Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı bütün sahələri əhatə edir. Həyata keçirilən tikinti-quruculuq tədbirləri isə bu inkişafın əsas hərəkətverici qüvvəsidir. Bu sahədə atılan uğurlu addımlar sakinlərin yaşayış səviyyələrinin yüksəldilməsi ilə yanaşı, Naxçıvan şəhərinin simasını da ildən-ilə gözəlləşdirir. Xüsusilə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin nəticəsidir ki, son illər şəhərimizdə yeni yaşayış kompleksləri yaradılıb, çoxsaylı yaşayış binaları əsaslı təmir və yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib. Yeni tikilən yaşayış binalarının sırasına bir bina da qoşulub. Belə ki, Heydər Əliyev prospektində daha bir yaşayış binasının tikintisinə başlanılıb.
Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olacaq binanın tikintisi Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən aparılır. İş icraçısı Zamin Şükürovun verdiyi məlumata görə, yaşayış binasının ilk iki mərtəbəsində hörgü işləri yekunlaşıb, hazırda dördüncü və beşinci mərtəbələrdə beton-qəlib işləri görülür. Bina hər mərtəbəsində iki ikiotaqlı, iki üçotaqlı və bir birotaqlı olmaqla, ümumilikdə, 30 mənzildən ibarət olacaq, birinci mərtəbədə isə mağaza və xidmət obyektləri fəaliyyət göstərəcək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” çərçivəsində həyata keçirilən tədbirlərin bir qismini də şəhərin yollarının abadlığı təşkil edir. Hazırda “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən Əziz Əliyev küçəsindən Naxçıvan Şəhər Avtovağzal Kompleksi istiqamətində, eyni zamanda avtovağzal kompleksindən başlayaraq İslam Səfərli və Nizami küçələri boyunca uzanan avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Hələlik, 1 kilometr məsafədə aşınma işləri aparılır, torpaq sahəsi bərkidilir. İslam Səfərli küçəsində isə yol yatağı genişləndirilir. İşlər başa çatdıqdan sonra avtomobillərin və piyadaların rahat hərəkəti və təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq.
Xatırladaq ki, bu yaxınlarda Naxçıvan şəhərinin “İstiqlal” küçəsində avtomobil yolu yenidən qurulub, yolun eni 13,88 metrdən 18,30 metrə, bəzi yerlərdə isə 23,98 metrədək genişləndirilib, yola 12 santimetr qalınlığında asfalt örtük salınıb.
Səbuhi HƏSƏNOV