Şərur rayonunun kompleks quruculuq tədbirləri həyata keçirilən yaşayış məntəqələrindən biri də Püsyan kəndidir. Hazırda kənddə 4 bina inşa olunur.
Quruculuq tədbirlərindən kənddə fəaliyyət göstərən tam orta məktəb binasına da pay düşüb. Belə ki, mövcud məktəb binası yenidən qurulur.
Qeyd edək ki, 330 şagirdin təhsil aldığı məktəbin yeni binasının layihəsində kəndin gələcək perspektivi nəzərə alınıb. Yeni bina 720 şagird yerlik nəzərdə tutulub. Qısa müddət ərzində köhnə məktəb binasında bəzi yardımçı tikililər sökülüb, əvvəlki binaya daha bir korpus əlavə edilib. Artıq binanın dam örtüyü vurulub, suvaq işləri başa çatdırılıb, pəncərələr salınıb, kommunikasiya xətlərinin çəkilişi yekunlaşdırılıb. Zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan məktəb binasında 40 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, 3 elektron lövhəli sinif, 3 kompüter otağı, hərbi kabinə, idman zalı, direktor, psixoloq və müəllimlər otaqları, yeməkxana yerləşəcək. Tikinti işləri, demək olar ki, yekunlaşmaq üzrədir.
İkimərtəbəli həkim ambulatoriyasının tikintisində də keyfiyyət amilinə xüsusi diqqət yetirilir. Ambulatoriyada uşaq həkimi, ginekoloq, stomatoloq, baş həkim fəaliyyət göstərəcək, aptek, palata, doğuş, peyvənd, manupulyasiya, qeydiyyat və müayinə otaqları yerləşəcək. Bütün bunlar kənddə əhaliyə nümunəvi səhiyyə xidməti göstərməyə imkan verəcək.
Digər bir obyekt kənddə fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. İnşaatçılar iki mərtəbədən ibarət olan kənd mərkəzində son tamamlama işləri görürlər. Binanın birinci mərtəbəsi poçt, ATS, qazanxana, baytarlıq məntəqəsi, kitabxana, arxiv və sahə müvəkkili üçün nəzərdə tutulub. İkinci mərtəbə isə kənd icra nümayəndəliyi və bələdiyyə üçün ayrılıb. Həmçinin Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub işçiləri üçün ayrılan otaq və iclas zalı da ikinci mərtəbədə yerləşəcək.
Püsyanda geniş vüsət alan çoxşaxəli abadlıq-quruculuq işləri bununla bitmir. Birmərtəbəli xidmət mərkəzində isə ticarət və xidmət obyektləri fəaliyyət göstərəcək.
Qeyd edilən hər 4 obyektin tikintisi “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirilir. İnşaat işləri yekunlaşdıqdan sonra obyektlərin yerləşdikləri ərazidə abadlıq tədbirləri görüləcək, ağac və gül kolları əkiləcək.
Xəbərlər şöbəsi