22 Dekabr 2024, Bazar

1970-85-ci illər Naxçıvanda iqtisadiyyatın sürətli yüksəlişi və sənayeləşməsi ilə xarakterizə olunur

1924-cü ildə Naxçıvana Azərbaycan Respublikasının tərkibində muxtariyyət statusunun verilməsi siyasi əhəmiyyəti ilə yanaşı, bu diyarın ictimai, mədəni və iqtisadi inkişafı baxımından da böyük önəm daşıyır. Muxtar respublika iqtisadiyyatının inkişaf dinamikasının ayrı-ayrı tarixi dövrlər üzrə təhlili göstərir ki, əldə edilən iqtisadi nailiyyətlərin, demək olar ki, böyük əksəriyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində qazanılmışdır və bütövlükdə, Naxçıvan iqtisadiyyatının bugünkü tərəqqisi onun adı ilə bağlıdır. 

Araşdırmalar göstərir ki, muxtar respublikanın yaranmasından II Dünya müharibəsinəqədərki dövr ərzində Naxçıvan iqtisadiyyatında əsaslı dəyişikliklər müşahidə edilməmişdir. Halbuki Naxçıvanın keçmiş təsərrüfatçılıq ənənələri də nəzərə alınmaqla “kollektivləşmə”, “sənayeləşmə”, “iqtisadiyyatın sosialist əsasları üzərində inkişafı” tezislərinin iqtisadiyyata hakim kəsildiyi bir dövrdə gözləmək olardı ki, sovet hökuməti muxtar respublikanın sosial-iqtisadi inkişafına daha çox diqqət yetirəcək və bu regiona sərmayə qoyuluşlarını artırmaqla, burada sənayeləşdirmə siyasətini həyata keçirməklə mövcud olan iqtisadi geriliyi aradan qaldırmağa çalışacaqdır. Lakin tarixi inkişafın gedişini əks etdirən materialların, statistik məlumatların təhlili göstərir ki, Naxçıvan iqtisadiyyatına bu mərhələdə real vəziyyətə adekvat olan lazımi səviyyədə diqqət göstərilməmiş, nəticədə, buranın iqtisadi göstəriciləri respublikanın orta göstəricilərindən xeyli geri qalmışdır. Muxtar respublika iqtisadiyyatının inkişafına maneçilik törədən əsas amillərdən biri də onu ölkənin digər regionları ilə birləşdirən nəqliyyat infrastrukturunun, xüsusilə dəmir yolunun olmaması idi.

Tərəddüdlü və qeyri-sabit inkişafla xarakterizə edilən 1941-1969-cu illərdə isə təsərrüfatın inkişafı ilə bağlı mərkəzi hökumət tərəfindən müəyyən qərarlar qəbul edilməsinə və bəzi infrastruktur layihələrinin həyata keçirilməsinə baxmayaraq, iqtisadiyyatdakı geriliyi aradan qaldırmaq mümkün olmamışdır. 1941-ci ildə Mincivan-Culfa dəmir yolunun tikintisinin başa çatdırılması və istifadəyə verilməsindən sonra Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqələrinin güclənməsi onun iqtisadiyyatında müəyyən qədər artımın olmasına şərait yaratmalı idi. Kiçik yağ və pendir zavodları, mərmər və mebel sexləri, Badamlı Mineral Sular Zavodu, Qarabağlar və Xok kəndlərində muxtar respublikada ilk dəfə olaraq kənd elektrik stansiyaları istifadəyə verilsə də, bunlar Naxçıvan iqtisadiyyatının ölkə üzrə mövcud geriliyini aradan qaldıra bilməmişdir. Beşinci beşilliyin direktivlərinə əsasən, sənaye müəssisələrinin nisbətən aşağı səviyyədə inkişaf etmiş regionlarda tikilməsi planlaşdırıldığına görə 1950-ci illərdə Naxçıvanda sənayenin yerləşməsində də müəyyən irəliləyişlərin baş verməsini gözləmək olardı. Eyni zamanda 1954-cü ilin dekabrında Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan rəhbərliyi tərəfindən “1955-60-cı illərdə Naxçıvan MSSR-də kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında” xüsusi qərar qəbul edilməsi burada iqtisadiyyatın canlanması üçün şərait yaratmalı idi. Lakin həmin qərarın icrasının vaxtında təmin edilməməsi nəticəsində kənd təsərrüfatında baş verən geriləmə emal sənayesində də durğunluq və tənəzzülə səbəb olmuşdu. Bütün bunlara görə Naxçıvan iqtisadiyyatının 1950-1965-ci illərdəki inkişafı natamam və ziddiyyətli xarakter daşımışdır.
Tarixi geriliyin aradan qaldırılması zəruriliyi sonrakı dövrlərdə iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilməsini və onun sürətlə inkişaf etdirilməsini tələb edirdi. Bu missiyanı 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən görkəmli dövlət xadimi Heydər Əliyev öz üzərinə götürdü. Ulu öndərin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq respublikanın bütün regionları kimi, iqtisadiyyatı bərbad vəziyyətdə olan Naxçıvanın da sosial-iqtisadi həyatında ən yüksək inkişaf mərhələsinin möhkəm təməli qoyulmuşdur. Təkcə bir faktı göstərmək kifayətdir ki, 1970-1985-ci illərdə Naxçıvan iqtisadiyyatına bütövlükdə 900 milyon manat sərmayə qoyulmuşdur.
1970-85-ci illər eyni zamanda Naxçıvanda iqtisadiyyatın sürətli yüksəlişi və sənayeləşməsi ilə xarakterizə olunur. Həmin illərdə İranla birgə Araz çayı üzərində elektrik stansiyası, respublika əhəmiyyətli alt trikotaj fabriki, yeni mineral sudoldurma zavodu, şüşə zavodu, taxıl məhsulları kombinatı, iri evtikmə kombinatı, dəmir-beton məmulatları zavodu, Şahtaxtı daş karxanası, kərpic zavodu, bir neçə ilkin şərabçılıq müəssisəsi, süd zavodu, bütövlükdə, 21 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Naxçıvan Xalça Kombinatının, Şərur Konserv Zavodunun tikintisi başa çatdırılmışdır. Elektrotexnika zavodunun, Ordubad Konserv Zavodunun, ipək fabrikinin yenidən qurulması və genişləndirilməsi işləri həyata keçirilmişdir. Ümummilli liderin həyata keçirdiyi bu işlərin nəticəsi idi ki, artıq 1985-ci ildə Naxçıvan sənayesi 100-dən çox müəssisə ilə, o cümlədən 50 müstəqil balansa malik iri dövlət müəssisəsi ilə təmsil olunurdu.
Məhz dahi rəhbərimizin sayəsində tikilmiş Araz Su Elektrik Stansiyası müstəqilliyin ilk illərində blokada vəziyyətinə salınmış Naxçıvanı tamamilə enerjisiz qalmaq təhlükəsindən xilas etmiş və ən zəruri tələbatlar müəyyən müddət həmin stansiya vasitəsilə ödənilmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyevin quruculuq fəaliyyəti nəticəsində 1985-ci ildə Naxçıvanda istehsal edilən sənaye məhsulunun həcmi 1970-ci ilə nisbətən 4,6 dəfə çoxalmış, respublika sənayesində payı isə 2,3 faizə yüksəlmişdir. 1985-ci ildə Azərbaycanda istehsal edilən daş duzun hamısı, alt trikotaj məmulatlarının və mineral suların əksəriyyəti, konservlərin 6 faizi, ipək xammalının 23 faizi, üzlük travertin tikinti materiallarının və butulka istehsalının hamısı, şərab məhsullarının xeyli hissəsi Naxçıvan Muxtar Respublikasının payına düşürdü.
Bu dövrü fərqləndirən əsas cəhət isə ondan ibarətdir ki, muxtar respublikada tarixən mövcud olmuş sahələr inkişaf etdirilməklə bərabər, yeni istehsal sahələri də yaradılmış, energetika, dağ-mədən, maşınqayırma və metal emalı kimi mütərəqqi sənaye sahələri sürətlə inkişaf etmişdir. Azərbaycanda mövcud 16 iri sahə istehsal kompleksindən 11-i Naxçıvanda yaradılmışdı.
Sənaye ilə yanaşı, həmin dövrdə kənd təsərrüfatında da mühüm irəliləyişlərin əsası qoyulmuşdur. Belə ki, 1970-ci ilə nisbətən 1985-ci ildə üzümlüklərin sahəsi 7,3 min hektardan 13,8 min hektara, meyvə bağları 1,9 min hektardan 2,6 min hektara, yem bitkilərinin sahəsi 9,1 min hektardan 13,5 min hektara qədər artmışdı. Bu dövrdə əkinçilik və heyvandarlıq məhsullarının ümumi həcmi 1,7 dəfə, o cümlədən üzüm istehsalı 6,64 dəfə, tərəvəz 1,7 dəfə, meyvə 24 faiz, taxıl istehsalı 1,63 dəfə çoxalmışdı.
1980-ci ilin mayında muxtar respublika partiya və təsərrüfat fəallarının yığıncağında ulu öndər Heydər Əliyev artıq muxtar respublika iqtisadiyyatında mühüm müvəffəqiyyətlər qazanıldığını diqqətə çəkərək bu inkişafın son nəticə olmadığını, Naxçıvanın xalq təsərrüfatının daha da inkişaf etdirilməsinə dair proqramın hazırlandığı barədə məlumat vermiş və bildirmişdi ki, proqramın əsas məqsədi gələcəkdə diyarın daha yüksək sürətlə inkişafını təmin etmək, onu Azərbaycanın ən qabaqcıl regionlarından birinə çevirməkdən ibarətdir. Görkəmli dövlət xadimi Heydər Əliyev bunun üçün muxtar respublikanın sənaye potensialını durmadan artırmaq, yeni sənaye obyektləri yaratmaq, mövcud obyektlərin fəaliyyətini gücləndirmək kimi məsələlərin qarşıda dayanan ən vacib vəzifələr olduğunu göstərirdi.

Bütün bunları xatırlayaraq ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasının 75 illik yubiley tədbirində qürur hissi ilə qeyd edirdi: “Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada da öz əsərlərimi görürəm. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir və sair və sair və sairdir”.

Müslüm CABBARZADƏ
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR