İlk təəssüratın ünvanı
İndi bu qalanın “qapısı”nı daha ürəklə, cəsarətlə, qürurla açmaq olur: qardaş Türkiyə Respublikasından “Ümid körpüsü” vasitəsilə Sədərəyə daxil olan qonaqlar Naxçıvan Muxtar Respublikası haqqında ilkin təəssüratı burdan almağa başlayırlar. Sədərək-Naxçıvan magistralı ilə hərəkət etdikcə hara baxırlarsa, rahat, geniş yollar, gözəl təbiət mənzərələri, bağ-bağatlar, bir-birindən yaraşıqlı binalar, park və xiyabanlar, milli-memarlıq üslubunda ucaldılmış tikililər görürlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu bölgədə olarkən xüsusi vurğulayıb ki, Sədərək başqa rayonlardan fərqlənir. Çünki bu bölgə sərhəddə yerləşir və elə hər iş də, təəssürat da sərhəddən başlanır. Ona görə də Sədərəyə xüsusi diqqət, qayğı var.
2012-ci il bütövlükdə ölkəmizin həyatında olduğu kimi, Sədərək rayonunun sosial-iqtisadi və mədəni həyatında da əlamətdar və yaddaqalan olmuşdur. Əsas cəhət odur ki, bütün sahələrdə əvvəlki illərlə müqayisədə irəliləyiş əldə edilmiş, aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri daha sistemli və ardıcıl xarakter almışdır. Bu günlərdə rayonda olduq, idarə, müəssisə və təşkilatlara baş çəkdik. Adamlarla danışdıq, onların əhval-ruhiyyəsi ilə maraqlandıq. Hər yerdə yüksək əhval-ruhiyyənin, adamların sabaha dərin inam və ümidinin şahidi olduq.
Bizi daha çox maraqlandıran isə bunlar idi: həyatın bütün sahələrində uğurlu nəticələr əldə edilmişdir. Konkret olaraq bu nəticələr nədən ibarətdir? İşin daha yaxşı təşkili üçün görülmüş və görüləsi tədbirlər, qarşıda duran vəzifələr hansılardır?
Uğurları əks etdirən statistika
Ötən müddətdə Azərbaycan Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladıqları Dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin reallaşdırılması Sədərəyin uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır. Ölkəmizdə, eləcə də muxtar respublikamızda yeridilən siyasətin mahiyyətindən irəli gələrək ötən illərdə rayonda qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial-rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, təhsil və səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə mane olan süni maneələrin aradan qaldırılmasından ibarətdir. Bu illərdə rayon üzrə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir.
Son illər sürətli sosial-iqtisadi inkişaf yolunda uğurlu nailiyyətləri ilə muxtar respublikanın qabaqcıl regionları sırasına çıxmış Sədərək rayonunda 2012-ci ildə də qarşıda duran vəzifələr layiqincə yerinə yetirilmişdir. Bunu ötən ilin statistik rəqəmləri də təsdiqləyir.
2012-ci ildə əvvəlki illə müqayisədə sənaye məhsulu istehsalı 7,2 faiz artaraq 3 milyon 972,5 min manata, kənd təsərrüfatı məhsulları istehsalı 6,6 faiz artaraq 11 milyon 604,6 min manata yüksəlmişdir.
Ötən il pərakəndə əmtəə dövriyyəsinin həcmi 25 milyon 261,6 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 20 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2011-ci ilin səviyyəsini 18,4 faiz üstələyərək 3 milyon 114,5 min manat olmuşdur. 2012-ci ildə tikinti-quraşdırma işlərinin həcmi 22 milyon 980,4 min manata, əsas kapitala yönəldilən investisiyalar 24 milyon 628,9 min manata çatmışdır. 2011-ci illə müqayisədə tikinti-quraşdırma işlərinin həcmi 7,9 faiz, əsas kapitala yönəldilən investisiyaların məbləği 6,4 faiz artmışdır.
Rayon üzrə orta aylıq əməkhaqqının artım dinamikası da qalmaqdadır. 2012-ci ildə 387,2 manat təşkil edən orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 12,6 faiz çoxdur. İl ərzində rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olanlardan 66 nəfəri daimi işlə təmin edilmişdir.
Yeni obyektlər sərhəd bölgəsini daha da gözəlləşdirib
Rayonda yeni obyektlərin sayı ilbəil artır. Bir faktı xüsusi qeyd etmək lazımdır ki, bu obyektlər özünün orijinallığı ilə seçilir.
Belə obyektlərdən biri ötən il rayon mərkəzi Heydərabad qəsəbəsində ucaldılan Uşaq-Gənclər Şahmat Məktəbinin binasıdır. Öz qapılarını şahmatsevərlərin üzünə açan bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Yeni binada 7 sinif otağı, kompyuter, müəllimlər, direktor, hakim otaqları və oyun zalı vardır.
Sinif otaqlarında, oyun zalında hər cür şərait yaradılmış, mebel dəstləri və tədris ləvazimatları qoyulmuş, maqnitli lövhələr quraşdırılmışdır.
Tikinti-quruculuq işləri rayon mərkəzi Heydərabad qəsəbəsi ilə yanaşı, bölgənin kənd yaşayış məntəqələrində də davam etdirilmişdir. Ötən il noyabr ayının 30-da Sədərək kəndində bir neçə obyektin açılışı olmuşdur.
Yeni kənd mərkəzinin binası daha möhtəşəmdir. Burada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi və 75 yerlik tədbirlər zalı yerləşir.
Sədərək kəndindəki uşaq bağçası üçün yeni bina tikilməsi dövlətimizin bu sahəyə göstərdiyi qayğının daha bir nümunəsidir. Bina müasir memarlıq üslubunda inşa olunmuşdur. 65 yerlik bağçada 4 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 8 müəllim-tərbiyəçi məşğul olur. Bağçanın həyətində müasir uşaq-əyləncə meydançaları və istirahət guşələri yaradılmışdır.
Sədərək kəndində istifadəyə verilən Ticarət, xidmət mərkəzi və bazar kompleksi də rayon sakinlərinin ən çox üz tutduqları ünvanlardandır. Kənd əhalisi ticarət mərkəzində 2 ət satışı yerindən, 2 əczaxanadan, 4 sənaye, 32 ərzaq, 6 təsərrüfat malları, 4 məişət cihazlarının satışı, mebel və geyim mağazalarından, baytarlıq aptekindən istifadə etmək imkanı qazanmışdır.
Bazar hissəsinin sahəsi 144 kvadratmetr olan kompleksdə, əsasən, kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir. Bunun üçün 24 yer ayrılmışdır. Burada müxtəlif xidmət sahələri də var. Belə ki, kompleksdə 6 bərbərxana, dərzi sexi və fotostudiya fəaliyyət göstərir. Burada çay evi və firma mağazası da yaradılmış, bankomat quraşdırılmışdır.
Hazırda rayonda içməli su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilir.
Aqrar sahə inkişaf yolundadır
Sədərək kənd təsərrüfatı rayonudur. Bölgədə daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Ötən il torpaq mülkiyyətçiləri 2125 hektar sahədən 6120 ton taxıl tədarük etmişlər. Bu, əvvəlki illə müqayisədə 15 ton çoxdur. Tədarük edilən taxılın 3540 tonu buğda, 2580 tonu arpa olmaqla, hektarın məhsuldarlığı 28,8 sentnerə çatdırılmışdır.
Rayonda ötən il kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsi 3574 hektar olmuşdur. 1701 ton kartof, 4838 ton tərəvəz, 2120 ton bostan məhsulları, 610,4 ton dən qarğıdalı, 39,9 ton günəbaxan, 99 ton paxlalı, 619 ton meyvə, 1295 ton üzüm istehsal edilmişdir.
Heyvandarlıq da inkişaf mərhələsindədir. Hazırda rayonda 2682 baş qaramal, 15 min 490 baş davar saxlanılır. Keçən il 392 ton ət, 1713 ton süd, 20,3 ton yun və 1 milyon 340 min ədəd yumurta istehsal olunmuşdur.
Kənd təsərrüfatında əkinçiliyin inkişaf etdirilməsi üçün suvarma işlərinin əsas rol oynadığı nəzərə alınaraq su itkisinin qarşısını almaq üçün 2500 metr uzunluğunda bəndbərkitmə işləri aparılmış, 58 min 150 kubmetr həcmində ana arx və beton kanallarda lildən təmizləmə işləri görülmüş, 700 metr uzunluğunda suvarma xətti çəkilmişdir.
Son illər kənd təsərrüfatı sahəsində çalışan torpaq mülkiyyətçilərinin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Sədərək rayon bazasının yaradılması sədərəklilərin ürəyincə olmuşdur. Sərhəd bölgəsinə davamlı qayğının digər bir ifadəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlara müxtəlif kreditlərin verilməsidir. Ötən il 483 torpaq mülkiyyətçisi 475 min 300 manat güzəştli kredit almışdır.
Qayğı bütün sahələri əhatə edir
Ölkəmizdə məktəbə, elmə, təhsilə diqqət və qayğı daha da artırılmışdır. Muxtar respublikamızda da yeni-yeni məktəb binalarının tikilməsi və ya yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bunu xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2010-cu ilin oktyabr ayında muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayonunda olması, yeni salınmış Heydərabad qəsəbəsinin, 2 nömrəli məktəb binasının açılışlarında iştirak etməsi bölgə sakinlərinin hafizəsində dərin iz buraxmışdır.
594 şagird yerlik 2 nömrəli Sədərək kənd tam orta məktəbinin yeni binasında 33 sinif otağı var. Müəllim və şagirdlər internetə qoşulmuş 31 kompyuterdən, zəngin kitabxanadan istifadə edirlər. Burada həm də 2 elektron lövhəli sinif yaradılmışdır.
Təqdirəlayiq haldır ki, təlim-tərbiyə müəssisələrinə göstərilən bu qayğı tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə müşayiət olunur. Ötən tədris ilində ali məktəblərə qəbul imtahanlarında 29 nəfər abituriyentin uğur qazanması bunu deməyə əsas verir.
Sədərək kəndinin mərkəzindəki rayon mərkəzi xəstəxanasının binası ən müasir tələblərə cavab verir. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan xəstəxana 26 çarpayılıqdır. Bu şəfa ocağının görüntüsü uzaqdan diqqəti çəkir. Burada xəstələrin müalicə olunması üçün müasir tibbi avadanlıqlar və şərait var. Bu da əhalinin müalicə üçün başqa yerlərə getməsinin aradan qaldırılmasına geniş imkanlar açmışdır. Yeri gəlmişkən onu da deyək ki, vaxtında həyata keçirilmiş tədbirlər nəticəsində rayonda sanitar-epidemioloji vəziyyətin sabit saxlanılması nəzarətə götürülmüş və il ərzində xüsusi təhlükəli xəstəliklər qeydə alınmamışdır.
Ötən il rayonda mədəniyyət müəssisələrinin fəaliyyəti daha da gücləndirilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. Mədəniyyət müəssisələrində fəaliyyət göstərən ansambl və özfəaliyyət kollektivləri rayon səviyyəli tədbirləri öz maraqlı konsert proqramları ilə rövnəqləndirmişlər.
2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Sədərək Rayon Şöbəsi tərəfindən 2003 nəfərə 3 milyon 266 min 408 manat pensiya, idarə və təşkilatlarda işləyənlərə müavinət olaraq 113 min 102 manat, ümumiyyətlə, 3 milyon 379 min 510 manat vəsait ödənilmişdir. Həmin dövr ərzində 637 min 688 manat məcburi sosial sığorta haqqı yığılmışdır.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən il ərzində 33 ailənin 121 nəfərinə sosial yardım, 18 nəfərə isə sosial pensiya təyin olunmuşdur. Qaraağac kəndində bir ailəyə fərdi yaşayış evi tikilmiş, 4 müharibə əlilinin hər birinə “NAZ Lifan” markalı minik maşını verilmişdir.
Rabitə xidmətinin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində də tədbirlər ardıcıl olaraq davam etdirilir. Ötən il 62 vətəndaşa telefon xətti çəkilmiş, internet istifadəçilərinin sayı daha da artmışdır. Xidmətin aparıcı sahələri olan elektrik enerjisi, təbii qaz və içməli su təminatını daha da yaxşılaşdırmaq məqsədilə həyata keçirilən tədbirlər əhalinin razılığı ilə qarşılanmışdır.
Yazmağı bizdən...
Sədərək rayonu inkişafının keyfiyyətcə yeni bir dövrünü yaşayır. Əgər hansı torpaqda ev tikilirsə, yurd salınırsa, demək, orada inkişaf var, həyat var. Sədərəkdə bir daha müşahidə etdim ki, bir çox gənclər ev tikir, təsərrüfatlarını bərpa edir və Sədərəyin tərəqqisinə öz töhfələrini verirlər.
Bir sözlə, 2012-ci il sədərəklilərin yaddaşına layiqli əmək nailiyyətləri ilə həkk olunub. Uğurlar sevindiricidir. Hələ bu harasıdır? 2013-cü ildə onlar daha böyük uğurlara imza atacaqlar.
Yazmağı bizdən, görmək istəyənlər isə gəlib özləri görəcəklər...
Cəfər ƏLİYEV