Culfa rayonunun quruculuq xəritəsi hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Öncə onu qeyd edək ki, ötən illər ərzində rayonun müxtəlif yaşayış məntəqələrində bir sıra yeni obyektlər istifadəyə verilib. Bu da həmin məntəqələrdə olan problemləri aradan qaldırmaqla kəndlərin simasını da dəyişdirib. Quruculuq tədbirləri “Muxtariyyət ili”ndə də bölgənin bir neçə kəndində davam etdirilir. Belə yaşayış məntəqələrindən biri Bənəniyar kəndidir. Rayonun ən böyük kəndlərindən biri olan Bənəniyarda aparılan kompleks quruculuq tədbirlərinə mart ayında start verilib.
Burada kənd tam orta məktəbi, uşaq musiqi məktəbi və xidmət mərkəzi üçün binalar inşa olunur, kənd mərkəzi və həkim ambulatoriyası binaları yenidən qurulur. Quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Onlara hərtərəfli şərait yaradılıb.
Məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Məlumat üçün bildirək ki, mövcud məktəb binasının 1 korpusu saxlanılıb, əlavə korpuslar inşa edilib. Yenidən qurulan məktəb binası 648 şagird yerlik nəzərdə tutulub. Təhsil ocağının yeni binasında geniş və işıqlı sinif otaqları, kitabxana, idman zalı, kompüter otağı və elektron lövhəli siniflər, laboratoriya müəllim və şagirdlərin ixtiyarına veriləcək. Yaxınlıqda inşa edilmiş musiqi məktəbinin binası da zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Hazırda binada son tamamlama işləri görülür.
Kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası da bənəniyarlılara dövlətimizin növbəti qayğısıdır.
Obyektlərin inşası başa çatdırıldıqdan sonra ərazi abadlaşdırılacaq, yaşıllıq zolaqları, gülkarlıqlar salınacaq.
Xəbərlər şöbəsi