22 Dekabr 2024, Bazar

Bu isə firavan həyatdan, xoş güzərandan soraq verir

Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da əhalinin torpağa bağlılığını artırmaq, iqtisadiyyatımızın əsasını təşkil edən kənd təsərrüfatını inkişaf etdirmək üçün həyata keçirilən ardıcıl tədbirlər öz bəhrəsini verir. Bunu Şərur rayonunun timsalında da görmək mümkündür. Belə ki, rayonda Arpaçay dəryaçasının hesabına su probleminin həll edilməsi və Araz çayı boyunca nasos stansiyalarının işə salınması bölgədə əkinçiliyə marağı xeyli artırıb, kənd təsərrüfatının inkişafında yüksəlişə nail olunub.
Təqdirəlayiq hal isə digər bölgələrimiz kimi, Şərur rayonunda da taxılçılığın aparıcı sahəyə çevrilməsidir. Bunu şərurluların bu sahədə əldə etdikləri nailiyyətlərin göstəricisi olan statistik rəqəmlər də təsdiqləyir. Təkcə cari ildə rayonda 9184,1 hektar sahədən 28 min 249 ton yüksəkkeyfiyyətli taxıl istehsal olunub. Bu ilin payızında daha çox sahədə taxıl əkininin keçirilməsi planlaşdırılıb. Ümumiyyətlə, Şərurda bu mühüm strateji ərzaq məhsulunun istehsalına maraq ilbəil artır. Bunun başlıca səbəblərindən biri rayonda un dəyirmanlarının tikilib istifadəyə verilməsidir. Hazırda burada 4 müasirtipli un dəyirmanı fəaliyyət göstərir. Odur ki, şərurlular da yetişdirdikləri buğdanı una çevirmək üçün heç bir çətinlik çəkmirlər.

Bu günlərdə dəyirmanlardan birinə – rayon mərkəzində yerləşən Şərur Taxıl Məhsulları Emalı Müəssisəsinə yollandıq. Yol boyu xəyal məni çox uzaqlara aparmışdı. Keçmiş, uşaqlıq illərim hafizəmdə canlanırdı...
...Qonşu Vərməziyar kəndinin üst tərəfində çaydaşından tikilmiş balaca bir dəyirman vardı. Deyilənə görə, yaşı çox idi. Kiçik, ancaq əyilib keçilə bilən, açanda-örtəndə cırıldayan taxta qapısı vardı. Yaşlı bir kişinin idarə etdiyi bu dəyirmanın həndəvərinə biz uşaqları buraxmazdılar. Ora hərdən oğrunca gedər, dəyirmanın arxasında suyun hündürlükdən axıb nova tökülməsinə baxardıq. Dəyirmanın qarşısı həmişə at, öküz, ulaq arabaları və dəvələrlə dolu olardı. Bunlar buğdanı dəyirmana gətirər, unu aparardılar.
O günləri xatırlayanda çox ağır zəmanədən, qıtlıq illərindən yaxa qurtarmağımıza kim sevinməz? Müasirtipli un dəyirmanı ilə tanışlıq zamanı bir daha duydum ki, o keçmişin qapısından bu günün astanasına ayaq qoymaq heç də asan başa gəlməyib. Ölkəni dünəndən bu günə gətirən, bunun üçün misilsiz xidmətlər göstərən ulu öndərimiz Heydər Əliyev xalqın gələcəyinə hesablanan siyasətin əsasını qoyub. Sevindirici haldır ki, bu gün o möhtəşəm planlar ardıcıllıqla həyata keçirilir. Şərur Taxıl Məhsulları Emalı Müəssisəsi də yeniliyin təzahürüdür.
Dəyirman 2002-ci ildə müasir texnologiya əsasında qurulub, bu il isə dəyirmanda təmir işləri aparılıb, mövsüm ərzində ehtiyac duyulan ehtiyat hissələr alınıb.
Müəssisənin rəhbəri Nəcəf Orucovla söhbətimizdə öyrəndik ki, dəyirmanda ötən il min tondan artıq dən üyüdülüb, cari ildə bu rəqəmin daha yüksək olacağı gözlənilir. Nəcəf Orucov bildirdi ki, muxtar respublikamızda əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, atılan addımlar hamımızı sevindirir. Sahibkarlıq fəaliyyətinə belə geniş meydan verilməsi də bu tədbirlərin bir qoludur. Artıq diyarımızda özəl bölmənin və sahibkarlığın inkişafı, orta təbəqənin formalaşması iqtisadi siyasətin əsas istiqamətlərindən birinə çevrilib.
Sonra istehsal prosesi ilə tanış olduq: buğda əvvəlcə beton çəlləyə tökülür, buğdaələyən maşına keçir. Burada taxıl təmizlənir və məhsul yuyulmaq üçün digər makinaya ötürülür. Həmin makina buğdanı yuyur və qurudur. Yuyulmuş buğda 1-2 saat dincə qoyulur. Sonrakı prosesdə buğdanın üst hissəsi, yəni qabığı soyulur və oradan əsas aparata, döyən avadanlığa ötürülür. Buğda döyülüb un halına salınandan sonra ələyə keçir. Ələk vasitəsilə məhsul birinci növ una, eləcə də kəpəyə ayrılır. “Şərur unu” yazılmış kisələrə doldurulur, elektron tərəzidə çəkilir və ağzı tikilərək sifarişçiyə verilir. Dəyirmandakı proseslər kompüter vasitəsilə idarə olunur.
Öyrəndik ki, burada quraşdırılan avadanlıqlar Türkiyə Respublikasının istehsalıdır. Sutkada 24 ton dən üyütmək gücünə malik olan dəyirman tək şərurluların deyil, qonşu Sədərək və Kəngərli rayonlarının da una olan tələbatının ödənilməsində böyük əhəmiyyət kəsb edir.
Dəyirmanda bir neçə taxılçı ilə söhbət etdik. Onlar müəssisənin fəaliyyətindən, burada xidmətin səviyyəsindən razılıqlarını bildirdilər. Axura kənd sakini Vaqif Orucov dedi:
– Torpaq payı alandan ona yaxın durmamışdım. Elə ki rayonumuzda müasirtipli un dəyirmanları fəaliyyətə başladı, mən də torpağa üz tutdum. İndi hər il tonlarla buğda yetişdirirəm. Həm ailəmizin illik ruzisini əldə edirəm, həm də istehsal etdiyim məhsulu satışa çıxarıram. Dəyirmanın bir də xeyri odur ki, mal-heyvanımın kəpəyi üçün də il boyu pul xərcləmirəm.
“Hər ton dənin üyüdülməsi üçün 26 manat qiymətin müəyyənləşdirilməsi də sərfəlidir”, – deyə Şərur şəhər sakini Yaqub Əliverdiyev onun sözlərinə əlavə etdi:
– Dəyirmana gələn taxıl dolu maşın karvanının ardı-arası kəsilmirdi. Varlığa nə darlıq. Şərur əkinçilərinin builki əməyi bərəkət bağlayıb. Elin sərvəti, sarı buğdası aşıb-daşır. Bu isə firavan həyatdan, xoş güzərandan soraq verir.
Müəssisənin nəzdində lavaş sexi də fəaliyyət göstərir. Lavaşın keyfiyyətinə ciddi diqqət yetirildiyini bildirən Nəcəf Orucov onu da qeyd etdi ki, ilk növbədə, insanların sağlamlığı qorunmalıdır. Buna görə də lavaşın tərkibi, keyfiyyətinin yüksək olması diqqətdə saxlanılır.
Beləcə, Şərur Taxıl Məhsulları Emalı Müəssisəsindən xoş təəssüratla ayrılırıq. Bir az aralıda, magistral yolun qarşı tərəfində Şəhriyar kəndinin sahələri görünür. Traktorlar burada şum edir. Payızlıq taxıl əkininə hazırlıq görülür, gələn ilin bol məhsulu üçün indidən zəmin yaradılır.
Bəli, torpaq islahatı kəndə və kəndliyə sahibkarlıq hissi aşılayıb. İndi kənd adamının bu torpaqda becərdiyi məhsullar arasında taxıla böyük maraq göstərilməsi də təbiidir. Çünki bu vacib sahəyə dövlət dəstəyi yetərincədir. Elə bunun nəticəsidir ki, muxtar respublikamızın hər yerində un dəyirmanları tikilib və burada üyüdülən buğdanın unundan bişirilən çörəklər süfrələrimizin bəzəyinə çevrilib.

 Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR