22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən sosial və iqtisadi islahatların uğurlu nəticələri 2012-ci ildə də saxlanılmış, real sektorda və sosial mühitdə dinamik inkişaf davam etmişdir.
2012-ci ilin ən mühüm hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Bu səfər zamanı ölkə başçısının cəmi bir gün ərzində 10 yeni obyektin – Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Fövqəladə Hallar Nazirliyinin inzibati binasının, Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleksin, Sement Zavodunun, Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Mədəniyyət Evinin, həmin qəsəbədəki “N” saylı hərbi hissədə qərargah binasının, Naxçıvan-Culfa magistral avtomobil yolunun, Culfa şəhərində Uşaq Musiqi Məktəbinin, Sərhəd Komendantlığının və Sərhəd Zastavasının açılış mərasimlərində iştirak etməsi inzibati ərazimizdə mövcud sürətli tərəqqini səciyyələndirməkdədir.

İrimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi Naxçıvana böyük diqqət göstərir”.
Ötən il Ümumi Daxili Məhsul istehsalının davamlı artımı təmin olunmuş, Ümumi Daxili Məhsulun həcmi bir il öncəyə nisbətdə 16,8 faiz artaraq 2 milyard 103 milyon 424 min manata, onun hər bir nəfərə düşən həcmi isə 15,4 faizlik artımla 4973,8 manata (6331,2 ABŞ dollarına) çatmışdır. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 26,9 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 25,8 faizlik xüsusi çəkiylə tikinti sektoru tutmaqdadır. 2012-ci ildə Ümumi Daxili Məhsulun 64,5 faizi və ya 1 milyard 356 milyon manatdan çoxu məhsul istehsalının payına düşmüşdür.

2011-ci illə müqayisədə 2012-ci ildə sənaye məhsulunun həcmi 15,7 faiz, əsas kapitala yönəldilən investisiyalar 20,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 9 faiz, nəqliyyat sektorunda yük daşınması 9,7 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 8,2 faiz, o cümlədən mobil rabitə xidmətləri 7,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 18,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 16,7 faiz, xarici ticarət dövriyyəsi 12,5 faiz, o cümlədən ixracın həcmi 15,8 faiz, əhalinin gəlirləri 12,3 faiz, hər bir nəfərə düşən gəlirlər 10 faiz, orta aylıq əməkhaqqı isə 6,9 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə

Sənaye

Sənayenin aparıcı mövqedə olduğu iqtisadiyyatın qurulması yönündə mühüm tədbirlər həyata keçirilmiş və uğurlu nəticələr əldə olunmuşdur.
2012-ci ildə 799 milyon 492 min manatlıq sənaye məhsulu istehsal olunmuş və bu göstərici 2011-ci ildəki müvafiq göstəricini 15,7 faiz üstələmişdir. Sənaye istehsalının 95,7 faizi malların, 4,3 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 59 milyon 216 min manatlıq, qeyri-dövlət sektorunda isə 740 milyon 276 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 92,6 faizi özəl sektorun payına düşmüşdür.

Sənaye məhsulu istehsalının dinamikası, min manatla

Yerli istehsalın potensialının davamlı olaraq təkmilləşdirilməsi strategiyasına uyğun olaraq, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər 2012-ci ildə də davam etdirilmişdir. Ötən il ərzində muxtar respublikamızda dövlət dəstəyi ilə 98 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 24 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə hazırda davam etdirilməkdədir.
Sənaye istehsalının genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş və 2012-ci ildə daxili tələbatdan artıq istehsal olunmuş 280 milyon 622 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac istiqamətində göndərilmişdir.

Hərbi quruculuq 

Muxtar respublikanın müdafiə qabiliyyətinin mövcud şəraitin tələblərinə uyğun qaydada və müntəzəm olaraq gücləndirilməsi davam etdirilməkdədir. 2012-ci ildə Naxçıvan şəhərində “N” saylı hərbi hissənin qərargah binasının tikintisi, hərbi şəhərcik ərazisində 202 yerlik uşaq bağçası binasının əsaslı təmiri başa çatdırılmışdır.
“Naxçıvan” Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası işləri davam etdirilmişdir.
Sədərək rayonunda “Naxçıvan” Sərhəd Diviziyasının 1-ci Sərhəd Zastava Kompleksi, Culfa rayonunda Sərhəd Komendantlığı və Sərhəd Zastavası, Kəngərli rayonundakı hərbi hissədə qərargah binası, Şahbuz rayonundakı hərbi hissədə gözətçi evi və texniki nəzarət-buraxılış məntəqəsi üçün binalar tikilmiş, əsgər yataqxanasının təmiri başa çatdırılmışdır. Kəngərli rayonundakı hərbi hissədə əsgər yataqxanasının əsaslı təmiri davam etdirilir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Muxtar respublikada tarazlı inkişafın təmin olunması məqsədilə investisiya qoyuluşlarının bütün fəaliyyət istiqamətlərini əhatə etməsi diqqətdə saxlanılır. 2012-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 982 milyon 264 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2011-ci ildəki müvafiq göstəricidən 20,4 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 874 milyon 542 min manatı və ya 89 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da 2011-ci illə müqayisədə 20,1 faiz çoxdur.

Əsas kapitala yönəldilmiş investisiyanın dinamikası, min manatla

2012-ci ildə Naxçıvan Muxtar Respublikasında tikinti və ya əsaslı təmirdən sonra, ümumilikdə, 724 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 129 infrastruktur obyektinin inşası və ya əsaslı təmiri hazırda davam etdirilir.
İnzibati binaların inşası çərçivəsində 2012-ci ildə ümumilikdə, 28 inzibati bina tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda 14 inzibati binanın inşası davam etdirilir.
İdarəetmənin yerlərdə səmərəli təşkili məqsədinə uyğun olaraq, sosial təyinatlı investisiyalar üzrə ötən dövr ərzində 14 kənd mərkəzinin inşası işləri başa çatdırılmış, 2 kənd mərkəzinin inşası isə hazırda davam etdirilir.
Əhalinin artan gəlirlərinə paralel olaraq mənzil-yaşayış şəraiti də günbəgün yaxşılaşmaqdadır. 2012-ci il ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 349 min 764 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 2011-ci ildəki göstəricidən 3 faiz çoxdur.
Kommunal infrastrukturun yenilənməsi və əhalinin keyfiyyətli kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilir.

Məişət tullantılarının vaxtında yığılması və daşınması işinin operativ təşkili məqsədilə 2012-ci ildə 6 ədəd “JAC” markalı və 2 ədəd “Volvo” markalı məişət tullantıları daşıyan, 2 ədəd isə çirkab suları soran maşın və 280 ədəd konteyner – tullantı qutuları alınaraq muxtar respublikaya gətirilmişdir.
2012-ci il ərzində muxtar respublikada 2 yaşayış binasının tikintisi, 1 yaşayış binasının yenidən qurulması, 5 yaşayış binasının əsaslı təmiri, 11 yaşayış binasının isə təmiri başa çatdırılmışdır. 4 yaşayış binasının tikintisi, 1 yaşayış binasının yenidən qurulması, 4 yaşayış binasının əsaslı təmiri, 2 yaşayış binasının isə təmiri hazırda davam etdirilməkdədir.
Ötən dövr ərzində 27 yaşayış binasında istilik xətlərinin çəkilişi, 13 qazanxananın tikintisi, 8 yaşayış binasında istilik xətlərinin yenidən qurulması və 13 qazanxananın təmiri başa çatdırılmışdır.
Əhalinin keyfiyyətli su ilə təmin edilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində muxtar respublikanın şəhər, rayon mərkəzlərinin və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi işləri aparılmaqdadır.
Bu müddət ərzində muxtar respublikada 32 kəhriz bərpa və ya təmir olunmuş, digər 4 kəhrizin isə bərpası və ya təmiri hazırda davam etdirilir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Aqrar sahə əsas iqtisadi fəaliyyət istiqamətlərindən biri olmaqla diqqətdə saxlanılır, bu sahədə zəruri islahatlar həyata keçirilir.
Ərzaq məhsulları istehsalını artırmaq, əhalini keyfiyyətli və təhlükəsiz ərzaqla təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədilə qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətlər müəyyənləşdirmişdir.
Aqrar sahə üzrə texnikadan istifadə səviyyəsi və bu istiqamətdə lizinq münasibətləri davamlı qaydada genişləndirilməkdədir. Həyata keçirilən tədbirlərə uyğun olaraq, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 194 ədədi 2012-ci ildə olmaqla, cəmi 879 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2012-ci ildə 185 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ötən dövr ərzində məhsul istehsalçıları 3 min 950 ton mineral gübrə ilə təmin olunmuşlar.
2012-ci ilin məhsulu üçün muxtar respublikada 60 min 118 hektar sahədə əkin aparılmışdır ki, bu da 2011-ci ilin məhsulu üçün əkilmiş sahədən 98,5 hektar çoxdur.

Cəmi əkin sahələri, hektarla

Taxıl istehsalının stimullaşdırılması bitkiçilik üzrə əsas fəaliyyət istiqamətini təşkil etməkdədir. 2012-ci ilin məhsulu üçün 34 min 965 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 29 min 263 hektarı payızlıq, 5 min 702 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələri 214 hektar artmışdır. Taxıl zəmilərindən 101 min 848 ton məhsul toplanmışdır ki, bu da 2011-ci illə müqayisədə 0,8 faiz çoxdur.

Taxıl əkini və məhsul istehsalının dinamikası

Tələbata uyğun olaraq, kartofçuluğun inkişafı dəstəklənmiş və 2012-ci ildə 2831 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2011-ci ildə əkilmiş sahədən 67 hektar çoxdur. 2012-ci ildə əkilmiş sahələrdən 39440,4 ton kartof yığılmışdır ki, bu da 2011-ci ildəki müvafiq göstəricini 3 faiz üstələyir.

Kartof əkini və istehsalının dinamikası

2012-ci ildə 108309 ton dənli və dənli-paxlalı məhsulu (qarğıdalısız), 3382 ton dən üçün qarğıdalı, 677,8 ton dən üçün günəbaxan, 65809,2 ton tərəvəz, 41791,1 ton ərzaq üçün bostan məhsulları, 41995,8 ton meyvə, 14724,2 ton üzüm toplanmışdır.
Kənd təsərrüfatı sahəsinin inkişafında xüsusi rolu olan soyuducu anbarların yaradılması istiqamətində tədbirlərə uyğun olaraq, ötən dövr ərzində ümumi tutumu 2000 ton olan 1 soyuducu anbar istifadəyə verilmiş və soyuducu anbarların ümumi sayı 15-ə çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” muxtar respublikada meyvə və tərəvəz istehsalının inkişaf etdirilməsini, yüksək istehlak xüsusiyyətlərinə malik yeni meyvə bağlarının salınmasını, onların ixtisaslaşdırılmasını, yerli şəraitə uyğun unudulmaqda olan məhsuldar sortların bərpasını, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin yaradılmasını əsas məqsəd kimi müəyyənləşdirmişdir.
Heyvandarlıqda yüksək məhsuldarlıq göstəricilərinin əldə olunması məqsədilə mütərəqqi təsərrüfatçılıq metodlarından geniş istifadə edilir. Bu istiqamətdə süni mayalandırma işinin davamlı təşkili daha səmərəli nəticələrə imkan yaratmaqdadır. 2012-ci ildə 7928 baş inək və düyə süni yolla mayalandırılmışdır. Əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 4983 baş sağlam buzov alınmışdır. Bundan əlavə, ötən il muxtar respublikaya 321 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
1 yanvar 2013-cü il tarixə qaramalın sayı 104 min 710 baş, xırdabuynuzlu heyvanların sayı 625 min 670 baş təşkil etmişdir ki, bu da bir il öncəki göstəriciləri müvafiq olaraq 1,8 və 2 faiz üstələmişdir.

Heyvandarlıqda baş sayı 

Mal-qaranın və heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsullarının artımını təmin etmişdir. 2012-ci il ərzində diri çəkidə 18855,2 ton ət, 78417,5 ton süd, 967,9 ton yun istehsal olunmuşdur. 2011-ci illə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 1,7 faiz, yun istehsalı isə 1,2 faiz artmışdır.
2012-ci ildə quşçuluq sahəsində 9 yeni təsərrüfat fəaliyyətə başlamış, 3 quşçuluq təsərrüfatının isə yaradılması istiqamətində işlər hazırda davam etdirilməkdədir.
Arıçılığın inkişafı ilə bağlı dövlət maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələrinin istifadəyə verilməsi, satış bazarlarının səmərəli təşviqi bu sahənin yenidən dirçəldilməsində və inkişafında əvəzsiz rol oynamışdır. 1 yanvar 2013-cü il tarixə muxtar respublikada 65 min 185 arı ailəsi mövcud olmuşdur ki, bu da 1 yanvar 2012-ci il tarixə olan göstəricini 7,5 faiz üstələmişdir. 2012-ci ildə muxtar respublikada 2011-ci ildəkindən 14 faiz çox, yəni 1175 ton bal istehsal edilmişdir.
Reallaşdırılan səmərəli aqrar siyasətin nəticəsi olaraq, bu sahədə tələbatın əsas etibarı ilə yerli istehsal hesabına ödənilməsinə nail olunmuş, daxili bazarda məhsul bolluğu yaranmışdır. 2012-ci ildə muxtar respublikada 318 milyon 836 min manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2011-ci illə müqayisədə 9 faiz çoxdur.
Meliorasiya-irriqasiya sistemlərinin gücləndirilməsi və yenilənməsi istiqamətində tədbirlərə uyğun olaraq, 2012-ci ildə 2 nasos stansiyasının, 11 subartezian quyusunun tikintisi, 3 nasos stansiyasının yenidən qurulması başa çatdırılmış, 15 subartezian quyusunun tikintisi hazırda davam etdirilir.
Bu dövr ərzində Şərur rayonunun Zeyvə və Vərməziyar, Babək rayonunun Nehrəm və Cəhri, Culfa rayonunun Ləkətağ və Saltaq kəndlərində drenaj xətlərinin çəkilişi, Şərur rayonunun Axaməd kəndi ərazisində Araz çayı sahilində sahilbərkitmə işləri başa çatdırılmış, Şərur rayonunda Arpaçayda istiqamətləndirici bəndin çəkilişi davam etdirilir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində aparılan tədbirlərin intensivliyi 2012-ci ildə də saxlanılmış, ilin əvvəlindən 525 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmışdır.

Nəqliyyat, informasiya və rabitə, energetika

Muxtar respublikada nəqliyyat sisteminin inkişafı üzrə kompleks islahatlar həyata keçirilir. Bu tədbirlərə uyğun olaraq, ötən il ərzində ümumi uzunluğu 139,4 kilometr olan yeni avtomobil yolları və 11 körpü istifadəyə verilmişdir.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində daxili avtomobil yolunda, Şahbuz rayonunun Ağbulaq, Külüs və Keçili kənd­lərinin avtomobil yollarında istinad divarlarının tikintisi, Şərur rayonunun Qarxun kəndində 4,5 kilometr uzunluğunda, Danyeri kəndində 4 kilometr uzunluğunda, Qorçulu kəndində 3,4 kilometr uzunluğunda, Dərəkənddə 2,5 kilometr uzunluğunda, Naxçıvan şəhərinin Xətai məhəlləsində 2 kilometr uzunluğunda, Babək rayonunun Kərimbəyli kəndində 4,5 kilometr uzunluğunda dairəvi, Nehrəm kəndində 3,1 kilometr uzunluğunda avtomobil yollarının yenidən qurulması, Culfa rayonunun Xoşkeşin kəndində 2 kilometr uzunluğunda avtomobil yolunun təmiri başa çatdırılmışdır. Naxçıvan şəhərinin “Atabəylər”, “Əlincə”, Babək və 6-cı məhəllələrini əhatə edən 3,2 kilometr uzunluğunda və Hüseyn Cavid küçəsindən keçməklə “İstiqlal” küçəsini Əziz Əliyev və Atatürk küçələri ilə birləşdirən 1 kilometr uzunluğunda avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır. Kəngərli rayonunun Çalxanqala kəndində 0,7 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması və su keçidinin tikintisi, Culfa rayonunun Ləkətağ kəndində avtomobil yolunun yenidən qurulması, Şahbuz şəhərində və Sədərək rayonunda daxili avtomobil yollarının təmiri başa çatdırılmış, Naxçıvan şəhərində N.Tusi küçəsində avtomobil yolunun yenidən qurulması davam etdirilmişdir. Naxçıvan-Biçənək avtomobil yolunda istinad divarının tikintisi, Şahbuz rayonunda 6 kilometr uzunluğunda Külüs-Keçili avtomobil yolunun yenidən qurulması, Ordubad rayonunda Biləv-Tivi avtomobil yolunun genişləndirilməsi, Şərur rayonunda Qarxun-Aşağı Aralıq, Sərxanlı-Qarxun və Axura-Havuş, Şahbuz rayonunda Ayrınc-Kükü avtomobil yollarının təmiri, Kükü kəndində isə avtomobil yolunun genişləndirilməsi işləri başa çatdırılmış, Şərur rayonunda Püsyan-Xanlıqlar, Şahbuz rayonunda Ağbulaq-Gömür avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir. Naxçıvan-Sədərək magistral avtomobil yolundan 39,2 kilometr uzunluğunda Təzəkənd-Çalxanqala-Qıvraq istiqamətində dairəvi avtomobil yolunun, 57,6 kilometr uzunluğunda Çeşməbasar-Boyəhməd avtomobil yolunun yenidən qurulması və həmin yolda dörd körpünün tikintisi, 7,7 kilometr uzunluğunda Biləv-Behrud-Parağa avtomobil yolunun yenidən qurulması və həmin yolda iki körpünün əsaslı təmiri başa çatdırılmışdır. Naxçıvan-Şahbuz-Batabat, Şəkərabad-Hacıvar, Qıvraq-Püsyan avtomobil yollarının yenidən qurulması davam etdirilməkdədir.
Culfa rayonunda 194 paqonometr uzunluğunda, Ordubad rayonunda 13 paqonometr uzunluğunda, Babək və Şahbuz rayonlarının hər birində 12 paqonometr uzunluğunda körpülərin tikintisi, Naxçıvançay üzərində körpünün yenidən qurulması, Ordubad rayonunda Biləv-Tivi avtomobil yolunda, Culfa rayonunun Gülüstan, Camaldın və Şurud kəndlərində körpülərin təmiri başa çatdırılmış, Babək rayonunda bir körpünün tikintisi davam etdirilmişdir.
Nəqliyyatın əsas göstəricilərindən olan yük daşınmasının həcmi 2012-ci ildə 2011-ci ilə nisbətən 9,7 faiz, sərnişin daşınması isə 8,5 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 42 milyon 921 min manatdan çox gəlir əldə edilmişdir ki, bu da 2011-ci illə müqayisədə 9,3 faiz çoxdur.

Bu dövr ərzində informasiya və kommunikasiya texno­logiyalarından istifadə imkanlarının genişləndirilməsi davamlı qaydada təşviq olunmuş, optik kabel magistrallarının inşası işi davam etdirilmiş, rəqəmsal televiziyanın yayımına başlanılmış, yeni poçt markaları tədavülə buraxılmış, dövlət orqanlarının elektron xidmətlər sahəsində işi daha da təkmilləşdirilmişdir.
2012-ci ildə Şərur və Sədərək rayonlarını əhatə edən 15904 yer tutumlu, 25 ədəd üçüncü nəsil telefon stansiyalarından və ehtiyat idarəetmə sistemindən ibarət Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilmişdir. Hazırda Yeni Nəsil Telekommunikasiya Sisteminin tətbiqi uğurla davam etdirilir. “Evədək optika” layihəsinin icrası da həmin tədbirlərin davamıdır. Layihə telefon, yüksək sürətli internet, videotelefon və “İP televiziya” adlanan rəqəmli televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçilərə çatdırılmasını təmin edəcəkdir.
Ötən il Şərur rayonunun Danyeri, Dərəkənd və Qorçulu, Babək rayonunun Kərimbəyli, Ordubad rayonunun Behrud, Yuxarı Əylis və Parağa, Culfa rayonunun Ləkətağ və Milax, Kəngərli rayonunun Çalxanqala və Sədərək rayonunun Qaraağac kəndlərində poçt şöbəsi və bölmələri yaradılmışdır.
Naxçıvan şəhərinin Tumbul kəndində 512 nömrəlik, Babək rayonunun Şəkərabad kəndində 608 nömrəlik, Kərimbəyli kəndində 448 nömrəlik, Yarımca və Kültəpə kənd­lərinin hər birində 384 nömrəlik, Məmmədrzadizə kəndində 224 nömrəlik, Şərur rayonunun Danyeri və Zeyvə kəndlərinin hər birində 480 nömrəlik, Vərməziyar kəndində 672 nömrəlik, Qarxun kəndində 608 nömrəlik, Dərəkənd, Tumaslı, Həmzəli və Qorçulu kəndlərinin hər birində 384 nömrəlik, Ordubad rayonunun Dəstə kəndində 576 nömrəlik, Behrud, Yuxarı Əylis və Parağa kəndlərinin hər birində 384 nömrəlik, Culfa rayonunun Ləkətağ və Milax kənd­lərinin һәr birində 384 nömrəlik, Şahbuz rayonunun Badamlı qəsəbəsində 384 nömrəlik, Şahbuzkənddə 192 nömrəlik, Kəngərli rayonunun Yurdçu və Çalxanqala kəndlərinin hər birində 384 nömrəlik avtomat telefon stansiyaları qurulmuşdur. Ümumilikdə, 2012-ci il ərzində 12 poçt bölməsi və 25 avtomat telefon stansiyası yeni binalara köçürülmüşdür. Poçt bölmələrindən 6-sı yeni açılmış, avtomat telefon stansiyalardan isə 17-si yeni qurulub istifadəyə verilmişdir. Bundan əlavə, Culfa rayonunun Xanəgah, Kəngərli rayonunun Xok kəndlərində və Ordubad rayonunda Sabirkənddə hər birində 192 nömrə artım üçün avtomat telefon stansiyalarında əlavə avadanlıqlar quraşdırılmışdır. Şahbuz rayonunun Ağbulaq kəndində “Naxtel”in yeni baza stansiyası istifadəyə verilmişdir. Culfa rayonunun Nəhəcir kəndində Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi başa çatdırılmışdır.
Muxtar respublikanın iri yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkili istiqamətində tədbirlər də davam etdirilmiş, Şərur və Sədərək rayonlarında, Babək rayonunun Yarımca, Cəhri, Şıxmahmud, Məmmədrzadizə, Yuxarı Uzunoba, Qahab və Zeynəddin, Ordubad rayonunun Vənənd, Sabirkənd, Aza, Biləv, Nüsnüs, Gənzə, Düylün, Baş Dizə, Dırnıs, Yuxarı Əylis və Yuxarı Əndəmic, Culfa rayonunun Yaycı, Əbrəqunus, Ərəzin və Göydərə, Kəngərli rayonunun Yurdçu, Şahtaxtı, Çalxanqala və Qarabağlar, Şahbuz rayonunun Qarababa və Kükü kəndlərində, Ordubad rayonunun Şəhriyar və Kəngərli rayonunun Qıvraq qəsəbələrində bu xidmətdən istifadəyə başlanılmışdır. Genişzolaqlı internet xidmətlərinə qoşulmanın avtomatlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzində yeni sistem yaradılmışdır.
2012-ci ildə 2424 ədəd yeni telefon sabit şəbəkəyə qoşulmuşdur ki, bu da 2011-ci illə müqayisədə 5,2 faiz çoxdur. 1 yanvar 2013-cü il tarixə muxtar respublika üzrə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 66-ya çatmışdır. 1 yanvar 2013-cü il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 435642 ədəd, əhalinin hər 100 nəfərinə isə düşən mobil telefonlarının sayı 103 ədəd olmuşdur.
2012-ci ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 42 milyon 474 min manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 8,2 faiz çoxdur. Ümumi informasiya və rabitə xidmətlərinin 85,3 faizi və ya 36 milyon 231 min manatdan çoxu mobil rabitənin payına düşmüşdür. Bir il öncəyə nisbətdə mobil rabitə xidmətlərinin həcmi 7,6 faiz artmışdır.
Enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilmişdir. Belə ki, hazırda Şərur rayonunda 1,4 meqavat gücündə Arpaçay-2 və 20,5 meqavat gücündə Arpaçay, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik stansiyalarının inşası davam etdirilir.
Naxçıvan şəhərində 110/35/10 kilovoltluq “Naxçıvan” elektrik yarımstansiyasının yeni avadanlıqlarla təchiz edilməsi və başqa əraziyə köçürülməsi, Babək rayonunda 132/110 kilovoltluq “Araz” elektrik yarımstansiyasında 50 mva gücündə yeni 132/110 kilovoltluq transformatorun quraşdırılması işləri başa çatdırılmışdır.
Muxtar respublikada 31 ədəd müxtəlif güclü transformator yarımstansiyasının quraşdırılması və 78 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır. Naxçıvan şəhərinin, Culfa və Şərur rayonlarının transformator təmiri sexlərində 121 ədəd müxtəlifgüclü transformator əsaslı təmir olunmuşdur.
Təbii qaz təminatı üzrə 1 yanvar 2013-cü il tarixə muxtar respublikada 79 min 986 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Bu dövr ərzində uzunluğu 27 kilometr olan Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xəttinin tikintisi başa çatdırılmış, uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək yüksək­təzyiqli qaz xəttinin tikintisi davam etdirilir.

Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri

İqtisadi sahələr üzrə investisiya layihələrinin həyata keçirilməsinə maliyyə təminatının yaradılması, maliyyə ehtiyatlarının cəlb olunması və səmərəli istifadəsi tədbirlərinin təşviqi, sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını təmin edəcək sahə və regional investisiya layihələrinin işlənib hazırlanması muxtar respublikada iqtisadi siyasətin mühüm istiqamətini təşkil edir.
Qeyd olunan tədbirlər sahibkarlıq subyektlərinin say tərkibinin davamlı artımını təmin etməkdədir. 2012-ci ildə muxtar respublikada 19 hüquqi və 1326 fiziki şəxs qeydiyyata alınmışdır.
2012-ci ildə bank və kredit təşkilatları tərəfindən sahibkar­lara 58 milyon 680 min manatdan artıq həcmdə kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da 2011-ci ildəki müvafiq göstəricidən 24,2 faiz çoxdur.
Hazırda muxtar respublikada 344 növdə yerli məhsul istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq, 229 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq, 224 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 330 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
2012-ci ildə muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 12,3 faiz artaraq 1 milyard 623 milyon manata, onun hər bir nəfərə düşən həcmi isə 10 faizlik artımla 3839 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 365,1 manata çatmışdır ki, bu da 2011-ci ildəki səviyyədən 6,9 faiz çoxdur.
Davamlı iqtisadi inkişaf məşğulluq məsələlərinin də səmərəli həllini şərtləndirməkdədir. 2003-cü il oktyabr ayının 1-dən 1 yanvar 2013-cü il tarixədək muxtar respublikada 57109 yeni iş yeri yaradılmışdır ki, bunun da 40798-i və ya 71,4 faizi daimi iş yerləridir. 2012-ci il ərzində yaradılmış 8069 yeni iş yerinin 7743-ü və ya 96 faizi daimi iş yerlərinin payına düşür.

İstehlak bazarı

Ümumi iqtisadi inkişafı səciyyələndirən mühüm parametrlərdən biri əmtəə dövriyyəsinin artım sürətidir. 2012-ci ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 125 milyon manatdan artıq həcmdə istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2011-ci ildəki göstəricidən 18,4 faiz çoxdur.
Ticarət və xidmət sektorunda aparılan tədbirlər üzrə 2012-ci il ərzində Naxçıvan şəhərində avtomobillərin satış mərkəzi, firma mağazası, mebel salonu, məişət və iaşə xidməti sahəsi, Sədərək rayonunun Sədərək kəndində Ticarət, xidmət mərkəzi və bazar kompleksi, Şərur rayonunun Dərəkənd, Danyeri, Qorçulu və Qarxun, Babək rayonunun Kərimbəyli, Ordubad rayonunun Yuxarı Əylis, Behrud, Biləv, Parağa və Çənnəb, Culfa rayonunun Ləkətağ və Milax, Kəngərli rayonunun Çalxanqala, Şahbuz rayonunun Ağbulaq kəndlərinin hər birində bir xidmət mərkəzi və Culfa Gömrük İdarəsinin ərazisində ilk rüsumsuz ticarət mağazası yaradılmışdır.

Xarici ticarət, bank işi və sığorta  fəaliyyəti

2012-ci il ərzində muxtar respublikanın ticarət partnyoru olan xarici dövlətlərin sayının 40-dan çox olması faktı ümumi iqtisadi aktivliyin mühüm göstəricilərindən biridir. Yerli istehsal potensialının davamlı inkişafına uyğun olaraq, artıq muxtar respublikaya ərzaq idxalı, əsasən, məhdudlaşmışdır. İdxalın tərkibində əsas yeri sənayeləşmə proseslərinin intensivliyinə uyğun olaraq müasir texnologiyalar tutmaqdadır.
2012-ci ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 450 milyon 914 min 600 ABŞ dolları olmaqla, bir il öncəki göstəricini 12,5 faiz üstələmişdir. Xarici ticarət dövriyyəsinin 77 milyon 432 min 200 dollarını və ya 17,2 faizini idxal, 373 milyon 482 min 400 dollarını və ya 82,8 faizini ixrac təşkil etmiş və 296 milyon 50 min 200 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Son bir il ərzində ixracın həcmi 15,8 faiz artmışdır.
Bank sektorunun inkişafı hazırkı yüksək iqtisadi aktivliyə paralellik təşkil edir. 1 yanvar 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 16837-yə çatmışdır ki, bunun da 14057-si və ya 83,5 faizi aktiv hesablardır. 2012-ci il ərzində açılmış 4922 bank hesabının 4886-sı və ya 99,3 faizi aktiv hesablardır.
1 yanvar 2013-cü il tarixə muxtar respublikanın ərazisində fəaliyyət göstərən bank strukturlarında 6320 min manat həcmində əhali əmanəti mövcud olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1749,5 min manat və ya 38,3 faiz çoxdur.
İqtisadi münasibətlərin dərinləşməsi, öz növbəsində, sığorta işinin təkmilləşməsini zəruri edir. 2012-ci ildə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 4 milyon 859 min manat olmuşdur ki, bu da 2011-ci ildəki müvafiq göstəricidən 2 milyon 599 min manat və ya 2,2 dəfə çoxdur.

Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Sosial siyasətin mühüm tərkib hissəsi kimi elm və təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri ötən il ərzində də diqqət mərkəzində olmuşdur. 2012-ci ildə Ordubad rayonunun Aşağı Əylis kəndində seysmoloji stansiyanın tikintisi, Naxçıvan Dövlət Universitetinin Pedaqoji, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültələrinin binasının yenidən qurulması başa çatdırılmışdır.
Şərur rayonunun Yuxarı Aralıq və Danyeri kəndlərinin hər birində 414 şagird yerlik, Dərəkənddə 216 şagird yerlik, Babək rayonunun Kərimbəyli kəndində 396 şagird yerlik, Ordubad rayonunun Behrud və Parağa kəndlərinin hər birində 110 şagird yerlik, Culfa rayonunun Ləkətağ kəndində 144 şagird yerlik, Kəngərli rayonunun Çalxanqala kəndində 378 şagird yerlik, Şahbuz rayonunun Ağbulaq kəndində 216 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılmışdır.
Naxçıvan şəhərində 936 şagird yerlik 17 nömrəli, Babək rayonunun Nehrəm kəndində 900 şagird yerlik 1 nömrəli, Culfa rayonunun Yaycı kəndində 774 şagird yerlik 1 nömrəli tam orta məktəblərin, 608 şagird yerlik Naxçıvan Qızlar Liseyinin, Şərur rayonunun Qarxun kəndində 504 şagird yerlik, Qorçulu kəndində 198 şagird yerlik, Ordubad rayonunun Yuxarı Əylis kəndində 252 şagird yerlik, Şahbuz rayonunun Biçənək kəndində 252 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması, Ordubad rayonunun Çənnəb kəndində 198 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri, Heydər Əliyev adına Hərbi Lisey Kompleksinin, Babək rayonunun Şəkərabad və Hacıvar, Culfa rayonunun Boyəhməd kəndlərində tam orta məktəb binalarının və Ordubad şəhərində M.Füzuli adına tam orta internat məktəbi binasının təmiri başa çatdırılmışdır.
Culfa rayonunun Teyvaz kəndində tam orta məktəb binasının tikintisi, Naxçıvan şəhərində 10 nömrəli tam orta məktəb binasının yenidən qurulması davam etdirilir.
Naxçıvan şəhərində hər biri 280 yerlik olan 1 və 3 nömrəli, 242 yerlik 10 nömrəli uşaq bağçaları binalarının tikintisi, Sədərək rayonunun Sədərək kəndində 65 yerlik uşaq bağçası binasının yenidən qurulması başa çatdırılmış, Ordubad şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilməkdədir.
Naxçıvan şəhərində Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin, Culfa şəhərində və Kəngərli rayonunun Çalxanqala kəndində Uşaq Musiqi Məktəbinin binalarının tikintisi, Şərur rayonunun Yuxarı Daşarx kəndində Uşaq Musiqi Məktəbi binasının yenidən qurulması başa çatdırılmışdır. Bu dövr ərzində Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi Kompleksinin, Naxçıvan Muxtar Respublikası Turist-Diyarşünaslıq və Ekoloji Tərbiyə mərkəzlərinin yenidən qurulması başa çatdırılmışdır.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 3183 dəst kompyuter quraşdırılmış, hər 15 şagird bir dəst kompyuterlə təmin olunmuşdur. İstifadədə olan 3183 dəst kompyuterin 2643-ü və ya 83 faizi internetə qoşulmuşdur. Ümumtəhsil məktəblərində təhsilin daha keyfiyyətlə aparılması məqsədilə 500 elektron lövhə quraşdırılmışdır.
Təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğı bu sahədə keyfiyyət göstəricilərini ilbəil yaxşılaşdırmaqdadır. 2012-ci ildə ali məktəblərə sənəd verən məzunlardan 1834-ü və ya 52 faizə qədəri tələbə adını qazanmış, məzunlardan 455 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Ali məktəblərə qəbul olan məzunlardan 267-si 500-dən yuxarı bal toplamışdır. İxtisas seçimi zamanı 2011-ci ildə 930 tələbə, 2012-ci ildə isə 1107 tələbə muxtar respublikamızda yerləşən ali təhsil müəssisələrini seçmişlər. 2012-ci ildə 719 nəfər Naxçıvan Dövlət Universitetinə, 215 nəfər Naxçıvan Müəllimlər İnstitutuna, 173 nəfər isə Naxçıvan Özəl Universitetinə daxil olmuşlar.

Səhiyyə sahəsində genişmiqyaslı infrastruktur quruculuğu tədbirlərinə uyğun olaraq, 2012-ci ildə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin yenidən qurulması başa çatdırılmış, Babək Rayon Mərkəzi Xəstəxanasının tikintisi, Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasının yenidən qurulması hazırda davam etdirilir.
Şərur rayonunun Danyeri, Babək rayonunun Kərimbəyli, Ordubad rayonunun Yuxarı Əylis, Culfa rayonunun Milax və Kəngərli rayonunun Çalxanqala kəndlərində həkim ambu­latoriyası binalarının, Şərur rayonunun Dərəkənd və Qorçulu, Ordubad rayonunun Behrud və Çənnəb, Culfa rayonunun Boyəhməd və Ləkətağ, Şahbuz rayonunun Ağbulaq kəndlərində feldşer-mama məntəqələrinin, Ordubad rayonunun Parağa kəndində feldşer məntəqəsinin tikintisi başa çatdırılmışdır.
Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində 2012-ci ildə 50 nəfər xəstədə ürək əməliyyatı, 71 nəfər xəstədə koronarangio­qrafiya manipulyasiyası aparılmış, 31 nəfər xəstənin ürək damarlarına stend qoyulmuş, 173 nəfər xəstədə müxtəlif növ göz əməliyyatları, 99 nəfər xəstədə isə digər əməliyyatlar aparılmışdır.

Həyata keçirilən kompleks islahatlar, xüsusilə də əhali rifahının davamlı yüksəlişinə yönəldilmiş irimiqyaslı tədbirlər demoqrafik vəziyyətin qənaətbəxş mənzərəsini təmin etmişdir. 1 yanvar 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8708 nəfər və ya 2,1 faiz artaraq 427 min 228 nəfər olmuşdur. 2012-ci ildə muxtar respublikada 10525 körpə doğulmuşdur ki, bu da 2011-ci illə müqayisədə 121 nəfər çoxdur.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. 2012-ci ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 99 milyon 958 min manatdan çox vəsait yönəldilmişdir ki, bu da 2011-ci illə müqayisədə 17,3 faiz çoxdur. Bu dövr ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 47,6 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır.
Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar xüsusi qayğıyla əhatə olunmuş, 2012-ci ildə muxtar respublikada adambaşına aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 3 milyon 472 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ümumilikdə, bu dövr ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 242 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanı məhdud olan 232 uşağın müalicəsi təşkil edilmiş, 96 nəfər əlil müxtəlif sanatoriyalara yollayışlarla təmin edilmişdir.
Ötən dövr ərzində Naxçıvan şəhərində, Şərur rayonunun Aşağı Yaycı, Yengicə və Havuş, Babək rayonunun Aşağı Uzunoba və Şəkərabad, Ordubad rayonunun Yuxarı Əylis, Culfa rayonunun Boyəhməd və Gülüstan, Şahbuz rayonunun Keçili, Sədərək rayonunun Qaraağac kəndlərində və Kəngərli rayonunun Qıvraq qəsəbəsində sosial qayğıya ehtiyacı olan ailələr üçün hər birində bir və Şahbuz rayonunun Ayrınc kəndində təbii fəlakətdən zərərçəkmiş ailə üçün fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır. Bundan əlavə, 2012-ci ildə sosial qayğıya ehtiyacı olan 30 nəfərə minik avtomobili verilmişdir.
Gənclər siyasətinə uyğun olaraq, muxtar respublikada idman infrastrukturu intensiv qaydada yaxşılaşdırılır. Bu dövr ərzində Naxçıvan şəhərində Stend və Sportinq Atıcılığı Mərkəzinin, Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi, Babək rayonunun Babək qəsəbəsində Şahmat Məktəbi binalarının tikintisi başa çatdırılmışdır.
“Milli dəyərlər ili” elan olunan 2012-ci ildə muxtar respublikada beynəlxalq rəsm, folklor və muğam festivalları, ədəbi tədbirlər, ailə dəyərlərinin qorunub saxlanılması ilə bağlı seminarlar keçirilmiş, milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə kurslar təşkil olunmuşdur.
2012-ci ildə mədəniyyət obyektlərinin inşası və bərpası çərçivəsində Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Mədəniyyət Evinin tikintisi, Naxçıvan şəhərində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının yenidən qurulması, Şərur rayonunun Yuxarı Aralıq kəndində Mədəniyyət evinin, Şərur şəhərində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Babək Rayon Mədəniyyət Evinin təmiri başa çatdırılmış, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin binasının tikintisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan­şünaslıq Mərkəzinin yenidən qurulması hazırda davam etdirilir.
Naxçıvan şəhərində sərgi salonunun, Qədim Qala tarixi abidəsinin ərazisində və Ordubad rayonunun Nəsirvaz kəndində muzeylərin tikintisi, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin əsaslı təmiri, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Naxçıvan şəhərində “Milli mətbəx yeməkxanası”nın təmiri aparılmaqdadır.
Ordubad rayonunda Sabirkənddə və Kələki kəndində məscidlərin tikintisi, Şərur rayonunun Danyeri kəndində məscidin yenidən qurulması, Babək rayonunun Kərimbəyli kəndində məscidin təmiri, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ərazisində təmir işləri başa çatdırılmış, Culfa rayonunun Əbrəqunus kəndində məscidin tikintisi davam etdirilir.
Şahbuz rayonunun Ağbulaq kəndində bulaq-abidə kompleksinin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində Qədim Qala tarixi abidəsinin bərpası davam etdirilir.
Muxtar respublikada turizm məlumat bankının hazırlanması və digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlərin yaradılması, ən əsası isə tarixi və digər turizm obyektlərinin tanıdılması, turist səfərlərinin təşkili istiqamətində aparılan işlərin səmərəliliyinin artırılması məqsədilə Naxçıvan Turizm İnformasiya Mərkəzinin yeni binası istifadəyə verilmişdir. 2012-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 358 min 963 nəfər turist gəlmişdir ki, bu da bir il öncəki göstəricini 4,6 faiz üstələyir. Bu dövr ərzində Heydər Əliyev Su Anbarı və Uzunoba Su Anbarı ərazilərində yeni çimərliklər yaradılmışdır. Hazırda Şahbuz rayonunun Ağbulaq kəndində Turizm və İstirahət Kompleksinin tikintisi işləri davam etdirilir.

Hüquq-mühafizə orqanları ilə iş

Əvvəlki dövrlərdə olduğu kimi, 2012-ci il ərzində də hüquq-mühafizə orqanlarının iş şəraitinin daha da yaxşılaşdırılması və bu sahədə infrastrukturun yenilənməsi diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat və Miqrasiya Şöbəsinin, Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsinin inzibati binalarının, Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının və köməkçi infrastrukturlarının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksinin tikintisi hazırda davam etdirilir.
Naxçıvan şəhər və Babək rayon prokurorluqlarının inzibati binalarının tikintisi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin binalarının təmiri başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binalarının tikintisi davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şərur və Babək rayon şöbələrinin inzibati binalarının və texnika parklarının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında avtomobil parkının tikintisi davam etdirilir.
2012-ci ildə əldə olunmuş nailiyyətlər muxtar respublikanın ictimai-iqtisadi, sosial-mədəni həyatında yeni bir quruculuq səhifəsi açmışdır. Bu inkişafa öz töhfəsini verənlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Naxçıvan Muxtar Respublikasından 63 nəfər Azərbaycan Respublikasının medal və fəxri adları ilə təltif edilmiş, 7 nəfər Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 19 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur.
2012-ci ildə əldə olunmuş nailiyyətlər bir daha təsdiqləyir ki, Naxçıvan Muxtar Respublikasında mütərəqqi təcrübəyə əsaslanan iqtisadi və sosial islahatların dərinləşdirilməsi prosesləri uğurla aparılmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR