Bununla, son illərdə inşa olunan və əsaslı təmir edilən binaların sayı qırxı ötəcək
Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində 54 tam orta, 5 ümumi orta, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ən önəmli cəhət ondan ibarətdir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının bölgələrə ən böyük töhfələrindən biri də yeni məktəb binalarının inşası ilə bağlıdır. Son illər Şərur rayonunda 40-dan çox məktəb binası tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib.
Təkcə ötən il 234 şagird yerlik Sərxanlı, 110 şagird yerlik Şahbulaq kənd tam orta məktəbləri üçün yeni binalar tikilib, 1026 şagird yerlik Dəmirçi, 396 şagird yerlik Xanlıqlar, 132 şagird yerlik Gümüşlü kənd tam orta məktəblərinin binaları isə əsaslı şəkildə yenidən qurulduqdan sonra öz qapılarını müəllim və şagirdlərin üzünə açıb. Yeni məktəb binaları müasir tələblərə cavab verən avadanlıqlarla və təlimin texniki vasitələri ilə təmin olunublar.
Dizə kəndi Şərurun böyük yaşayış məntəqələrindən biridir. Bu ilin yazında burada təhsil ocağının yenidən qurulmasına başlanılıb. Artıq o vaxtdan 5 ay keçib. Ötən müddət ərzində obyektdə çox iş görülüb. Binanın suvaq qatı təmizlənib, arakəsmələr, çardaq hissə sökülüb, köhnə qapı-pəncərələr çıxarılıb, binaya yeni korpus əlavə olunub. Yenidən qurulan və zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binasında 12 sinif otağı fəaliyyət göstərəcək. Eyni zamanda burada 2 elektron lövhəli sinif, kompüter otağı yaradılacaq. Fizika, kimya, biologiya laboratoriyaları, hərbi kabinə, kitabxana, müxtəlif fənn kabinələri müəllim və şagirdlərin ixtiyarına veriləcək. İdman zalında lazımi idman qurğuları quraşdırılacaq. Bütün bunlar isə tədrisin səviyyəsinin yüksəldilməsinə şərait yaradacaq.
Rayonun ucqar dağ kəndində – Axurada da tam orta məktəb binası əsaslı təmir olunur. Zirzəmi ilə birlikdə 3 mərtəbəli bina kəndin ən mənzərəli guşəsində yerləşir. Dərs ilinin başlanmasına az qalır. 198 şagird yerlik məktəb binasının tikintisində işlər, demək olar ki, başa çatmaq üzrədir. Binada 12 sinif otağı var. Bufet, kitabxana, kompüter otağı və idman zalı üçün məxsusi yerlər ayrılıb. Fizika, kimya, biologiya laboratoriyaları müasir avadanlıqlarla təchiz olunub. İndi obyektdə son tamamlama işləri görülür.
Məktəb binasının yenidən qurulması kənd sakinlərinin sevincinə səbəb olub. Ağsaqqal kənd sakini Vəli Vəliyev dedi ki, nəvələrim burada təhsil alırlar. Onlar üçün yaradılan bu əvəzsiz şəraitə baxdıqca ürəyim dağa dönür. Ucqar dağ kəndinə göstərilən bu qayğı və diqqətə görə dövlətimizə minnətdarlığımızı bildiririk.
Məlumat üçün bildirək ki, kənddə yaxşı təhsil ənənələri var. Bu il tam orta məktəbi 9 şagird bitirib. Onlardan 7 nəfəri ali məktəbə daxil olub. İki abituriyent isə 500-dən yuxarı bal toplayıb.
Əsaslı təmir və yenidənqurma işləri rayonun ən iri yaşayış məntəqələrindən biri olan Püsyan kəndində də sürətlə və keyfiyyətlə aparılır. Püsyan kənd tam orta məktəbində 330 şagirdin təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olacaq. Onların içərisində yüksək kateqoriyalı, qabaqcıl iş təcrübəsinə malik peşəkar pedaqoji kadrlar daha çoxdur. Məktəbin direktoru Ülkər Nağıyeva bildirdi ki, hər il burada cari təmir işləri aparılsa da, məktəbin əsaslı təmirə, bərpa və yenidənqurma işlərinə daha çox ehtiyacı vardı. “Muxtariyyət ili”ndə bu işə başlanıldı. Yeni dərs ilində şagirdlərimiz təzə məktəbdə təhsil alacaqlar. Elmə, təhsilə, böyüməkdə olan gənc nəslə, Azərbaycan müəlliminə diqqət və qayğını yüksək dəyərləndirən məktəb rəhbəri pedaqoji kollektiv adından dövlətimizə minnətdarlığını bildirdi.
Zirzəmi ilə birlikdə 4 mərtəbəli, 720 şagird yerlik məktəb binasının təmir-tikinti işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Fənn kabinələri, sinif otaqları müasir üslubda təmir edilib, bütün qapı və pəncərələr dəyişdirilib, dəhlizlər genişləndirilib, binaya bir korpus əlavə olunub, istilik sistemi yenilənib.
Diyadin kəndində yeni məktəb binasının bünövrəsi bu ilin yazında qoyulub.
Bu günlərdə həmin kənddə məktəb tikintisinin gedişi ilə maraqlandıq. Tikintini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər.
Diyadin kəndi xan Arazın sol sahilində, mənzərəli bir yerdə yerləşir. Kiçik yaşayış məntəqəsidir. 400 nəfərə yaxın əhalisi var, Şərurun barlı-bərəkətli kəndlərindən biridir. Ümumi orta məktəbin köhnə binasının şəraiti heç də yaxşı deyildi. Ona görə də burada müasir quruluşlu üçmərtəbəli, hər şəraiti olan təzə bina ucaldılıb. Yeni məktəbə layiq təzə avadanlıq gətirilir. İşıqlı-yaraşıqlı 12 sinif otağı, bir neçə laboratoriya, fənn kabinəsi, kitabxana, kompüter otağı, elektron lövhəli sinif, idman zalı və sair üçün hər cür şərait yaradılıb.
Həmin tikinti idarəsinin inşaatçılarına Kürkənd tam orta məktəbinin 3 mərtəbəli, 216 şagird yerlik binasının da əsaslı təmiri və yenidən qurulması həvalə olunub. İş icraçısı Əli İbrahimov deyir ki, məktəb binasının təmirinə aprel ayının əvvəlindən başlanılıb. Məktəb ikimərtəbəli idi, binaya daha bir mərtəbə əlavə etmişik. Məktəb binasına həm də daha bir korpus artırmışıq. Məktəb 14 sinif otağından, kimya, biologiya laboratoriyalarından, kitabxana, elektron lövhəli sinif, hərbi kabinə, şahmat, psixoloq, direktor, müəllimlər otaqları, idman zalı və soyunub-geyinmə otaqlarından ibarətdir. Artıq divarlar boyanıb, döşəmə vurulub, qapı və pəncərələr salınıb. Binanın hər 3 mərtəbəsində dəhlizə və pilləkənlərə travertin üzlük daş döşənib, kommunikasiya xətləri çəkilib. Bir sözlə, artıq son tamamlama işləri aparılır.
Məktəbin direktoru Vəfadar Ələkbərov deyir ki, yay tətili olmasına baxmayaraq, gəlib inşaatçılara kömək edir, məktəbin ətrafında səliqə-sahman yaradırıq. Belə bir gözəl binada dərs keçəcəyimiz günü səbirsizliklə gözləyirik. Sevincimizin həddi-hüdudu yoxdur. Bir tərəfdən təzə məktəb binasına sahib oluruq, digər tərəfdən də bu il 3 nəfər məzunumuz yüksək balla müxtəlif ali məktəblərə qəbul olunub. Biz də dövlətimizin bu qayğısına əməli işimizlə cavab verməyə çalışacağıq.
Kənd ağsaqqalı Hacı Səttar Babayev söhbətə qoşularaq dedi ki, məktəb tikdirmək ən müqəddəs, ən xeyirxah işdir. Kəndimizdə təkcə məktəbin əsaslı təmiri ilə iş bitmir: inşaatçılar həm də burada kənd və xidmət mərkəzləri, təzə məscid binası ucaldırlar. Bundan böyük nə hədiyyə ola bilər? Müəllim kollektivi və kənd sakinləri adından yaradılan şəraitə və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımızı bildiririk.
Şərur rayonunda təhsil ocaqlarının maddi-texniki bazası getdikcə gücləndirilir. Məktəblərdə 793 kompüter quraşdırılıb. Bunlardan 563-ü internetə qoşulub. Eyni zamanda şagirdlər 127 elektron lövhəli sinifdən istifadə edirlər.
Şərurda təhsilə göstərilən dövlət qayğısı bu sahədə uğurların artmasının başlıca səbəblərindəndir. Təkcə bu il XI sinfi bitirən 725 şagirddən 3-ü qızıl, 2-si isə gümüş medala layiq görülüb. Ali məktəblərə sənəd verən 536 abituriyentdən 302 nəfəri tələbə adını qazanıb. Abituriyentlərdən 45 nəfəri 500-dən, 16 nəfəri isə 600-dən çox bal toplayıb.
Rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar tədrisin keyfiyyətinin daha da yüksəldilməsi və yeni məktəb binalarının təmiz və abad saxlanılması üçün də sistemli tədbirlər görülür. Aralıq, Xanlıqlar, Tumaslı, Qarxun, Yengicə, Zeyvə, Düdəngə kənd məktəblərində və başqa yerlərdə sanitar qruplar yaradılıb. Bununla yanaşı, yeni istifadəyə verilən binaların həyətlərinə ekoloji qruplar nəzarət edir.
Yeni dərs ilinin başlanmasına az qalır. Bu günlərdə rayon üzrə yeni dərs ilinə hazırlığın vəziyyəti ətraflı araşdırılaraq geniş müzakirə olunub. Yığıncaqda uğurlar qeyd edilməklə yanaşı, əsas diqqət həllivacib problemlərə yönəldilib. Yekdil rəy bu olub ki, hər yerdə və hər sahədə yeni dərs ilinə yüksək səviyyədə, mütəşəkkil surətdə başlamaq lazımdır.
Cəfər ƏLİYEV