Ölkəmizdə, eləcə də muxtar respublikamızda makroiqtisadi sabitliyin qorunub saxlanması, ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir. Bu gün ümumi sosial-iqtisadi yüksəliş kənd təsərrüfatının xüsusi çəkisini davamlı surətdə artırmaqdadır. Kənd təsərrüfatı sahəsinə dövlətin qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına öz müsbət təsirini göstərib.
Məlum olduğu kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər bu kimi hallar bəzi ölkələrdə ərzaq qıtlığını real təhlükəyə çevirib. Bu baxımdan muxtar respublikada əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Ümumiyyətlə, artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Muxtar respublikada ərzağa olan daxili tələbatın, əsasən, öz yerli istehsal hesabına ödənilməsi üçün istehsal sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir və bu proses davam etdirilməkdədir.
Qeyd edək ki, muxtar respublikamızda cari ilin birinci yarısında sözügedən sahədə artım 6,4 faiz təşkil edib. Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin məhsulu üçün 60 min 829 hektar sahədə əkin aparılıb. Ümumi əkin sahəsinin 38 min 908,7 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalı ilə birlikdə), 2962 hektarını kartof, 6125 hektarını tərəvəz, 2744 hektarını bostan bitkiləri, 264 hektarını texniki bitkilər, 9825,3 hektarını isə yem bitkiləri təşkil edir.
Kənd təsərrüfatı sahəsinin heyvandarlıq məhsulları bölməsində bəhs olunan dövrdə diri çəkidə ət istehsalı 2,3 faiz artaraq 10 min 500,8 tona, süd istehsalı 0,5 faiz artaraq 45 min 754,5 tona, yumurta istehsalı 0,1 faiz artaraq 43 milyon 675 min 900 ədədə çatıb, ötən ildəkindən 1,5 faiz çox və ya 790,1 ton yun istehsal edilib.
2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 8,7 faiz, heyvandarlıq məhsulları istehsalı 4,3 faiz artıb.
Ümumiyyətlə, ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, habelə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahənin inkişafında mühüm rol oynayıb. Dövlət proqramında ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulub.
Dövlət proqramında xüsusi olaraq qeyd edilir ki, 2015-ci ilədək dənli bitkilərin əkin sahələrini 38 min hektara çatdırmalı, 150 min ton dənli bitkilər istehsal edilməlidir. Ət istehsalı 25 min tona, süd və süd məhsulları istehsalı 100 min tona, sənaye üsulu ilə quş əti istehsalı 3 min tona, yumurta istehsalı isə 70 milyon ədədə çatdırılmalıdır.
Cari ilin birinci yarısında da əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının icrası istiqamətində kənd təsərrüfatı sektoruna güzəştli kreditlər verilib, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib. Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, su təminatı və meliorativ tədbirlər görülüb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artıb, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməyib və bu sahədə sabitliyə nail olunub.
Muxtar respublikada taxılçılıq xüsusi önəm verilən sahələrdən biridir. Tələbatın daxili imkanlar hesabına ödənilməsi əsas tutularaq taxıl əkini sahələri ilbəil genişləndirilir. Bu səbəbdəndir ki, 2014-cü ilin məhsulu üçün 35 min 749,7 hektar sahədə taxıl əkilib. Bu sahələrin 26 min 274,1 hektarını buğda, 9475,6 hektarını isə arpa təşkil edib. Torpaq mülkiyyətçiləri əkin sahələrində aqrotexniki tədbirləri vaxtında həyata keçirdiklərinə görə zəmilərdən 103 min 70 ton məhsul əldə ediblər. Taxıl istehsalı ilə yanaşı, bu strateji məhsulun ehtiyatının yaradılması da diqqətdə saxlanılıb, ümumi tutumu 9 min ton olan üç yeni bunker istifadəyə verilib. Bununla da, muxtar respublikada taxılı uzun müddətə saxlamağa imkan verən anbarın həcmi 18 min tondan 27 min tona çatdırılıb. Haliyədə muхtar respublikada 17 taхıl emalı müəssisəsi fəaliyyət göstərməkdədir.
Aqrar sektorun inkişafında mühüm vəzifələrdən biri soyuducu anbarların yaradılması, mövsümi tələbatdan artıq məhsulların bu anbarlara tədarükü və əhaliyə ucuz qiymətlərlə satışından ibarətdir. Çünki bu anbarlar bir tərəfdən istehsal olunan məhsulların satışı ilə əlaqədar meydana çıxan problemləri aradan qaldırmaqla meyvə-tərəvəz məhsullarının yetişdirilməsinə marağı artırırsa, digər tərəfdən əhalinin il boyu keyfiyyətli yerli məhsullarla təminatına imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 12 min 150 ton olan 17 hüquqi və fiziki şəxsə məxsus 19 soyuducu anbar fəaliyyət göstərir. Tutumu 5370 ton olan digər 10 soyuducu anbar isə meyvə-tərəvəz məhsullarının tədarükü və saxlanması üzrə ixtisaslaşıb. Bu anbarlara mövsüm ərzində 6228,75 ton məhsul yığılıb. Belə ki, 4852,28 tоn kartof, 504,82 ton soğan, 618,50 ton alma və digər kənd təsərrüfatı məhsulları tədarük olunub. Bu məhsulların keyfiyyəti də diqqət mərkəzində saxlanılıb, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası tərəfindən soyuducu anbarlara gətirilən və burada saxlanılan məhsullardan vaxtaşırı nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, onların normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.
Muxtar respublikada sahibkarlığın yeni mərhələyə qədəm qoyması nəticəsində ənənəvi fəaliyyət sahələrinə yeni innovasiyaların tətbiqi də genişlənir. Belə gəlirli sahələrdən biri də istixana kompleksləridir. Bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində cari ilin ilk altı ayı ərzində tərəvəz istixanası üzrə 1 layihənin maliyyələşdirilməsinə 30 min manat güzəştli kredit verilib. Qeyd edək ki, bu gün muxtar respublikada tərəvəz yetişdirən istiхana kоmplekslərinin sayı 12-yə, ümumi sahəsi isə 52 min 316 kvadratmetrə çatmışdır. Həmçinin Sahibkarlığa Kömək Fondu tərəfindən limon istixanası üzrə ötən ildən davamlı olmaqla, 1 layihənin maliyyələşdirilməsinə 20 min manat kredit verilib.
Ərzaq təhlükəsizliyinin təminatı daxili istehsal və emal sahələrinin inkişafını sürətləndirməklə yanaşı, rəqabətqabiliyyətli məhsulların istehsalını da stimullaşdırır. Bu baxımdan dövlətin əsas hədəflərindən biri də ölkədə sahibkarlığın inkişaf etdirilməsi olub. Çünki kiçik və orta sahibkarlığın inkişafı həm də dövlətin iqtisadi sabitliyinin əsas şərtlərindən biridir. Buna görə də muxtar respublikamızda sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti yaradılıb. Ötən illər ərzində sahibkarlığın inkişafına ayrılan vəsaitin həcminin ilbəil artırılması bir daha göstərir ki, sözügedən sahə daim dövlətin diqqət mərkəzindədir.
Həyata keçirilən layihələr istiqamətində əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı əsas götürülüb, bu təminatda başlıca rol oynayan kənd təsərrüfatında 2 yeni layihə olmaqla, 5 layihənin maliyyələşdirilməsinə 105 min manat yönəldilib. Əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı üçün kənd təsərrüfatının vacib sahəsi olan heyvandarlığa xüsusi diqqət yetirilib, heyvanların baş sayında və heyvandarlıq məhsulları istehsalında artıma nail olunub. 2014-cü ilin birinci yarımili ərzində heyvandarlığın inkişafı üçün Sahibkarlığa Kömək Fondu tərəfindən 1 yeni layihə olmaqla, 2 layihənin maliyyələşdirilməsinə 50 min manat kredit verilib.
Muxtar respublika əhalisinin quş əti və yumurtaya olan tələbatının ödənilməsində quşçuluq təsərrüfatlarının rolu böyükdür. Daxili bazarda quş əti və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsini təmin etmək istiqamətində bəhs olunan dövrdə ötən ildən davamlı olmaqla, 1 layihənin maliyyələşdirilməsinə 5 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Dövlət proqramının icrası istiqamətində ərzаq məhsullаrınа оlаn tələbаtın dаhа dоlğun və yerli istehsal hesabına ödənilməsində dövlət mаliyyə dəstəyi göstərilmiş 220 hеyvаndаrlıq, 59 ətlik və yumurtаlıq istiqаmətində quşçuluq, 9 bаlıqçılıq, 94 аrıçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfаtı mühüm rol oynayır.
Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə də əsaslı islahatlar reallaşdırılıb.
Göründüyü kimi, muxtar respublikada ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye
Nazirliyinin mətbuat xidməti