22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı bütün sahələri əhatə edir. Son 18 ildə muxtar respublikada məqsədyönlü şəkildə atılan uğurlu addımlar bu inkişafın əsasını təşkil etməklə bərabər, demoqrafik vəziyyətin nizamlanmasında da mühüm rol oynayır. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri də daxil olmaqla, bütün bölgələrimizdə aparılan kompleks quruculuq işləri, şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər indi öz bəhrəsini verməkdədir. Əldə olunmuş nəticələri görmək üçün heç də bələdçiyə ehtiyac yoxdur. Təkcə elə Naxçıvan şəhərinin ilbəil deyil, aybaay dəyişməsi dediklərimizin sübutudur. Nəzərəçarpan əsas də­yişikliklərdən biri də şəhərimizdəki yaşayış binalarının əsaslı təmiri və yeni yaşayış komplekslərinin yaradılmasıdır.

 Muxtar respublikada tikinti sektorunun əsas istiqamətlərindən birini də elə əhalinin yeni mənzillərə olan tələbatını ödəmək təşkil edir. Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində vahid dövlət siyasətinin formalaşdırılması indi bu sektorun imkanlarını daha da artırıb. Ötən dövr ərzində Naxçıvan şəhəri də daxil olmaqla, digər rayon mərkəzlərində də yüzlərlə yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, binaların əksəriyyətinin təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılıb, binalar müasir kommunikasiya xətləri ilə təmin edilib. Əlbəttə ki, yaradılan şərait yaşayış binaları sakinlərinin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədini daşıyır. Muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan bu addımlar son illərdə daimi yaşayış üçün buraya qayıdanların da sayının artmasına səbəb olub. Bundan əlavə, il ərzində muxtar respublikada, orta hesabla, 4 mindən çox gəncin ailə qurduğunu da nəzərə alsaq, mənzil bazarında mövcud tələbin ildən-ilə yüksəldiyini indidən proqnozlaşdırmaq mümkündür. Gənc ailələrin bir qismi fərdi ev inşa etməyə, digər böyük bir hissəsi isə hazır mənzil almağa üstünlük verir. İl ərzində Naxçıvan Muxtar Respublikası üzrə əhalinin şəxsi vəsaiti hesabına tikilən, orta hesabla, 300 min kvadratmetr yaşayış sahəsinin də məhz böyük bir hissəsi belə ailələrin payına düşür. Təbii ki, Naxçıvanı yaşayış yeri seçənlər üçün burada qaz, elektrik, su təminatının yüksək səviyyədə olması, məhəllədaxili abadlıq və təmizlik işlərinin aparılması mühüm əhəmiyyətə malikdir. 


Bəli, bütün bu qeyd etdiklərimiz paytaxt Naxçıvan şəhərində mənzil bazarının dinamik inkişafı ilə yanaşı, yeni mənzillərə olan tələbatı da artırır. Əvvəlki illərdə olduğu kimi, cari ildə də şəhərimizin müxtəlif ünvanlarında yeni binaların tikintisi, həmçinin mövcud yaşayış binalarının əsaslı şəkildə təmiri və yenidən qurulması davam etdirilir. Muxtar respublikada dövlət-gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksinin – “Gənclər şəhər­ciyi”nin tikintisinə start verilib. “Gənc­lər şəhərciyi” yaşayış kompleksinin təməlatma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Gənc­lərin mənzil təminatının ödənilməsi məqsədilə tikilən yeni şəhərcik mühüm əhəmiyyət daşıyır. Çünki gənclərin mənzillərlə təmin olunması qarşıda duran başlıca vəzifələrdəndir”.
Dövlət dəstəyi hesabına tikilən yaşayış kompleksinin hər cür kommunal-məişət şəraiti olacaq. Tikinti işləri 2 il müddətində başa çatdırılacaq və mənzillərin satışı ipoteka yolu ilə həyata keçiriləcəkdir. Bu da gənclərin tez bir zamanda mənzillə təmin olunmalarına imkan verəcəkdir. Hazırda ərazidə ikisi 9 mərtəbəli, ikisi 11 mərtəbəli olmaqla, 4 bina inşa olunur. Binalardakı ikiotaq­lı mənzillərin sahəsinin 60-77 kvadratmetr, üçotaqlı mənzillərin sahəsinin isə 104-142 kvadratmetr olması nəzərdə tutulub. Yaşayış binalarının hər birində sərnişin və yük lifti quraşdırılacaq, 323 yer­lik yeraltı avtomobil dayanacağı yaradılacaq.
Kompleksdə olarkən öyrəndik ki, 9 mərtəbəli binalarda 7-ci mərtəbəyədək, 11 mərtəbəli binalardan birində 5-ci, digərində isə 8-ci mərtəbəyədək sütunlar qaldırılıb, yaxın günlərdə bütün binalarda sütunlararası arakəsmələrin hörülməsinə başlanılacaq. Bu ərazidə daha iki 13 mərtəbəli binanın təməli qoyulacaq, ümumilikdə, tikilən binaların sayı 6-ya çatdırılacaq. Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulacaq. Həyətyanı sahədə müasir işıqlandırma və təhlükəsizliyi təmin etmək üçün videokamera sistemləri quraşdırılacaq, uşaq bağçası, basketbol və voleybol, eləcə də açıq şahmat meydançaları inşa olunacaq. Həmçinin yaşayış kompleksini “Cahan” Ticarət Mərkəzi ilə birləşdirən yeraltı keçid istifadəyə veriləcək. Qeyd edək ki, tikintidə təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmaqla yanaşı, yerli tikinti materiallarından istifadəyə də böyük önəm verilir.
Naxçıvan şəhərinin “İstiqlal” küçəsində də yaşayış binalarının əsaslı şəkildə təmiri davam etdirilir. Hazırda “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən 87 nömrəli binada son tamamlama işləri görülür. Burada əsaslı təmir edilən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Binanın bünövrəsində bərkitmə işləri aparılaraq yeni dayaqlar qoyulub, eni 3 metr artırılıb. 33 mənzildən ibarət binanın dam örtüyü yenilənib, kommunikasiya xətləri dəyişdirilib, qapı-pəncərələr salınıb. Fasad hissə üzlük daşla üzlənib. Digər 91 nömrəli binada isə yenidənqurma işlərinə başlanılıb. 36 mənzilli bu binanın da eni 3 metr artırılıb. Hazırda burada beton-qəlib işləri görülür.
Naxçıvan şəhərinin mərkəzi küçələrindən olan Atatürk küçəsi də bu quruculuq tədbirlərindən öz payını almış ünvanlardan birinə çevrilib. Bu küçədə inşa olunan yeni yaşayış binası isə öz əzəməti ilə göz oxşayır. Zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olan binada tikinti işlərinə 2013-cü ilin fevral ayından başlanılıb. 54 mənzilli nəzərdə tutulmuş yaşayış binasında hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub, pəncərələr salınıb. Hazırda daxildə və fasad hissədə suvaq işləri görülür. Binanın tikintisi “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır.
Atatürk küçəsində 5 nömrəli yaşayış binasının isə əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Naxçıvan Şəhər Abadıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən yenidən qurulan bina əvvəllər ikimərtəbəli olub. İndi isə bina bir mərtəbə artırılaraq 7 metrədək genişləndirilib. İşlər yekunlaşdıqdan sonra 30 mənzildən ibarət olan binanın birinci mərtəbəsində mağazalar və xidmət obyektləri fəaliyyət göstərəcək.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində isə “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən 9 mərtəbəli yaşayış binasının tikintisi sürətlə davam etdirilir. 36 mənzilli bu binada hazırda fasad hissə boyanır, 8-ci mərtəbədə arakəsmələr hörülür, digər mərtəbələrdə suvaq işləri aparılır, elektrik xətlərinin çəkilişi davam etdirilir. Binanın birinci mərtəbəsi üzlük daşla üzlənib, pəncərələr salınıb. Obyekt hazır olduqdan sonra binanın zirzəmi hissəsində avtomobil dayanacağı yerləşəcək, birinci mərtəbədə isə ticarət obyektləri fəaliyyət göstərəcək. Dördotaqlı mənzillərdən ibarət bu yaşayış binası mənzillərinin genişliyinə və rahatlığına görə seçilən ünvanlardan olacaq ki, bu da ev almaq arzusunda olan ailələr üçün geniş imkanlar açır.
Bəli, Naxçıvan şəhərinin simasına yeni gözəlliklər qatacaq bu binalar həm də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR