“Muxtariyyət ili”ndə Şahbuz rayonunda quruculuq tədbirlərinin həcmi artıb, coğrafiyası genişlənib. Hazırda belə tədbirlər Nursu kəndində də davam etdirilir.
Quruculuq obyektlərindən biri kənd məktəbinin binasının yenidən qurulmasıdır. İki mərtəbədən ibarət olan məktəb binası 234 şagird yerlikdir. Məktəb binasına əlavə bir korpus artırılıb. Burada idman zalı, 2 laboratoriya, 2 elektron lövhəli sinif yerləşəcək. İnşaatçılara hərtərəfli şərait yaradılıb. Buraya kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verib. Burada çalışan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin bir qrup inşaatçısı öhdələrinə götürdükləri quruculuq tədbirini vaxtında başa çatdırmaq üçün səylərini əsirgəmirlər.
Digər bir obyekt kənddə fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. Adıçəkilən idarənin inşaatçıları qısa müddət ərzində 2 mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada bir çox işləri başa çatdırıblar. Mərkəzdə icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, kitabxana, polis sahə və baytarlıq məntəqələri fəaliyyət göstərəcək. Həmçinin mərkəzdə rabitə evi və poçt bölməsi də yerləşəcəkdir. Kənddə abunəçilərə yüksək səviyyədə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlər təklif olunacaqdır.
Daha bir quruculuq tədbiri burada inşa olunan həkim ambulatoriyasıdır. Bu bina da 2 mərtəbədən ibarətdir. Kənd sakinləri kənddə inşa olunan xidmət mərkəzini onlara göstərilən növbəti dövlət qayğısı kimi dəyərləndirirlər. Hazırda obyektdə son tamamlama işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları isə Xalq şairi Məmməd Arazın ev-muzeyinin inşası ilə məşğuldurlar.
Xəbərlər şöbəsi