar üçün səkilər salınır.
İş icraçısı Fərrux İbrahimovun dediyinə görə, yaşayış binasının əvvəlki quruluşundan fərqli olaraq, yenidənqurma işləri zamanı bina sakinlərinin normal yaşayış şəraitini təmin etmək məqsədilə əlavə otaqlar ayrılıb ki, bunlar da binadakı hər mənzil üçün ayrıca mətbəx, hamam və digər sanitariya yerlərinin olmasına imkan verəcəkdir. Bundan başqa, ətrafdakı boş sahələr hesabına binanın həyətinin genişləndirilməsi işlərinə də başlanılıb.
Şərur şəhərinin Heydər Əliyev prospektindəki 50 nömrəli, 24 mənzilli yaşayış binasında da yenidənqurma işləri aparılır. İnşaatçılar hər iki obyektin vaxtında istifadəyə verilməsi üçün səylə çalışırlar.
Cəfər ƏLİYEV