Muxtar respublikamızda yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti nəticəsində əhali gəlirləri artmaqdadır.
Aparılan təhlillər göstərir ki, bu istiqamətdə görülən tədbirlərin nəticəsində cari ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq 927 milyon 951 min manata yaxın olub, onun hər bir nəfərə düşən həcmi isə 1,4 faiz yüksələrək 2125 manat təşkil edib. Əhali gəlirlərinin belə yüksələn dinamikasını təkcə cari ilin ilk altı ayının yekunları ilə müqayisə etdikdə isə 172 milyon 935 min manat artım müşahidə olunmaqdadır. Əhali gəlirlərinin dinamikasını müəyyən edən digər mühüm bir göstərici olan onun hər bir nəfərə düşən hissəsində də bu artım qorunub saxlanılıb. Belə ki, bəhs olunan dövrdə əldə olunmuş 2125 manatlıq gəlir səviyyəsi bundan bir ay əvvəlki dövrə nisbətən 394 manat çoxdur.
Qeyd edək ki, iyul ayının yekunlarına əsasən, muxtar respublikada orta aylıq əməkhaqqının məbləği 382,5 manata çatıb ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 2,1 faiz çoxdur.
Xəbərlər şöbəsi