Müasir dövrdə davamlı inkişafın təmin edilməsində əhalinin sağlamlığı, yüksək həyat şəraitinin təmin edilməsi, düzgün məşğulluq siyasətinin həyata keçirilməsi nəticəsində yoxsulluq və işsizlik səviyyəsinin minimuma endirilməsi vacib məsələlərdən hesab olunur. Bazar iqtisadiyyatında məşğulluğun tənzimlənməsi səmərəli iqtisadi fəaliyyətin nizamlanmasına mühüm təsir etməklə yanaşı, həm də daim artan ehtiyacların ödənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də müasir iqtisadi şəraitdə dövlətimizin makroiqtisadi siyasətinin əsas hədəflərindən biri əmək qabiliyyətli əhalinin məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir.
Məşğulluq siyasəti ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişaf strategiyasının ən mühüm tərkib hissələrindən biri olmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu bu istiqamətdə dövlət siyasətini müəyyən etmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, 2007-ci il 15 may tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” və 2011-ci il 15 noyabr tarixli Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2011-2015-ci illər)” ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsinə real imkanlar yaratmaqdadır. Azərbaycan Respublikası regionlarının 2004-2008-ci və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının, 2008-ci il 15 sentyabr tarixli Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrası nəticəsində əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə, ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və bu tədbirlər hazırda da davam etdirilir.
Sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasında da formalaşdırılmış möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi, insanların etibarlı sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət daşıyır. Regionda sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi və dərinləşməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə mümkün zəruri tədbirlərin uğurla reallaşmasına da yeni imkanlar açır. Sosial-iqtisadi problemlərin həlli, yoxsulluğun azaldılması, işgüzar fəallığın yüksəldilməsi, habelə məşğulluğun artırılması istiqamətində muxtar respublikada son illər ərzində uğurlu addımlar atılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilən və muxtar respublikanın sosial-iqtisadi inkişaf istiqamətlərini özündə əks etdirən dövlət proqramlarından irəli gələn vəzifələrin həyata keçirilməsi Naxçıvanın davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, məşğulluğun təmin edilməsi üçün geniş imkanlar açmışdır. Son on ildə muxtar respublikada Ümumi Daxili Məhsulun həcmi 13,9 dəfə, hər bir nəfərə düşən Ümumi Daxili Məhsul 12 dəfə artmışdır. İqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlər əhalinin rifah səviyyəsinin davamlı yüksəlişinə səbəb olmuşdur. “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhatə etdiyi ötən beş ildə Ümumi Daxili Məhsulun real həcmi 2,9 dəfə artaraq 2 milyard 338 milyon 928 min manata çatmış, hər bir nəfərə düşən minimal həcmi 2,7 dəfə artaraq 5 min 423 manat təşkil etmişdir. Məşğulluq imkanlarının genişlənməsi, habelə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının 1,6 dəfə artaraq 376,6 manata çatması əhalinin gəlirlərinin yüksəlməsi ilə nəticələnmiş və 2013-cü ildə 1 milyard 737 milyon manatdan çox olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son beş ildə muxtar respublikada 22 min 296 yeni, o cümlədən 19 min 215 daimi iş yeri açılmışdır. Ümumilikdə isə son on ildə əhalinin gəlirləri 10,2 dəfə, orta aylıq əməkhaqqı 9,8 dəfə artmış, 58 mindən çox yeni iş yeri yaradılmışdır. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində istehsal olunan məhsulların çeşidi artmış, ixracın həcmində müsbət dəyişikliklər baş vermişdir.
Məşğulluq problemlərinin həll edilməsində əsas məsələlərdən biri də muxtar respublika əhalisinin əsas hissəsinin kəndlərdə yaşaması və bu əhalinin məşğulluq potensialından düzgün istifadə edilməsini təmin etməkdən ibarətdir. Bu baxımdan 30 yanvar 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Ali Məclisin Sədri İqtisadiyyat və Sənaye Nazirliyinin qarşısına konkret vəzifələr qoyaraq demişdir: “Nazirlik sənaye parklarının yaradılması istiqamətində işləri sürətləndirməli, sənaye müəssisələri yaradılarkən muxtar respublikanın bütün rayonlarının mövcud imkanları nəzərə alınmalıdır. Kəndlərdə məskunlaşmaya və məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edən xalq tətbiqi sənətinin müxtəlif sahələrinin, yaxud yerli təsərrüfatçılıq ənənələrinə əsaslanan kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmalıdır”. Yeri düşmüşkən qeyd edək ki, təkcə 2013-cü ildə muxtar respublikada bank və kredit təşkilatları tərəfindən sahibkarlara 49 milyon 765 min manatdan çox kreditlərin verilməsi nəticəsində 2260 yeni iş yeri açılmışdır ki, bunun da 2092-si daimi iş yerləridir.
Müasir dövrdə əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində atılmış uğurlu addımlardan biridir. Proqramın qəbul edildiyi vaxtdan indiyədək muxtar respublikada təşkil olunan əmək yarmarkalarına 479 müəssisədən 4645 boş iş yeri çıxarılmışdır ki, bu iş yerlərinə də 789 nəfərə göndəriş verilmişdir. Ali Məclis Sədrinin 1 sentyabr 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” isə bu sahədə məqsədyönlü dövlət siyasətini ortaya qoymaqla bərabər, həm də yaxın gələcək üçün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yaradacaq.
Səbuhi HƏSƏNOV