Muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı mövcud imkanlardan səmərəli istifadə edilməsinə, əkin dövriyyəsinin genişləndirilməsinə şərait yaradıb. Regionun mürəkkəb iqlim şəraitində əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsində, yetişdirilən məhsulun vaxtında və itkisiz toplanılmasında müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) kənd təsərrüfatının müasir texnikalarla təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir, cins mal-qaranın alınaraq muxtar respublikaya gətirilməsini və lizinq yolu ilə fermerlərə verilməsini təmin edir.
Bu ilin payız mövsümündə də “Naxçıvan Aqrolizinq” ASC muxtar respublikada aparılacaq kənd təsərrüfatı işlərinə tam hazırdır. Cəmiyyətdən aldığımız məlumata görə, 190 ədədi 2014-cü ildə olmaqla, 1435 ədəd müxtəlif təyinatlı müasir kənd təsərrüfatı texnikaları və avadanlıqlar cəmiyyət tərəfindən alınaraq muxtar respublikaya gətirilib. “Naxçıvan Aqrolizinq” ASC və onun Şərur, Babək, Culfa, Sədərək, Kəngərli, Ordubad, Şahbuz rayon bazalarında icarəyə verilmiş 156 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası vardır. Gələn ilin bol məhsulu üçün bu texnikaların gücündən səmərəli istifadə ediləcəkdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına texnikanın lizinq yolu ilə satılması onlara uzunmüddətli dövrdə görüləcək işlər üçün mühüm dəstəkdir. Ümumiyyətlə isə indiyədək muxtar respublikada nağd, köçürmə və lizinq yolu ilə satılan texnika, texnoloji avadanlıqların sayı 1124 ədəd olub.
Xəbərlər şöbəsi