Xarici iqtisadi əlaqələr iqtisadi potensialın mühüm göstəricilərindən biri hesab olunur.
Naxçıvan Muxtar Respublikası özünün müasir iqtisadi inkişaf mərhələsində sıx əlaqədə olduğu region ölkələri ilə xarici iqtisadi əlaqələrini genişləndirməkdədir. Yerli istehsal hesabına ərzaq və enerji təhlükəsizliyinin təmin olunduğu regionda dünyanın yüksək texnologiya istehsal edən aparıcı ölkələri ilə əməkdaşlıq edilir, qiymətli istehsal avadanlıqları və lüks istehlak malları alınıb gətirilir, naxçıvanlıların xarici ölkələrə turizm səfərləri artır. Eyni zamanda həyata keçirilən uğurlu layihələr hesabına Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş malların xarici bazarlara göndərilməsində, xaricdən gələn turistlərin sayında yüksək artım dinamikası davam etməkdədir. İndi Naxçıvandan başda elektrik enerjisi, mineral sular, daş məhsulları olmaqla, çoxlu sayda satışahazır sənaye və kənd təsərrüfatı məhsulları ixrac edilməkdədir. Bu isə muxtar respublikanın xarici ticarət həcminin artması ilə yanaşı, idxal-ixrac balansında da müsbət saldo yaranmasına imkan verir. Təkcə cari ilin ilk 7 ayının nəticələrinə görə, muxtar respublikada 270 milyon 821 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi olub ki, bu da bir il öncəki göstəricini 0,6 faiz üstələyib. İxracın həcmi son bir il ərzində 5,1 faiz artaraq 201 milyon ABŞ dollarını ötüb və xarici ticarət üzrə 132 milyon ABŞ dollarına yaxın həcmdə müsbət saldo yaranıb. Cari ilin iyun ayının yekunları ilə müqayisədə isə xarici ticarət həcmində 38 milyon 400 min ABŞ dollarından çox artım müşahidə olunub. Bu, bir ay ərzində 16,5 faiz artım deməkdir. Belə yüksələn dinamika ilin sonuna qədər ötənilki xarici ticarət dövriyyəsini üstələyəcəkdir.
Xəbərlər şöbəsi