Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatının inkişaf etdirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətindəki işlər davam etdirilməkdədir. Kənd təsərrüfatı sahəsinə dövlət qayğısının artırılması bu vacib məsələnin davamlı həllinə imkan yaradıb. Belə ki, cari ilin ilk 7 ayının yekunlarına əsasən, muxtar respublikada 185 milyon 207 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub, ki, bu da iyun ayının yekunları ilə müqayisədə 84 milyon 953 min manat çoxdur. Həyata keçirilən tədbirlər, habelə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahənin inkişafında mühüm rol oynayıb. Qeyd edək ki, adıçəkilən dövlət proqramında 2015-ci ilədək dənli bitkilərin əkin sahələrinin 38 min hektara çatdırılması, 150 min ton dənli bitkilər istehsal edilməsi nəzərdə tutulub, ət istehsalının 25 min tona, süd və süd məhsulları istehsalının 100 min tona, sənaye üsulu ilə quş əti istehsalı həcminin 3 min tona, yumurta istehsalının isə 70 milyon ədədə çatdırılması qarşıya vəzifə kimi qoyulub.
Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması üçün əkin sahələrinin genişləndirilməsi, heyvandarlıq və digər sahələrin inkişaf etdirilməsi, anbar təsərrüfatının yaradılmasına göstərilən dövlət dəstəyi mühüm əhəmiyyət daşıyır. Nəticədə, təkcə cari ildə muxtar respublikada 2014-cü ilin məhsulu üçün 60 min 829 hektar sahədə əkin aparılıb ki, bunun da 35 min 749,7 hektarı taxıl sahələridir. Ümumiyyətlə, muxtar respublikada ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına daha dolğun şəkildə ödənilməsində dövlət maliyyə dəstəyi göstərilmiş 220 heyvandarlıq, 59 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 9 balıqçılıq, 94 arıçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfatı mühüm rol oynayır.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında ərzaq məhsulları istehsalı ilə yanaşı, onun ehtiyatının yaradılması da mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə hazırda muxtar respublikada ümumi tutumu 12 min 150 ton olan 19 soyuducu anbar fəaliyyət göstərir. Muxtar respublikada əhalini il boyu təzə tərəvəz məhsulları ilə təmin etmək üçün istixana komplekslərinin sayı 12-yə, onların ümumi sahəsi isə 52 min 316 kvadratmetrə çatdırılıb. Taxıl istehsalı ilə yanaşı, bu strateji məhsulun ehtiyatının yaradılması da diqqətdə saxlanılıb, ümumi tutumu 9 min ton olan üç yeni bunker istifadəyə verilib. Bununla da, muxtar respublikada taxıl anbarlarının ümumi həcmi 27 min tona çatdırılıb. Haliyədə isə muxtar respublikada 17 taxıl emalı müəssisəsi fəaliyyət göstərməkdədir.
Əli CABBAROV