22 Dekabr 2024, Bazar

Naxçıvanda quruculuq ünvanları bir-birini əvəz etməkdədir. Muxtar respublikamızda hər il yeni-yeni inzibati və çoxmərtəbəli binalar, fərdi evlər, istehsal və xidmət oybektləri, geniş rahat yollar və körpülər, universitet, orta məktəb, səhiyyə və sağlamlıq ocaqları, kənd mərkəzləri, turizm və xidmət obyektləri tikilməkdədir. Naxçıvan şəhərindən tutmuş ən ucqar yaşayış məntəqəsinədək müasir memarlıq üslubunda tikilib istifadəyə verilən bütün obyektlərdə istifadə olunan ən mühüm inşaat materiallarından biri isə, heç şübhəsiz, Naxçıvan sementidir. Bu, elə bir vacib inşaat materialıdır ki, onsuz nə uca binalar tikilər, nə rahat yollar salınar, nə də gözəl park və xiyabanlar yaradılar.
Naxçıvan təbii sərvətlərlə zəngindir və onlardan səmərəli istifadə olunması muxtar respublika iqtisadiyyatının inkişafı baxımından çox mühüm məsələdir. Bu həm əhalinin artan tələbatının ödənilməsi, həm daxili bazarın yerli imkanlar hesabına ödənilməsi, həm də regionun təbii resursları hesabına yeni iş yerləri yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də günbəgün artan tikinti-quruculuq işlərində yerli inşaat materiallarından istifadənin təmin olunmasını Naxçıvanda həyata keçirilən ən uğurlu layihələr sırasında göstərmək olar.

Gündəlik istehsal gücü 800 ton olan bu zavodda müasir texnologiyaya əsaslanan avadanlıqlar quraşdırılmışdır. Keyfiyyətli sement istehsalı üçün zəruri olan xammal isə Naxçıvanın öz sərvətidir. Kəngərli rayonunun Çalxanqala kəndi ərazisindən gətirilən sement xammalı burada emal olunaraq yüksəkkeyfiyyətli sement kimi satış yerlərinə və beton zavodlara göndərilir. Zavodda olarkən öyrəndik ki, hazırda müəssisə tam gücü ilə fəaliyyətdədir. Bu da təbiidir. Tikinti-quruculuq işlərinin tam qızğın çağında Naxçıvan sementinə də hər yerdə tələbat vardır. İstehsalın fasiləsizliyini təmin edə bilmək üçün burada üçnövbəli iş rejimi tətbiq olunmaqdadır. Məşğulluq göstəricisi baxımından da müəssisə diqqəti cəlb edir: Naxçıvan Sement Zavodunda 260 nəfər işlə təmin olunmuşdur. İşçilərin xüsusi geyim, yeməklə təmin olunduğu zavodda yüksək texniki-təhlükəsizlik, ekoloji təmiz istehsal şəraiti yaradılmışdır. Qeyd edək ki, sement istehsalı müəssisəsi üçün bu, vacib şərtdir. Yüksək temperatur, təzyiq şəraitində həyata keçirilən istehsal prosesinə nəzarət üçün Yaponiyadan alınmış avadanlıqdan istifadə olunur. Almaniyadan alınmış qaz analizatoru avadanlğı vasitəsilə istehsal prosesində istifadə olunan təbii qaza tam avtomatik nəzarət etməklə təhlükəsizlik təmin olunur və enerjiyə qənaət edilir. Atmosferə tullantıların atılmasının qarşısının alınması üçün elektrostatik toztutan və torbalı filtrlər tətbiq olunur. Zavodun ətrafında yaradılmış yaşıllıq zolaqları və səliqə-sahman isə insanların yaddaşındakı həmin o ənənəvi köhnə sement zavod görüntülərindən tamamilə fərqli bir təsəvvür yaradır: zavodun kənarında əkilmiş ağacların yamyaşıl görüntüsü belə deməyə əsas verir.
Bəs Naxçıvan sementinin hansı üstün texniki keyfiyyətləri vardır? Naxçıvan sementi ən yüksək texniki göstərici olan 42,5 indeksli marka ilə istehsal olunur. Zavodda olarkən, ilk növbədə, bunu xammalın keyfiyyəti və texnoloji proseslərə dəqiq əməl olunması ilə izah etdilər. Bu göstəricinin mahiyyətinə gəldikdə isə bunun betonun yüksək möhkəmlik göstəricisi, aşınmağa qarşı davamlılığı, isti və soyuğa qarşı dözümlülüyündən ibarət olduğunu bildirdilər. Söz yox ki, Naxçıvan kimi kəskin kontinental iqlim şəraiti olan, qışda mənfi 30 dərəcə şaxta olan, yayda isə havanın hərarətinin 40 dərəcəyə çatdığı bir yerdə bu, çox vacib şərtdir. Odur ki, istehsal prosesində bunlar ciddi olaraq nəzarətdə saxlanılır.
Zavodda tətbiq olunan texnoloji avadanlıqların sazlığı, vaxtı keçmişlərin yeniləri ilə əvəz olunması daim diqqət mərkəzində saxlanılır. Bu isə, öz növbəsində, istehsal olunan məhsulun maya dəyərinin aşağı olmasına və dolayısı ilə satış qiymətlərinə də təsir edir. Belə ki, 50 kiloqramlıq torbada satılan Naxçıvan sementinin qiymətinin yaxın region ölkələrində və ölkəmizin digər sement zavodlarında istehsal olunan sementdən 20 faizə qədər ucuz olduğunu öyrəndik. Bu rəqəmin inşaat işi aparan şirkətlər və fərdi alıcılar üçün nə qədər əhəmiyyətli olduğunu isə demək artıqdır. Bundan əlavə, zavod sifarişləri vaxtında yerinə yetirə bilmək üçün Naxçıvan şəhəri və ətraf rayonlara daşıma servislərini də həyata keçirir.
Müasir texnologiyaya əsaslanan bir istehsal müəssisəsində görülən bütün bu işləri yüksəkixtisaslı kadr və işçi heyəti olmadan həyata keçirmək, şübhəsiz ki, mümükün deyil. Naxçıvan Sement Zavondunda da bu, belədir. Buradakı texnoloji proseslərə qardaş Türkiyə universitetlərinin mühəndislik fakültələrində təhsil almış, ingilis dilini mənimsəmiş naxçıvanlı gənc­lər rəhbərlik edirlər. İşçi heyətin bacarıq səviyyəsini artırmaq üçün onların Türkiyə və Çində treninq keçmələri təmin olunur. Bundan əlavə, Naxçıvan Sement Zavodunun işçiləri hər il Türkiyə Sement İstehsalçıları Birliyinin təşkil etdiyi birhəftəlik seminarlarda iştirak edir. Qeyd edək ki, bu il belə seminar Naxçıvanda keçirilmiş, burada Türkiyənin sement istehsalçıları ilə yanaşı, ölkə­mizin digər regionlarındakı sement istehsalçıları da iştirak etmişlər. Təcrübə mübadiləsi aparmaq, istehsalın həcmini və məhsulun çeşidini artırmaq üçün bunlar çox vacib tədbirlərdir. Gələcəkdə ixracat imkanlarını artırmaq və xarici bazarlarda yer tuta bilmək üçün Naxçıvan Sement Zavodu yaradılmış bütün imkanlardan istifadə edir.
Naxçıvanda fəaliyyət göstərən hər bir istehsal və xidmət müəssisəsinin region iqtisadiyyatında öz yeri vardır. Hamı öz imkanları çərçivəsində çalışır, Naxçıvanın iqtisadiyyatına güc qatır. Amma muxtar respublikamızda hər bir quruculuq ünvanında, tikilən hər bir yaraşıqlı binanın ərsəyə gəlməsində bir müəssisənin özünəməxsus töhfəsi vardır: bu, 24 saat dayanmadan işləyən Naxçıvan Sement Zavodudur.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR