Regionumuzun ən ucqar dağ və sərhəd kəndləri də daxil olmaqla, qədim diyarımızın hər bir guşəsi bu gün müasir yaşayış məntəqəsi timsalındadır. Davamlı xarakter alan hərtərəfli dövlət qayğısı hesabına Ordubad rayonu da bu gün muxtar respublikanın yeni inkişaf mərhələsinin ön sıralarındadır.
Bölgədə elə bir yaşayış məntəqəsi tapmaq olmaz ki, orada quruculuq nəfəsi duyulmasın. Onu da xüsusi vurğulamaq lazımdır ki, rayonun relyefinin mürəkkəbliyi burada aparılan quruculuq işlərində çalışanları müəyyən çətinliklər qarşısında qoysa da, qurub-yaratmaq əzmi həmin çətinliklərə qalib gəlir. Görülən işlər isə, təbii ki, mövcud problemləri həll etməklə yanaşı, insanların məşğulluğunun təmin edilməsinə də müsbət təsirini göstərir, onların qurub-yaratmaq əzmini daha da gücləndirir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də rayonda bir neçə ünvanda belə tədbirlər davam etdirilir.
Güclü maarifçilik ənənələri olan Ordubad şəhər 3 nömrəli tam orta məktəb üçün yeni binanın inşasına başlanılması həm məktəbin pedaqoji kollektivinin, həm də valideynlərin böyük sevincinə səbəb olub. 774 şagird yerlik məktəb binasının tikintisi “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Obyekt zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Hazırda tikinti işləri dördüncü mərtəbədə davam etdirilir.Yeni məktəb binasında laboratoriyalar, hərbi kabinə, 48 sinif otağı, 4 elektron lövhəli sinif, 4 kompüter sinfi,165 kvadratmetr sahəsi olan idman zalı, 2 müəllimlər otağı, 2 bufet müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Rayonun Aşağı Əylis kəndində də yeni məktəb binası tikilir. Bu obyektlərin tikintisi başa çatdıqdan sonra bölgədə yeni bina ilə təmin olunan təhsil ocaqlarının sayı 23-ə çatacaq. Məlumat üçün bildirək ki, Aşağı Əylis kənd tam orta məktəbinin binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Binada son tamamlama işləri görülür, ərazidə abadlıq işləri aparılır.
Rayonda aparılan quruculuq tədbirləri məktəb tikintiləri ilə məhdudlaşmır. Elə adıçəkilən yaşayış məntəqəsində 2 mərtəbədən ibarət kənd mərkəzi inşa olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları kəndə xüsusi yaraşıq verəcək hər iki obyektin tikintisində fəallıq göstərərək gördükləri işin keyfiyyətinə ciddi diqqət yetiriblər. Bu obyektdə də son tamamlama işləri görülür. Adıçəkilən tikinti təşkilatının bir qrup inşaatçısı isə Ordubad şəhərindəki 34 nömrəli yaşayış binasının əsaslı təmiri ilə məşğuldur. Binanın köhnə suvaq qatı sökülərək yenisi çəkilir, dam örtüyü dəyişdirilir, balkonlar işlənir, pəncərələr daha keyfiyyətliləri ilə əvəz olunur.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin rəisi Əkrəm Salmanovla söhbət zamanı onu da öyrəndik ki, idarənin bir qrup inşaatçısı ucqar dağ kəndi Nürgütdə kənd mərkəzinin inşası və Ordubad şəhərində rayon Suvarma Sistemləri İdarəsi binasının təmiri ilə məşğuldur. Bu tədbirlərdə də idarənin inşaatçıları keyfiyyət amilinə ciddi diqqət yetirirlər. Qeyd edək ki, quruculuq tədbirlərindən rayonun Vergilər Şöbəsinə də pay düşüb. Binanın əsaslı təmiri başa çatdırılıb. Bu iş “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirilib.
Xəbərlər şöbəsi