22 Dekabr 2024, Bazar

Ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da irimiqyaslı layihələr reallaşdırılır, genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir. Təbii ki, bu da tikinti-quruculuq işlərinin sürətlə aparılmasına rəvac verir. İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılmasında beton qarışığı istehsal edən müəssisələr mühüm rol oynayır. Odur ki, muxtar respublikada beton qarışığı istehsal edən müəssisələrin yaradılması da diqqət mərkəzində saxlanılır.
Daxili bazarı tələbata uyğun keyfiyyətli tikinti materialları ilə təmin edən belə müəssisələrdən biri də 2005-ci ildən fəaliyyətə başlayan “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Babək rayonunun Qoşadizə kəndi yaxınlığında, Naxçıvançayın sahilində yerləşən müəssisə son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır. Müəssisə istifadəyə verilənədək muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materiallarından beton primitiv üsullarla hazır­lanır, qum istehsalı kortəbii şəraitdə həyata keçirilirdi. Həmçinin obyektlərdə istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. Bu müəssisənin işə salınması ilə həmin problemlər aradan qaldırılmışdır. Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılmış, istehsal gücü saatda 50 kubmetr olan qum-çınqıl karxanası, 60 kubmetr olan beton zavodu və 35 kvadratmetr olan dekorativ daşlar istehsalı sexi fəaliyyətə başlamışdır.

Müəssisədə yeni layihə həyata keçirilmiş, beton boru istehsalı sahəsi yaradılmışdır. 2012-ci ilin avqust ayından fəaliyyətə başlayan sexdə müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. İstehsal gücü saatda 10 ədəd beton boru və beton daban olan müəssisədə istehsal prosesi avtomatlaşdırılmış, keyfiyyətli məhsul istehsalına nail olunmuşdur. Yeni istehsal sahəsində divarının qalınlığı 8, hündürlüyü 60 santimetr, diametri 600-800-1000 millimetr olan beton borular istehsal edilir. Yeni istehsal sahəsinin yaradılması tikinti obyektlərində, o cümlədən muxtar respublikamızda su-kanalizasiya sistemlərinin yenilənməsi ilə əlaqədar keyfiyyətli beton borulara olan tələbatı ödəməklə yanaşı, yeni iş yerlərinin açılmasına da səbəb olmuş, 12 nəfər daimi işlə təmin olunmuşdur.
Ötən ildə də bu istiqamətdə işlər uğurla davam etdirilmiş, “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətində fəaliyyət göstərən beton zavodunun istehsal gücünün artırılması məqsədilə yeni layihə həyata keçirilmişdir. Türkiyə Respublikasından istehsal gücü saatda 100 kubmetr olan müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılmışdır. İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə əvvəlcə beton istehsalı üçün keyfiyyətli qum tədarük edilir. Qum-çınqıl karxanasında bir saat ərzində 50 kubmetr qum yuyularaq ələnir və çınqıl 3 növə ayrılır. Sonrakı mərhələdə isə yuyulmuş qum beton zavoduna daşınır. Buradakı texnoloji proseslərə kompüter vasitəsilə nəzarət olunur. Betonun hazırlanması üçün qumun, sementin və suyun həcmi kompüterlə müəyyənləşdirilir. Eyni zamanda istehsal prosesinə laboratoriyada qurulmuş kompüterlə nəzarət təmin olunmuşdur ki, burada da betonun keyfiyyət göstəriciləri barədə məlumat öz əksini tapır. Bu da, son nəticədə, keyfiyyətli beton istehsal edilməsinə, istehsal prosesinin müasir tələblərə uyğun qurulmasına, müəssisənin daha rentabelli işləməsinə əlverişli şərait yaradır. Beton məmulatları istehsalı sexində istehsal gücü saatda 35 kvadratmetr kilid daş olan avadanlıqlar quraşdırılmışdır. Hazırda 2 istehsal xəttinin fəaliyyət göstərdiyi sexdə müxtəlif beton məmulatları – kilid daş, dekorativ kərpic, yağış kanalı, bordür istehsal olunur.
Müəssisə istehsal etdiyi məhsulları ilə həm muxtar respublika əhalisini, həm də bütün tikinti obyektlərini təmin edə bilir.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR