22 Dekabr 2024, Bazar

Ümummilli lider Heydər Əliyevin belə bir fikri var: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Müasir günümüzdə bu fikrin təsdiqini ölkəmizin dinamik sosial-iqtisadi inkişafında daha aydın görürük. Hamımıza məlumdur ki, iqtisadi inkişafa nail olmadan heç bir sahədə uğur qazanmaq mümkün deyil. Təbii ki, müasir iqtisadiyyatın inkişafı iqtisadi idarəetmənin əsasları üzərində qurulur. Bu əsaslar isə müasir istehlakçıların tələb və maraqlarının tam ödəndiyi zaman düzgün istiqamətə yönəlir və bu yanaşmada “marketinq” dediyimiz fəaliyyət növü önə çıxır. “Bu gün bütün sahələrin inkişafı marketinq fəaliyyəti üzərində qurulub”, – deyən iqtisadçı-ekspertlərin yanılmadığının elə bu kiçik yazıda bir daha şahidi olacağıq. Ancaq əvvəlcə gəlin marketinqin nə olduğunu aydınlaşdıraq, ölkəmizdə marketinq fəaliyyətinin bugünkü mənzərəsinə nəzər yetirək.

Qeyd edək ki, “marketinq” ingilis sözü olub, Azərbaycan dilinə hərfi tərcüməsi “bazarda fəaliyyət” deməkdir. Müasir dövrdə marketinq fəaliyyətinə çox tərif verilib. Lakin bu sahədə aparıcı mütəxəssislərdən biri olan P.Drükerin marketinq haqqında dediyi bu fikir diqqəti daha çox cəlb edir: “Marketinqin məqsədi müştərini elə dərk etmək və başa düşməkdir ki, əmtəə və ya xidmət sonuncuya tamamilə münasib olsun, yəni məhsulu özü-özünü satsın”.
Marketinq bir iqtisadi fəaliyyət sahəsi kimi ötən əsrin əvvəllərində Amerika Birləşmiş Ştatlarında meydana gəlib və məhsul satışlarında olan çətinliklərlə əlaqədar inkişaf edərək digər kapitalist ölkələrinə də yayılıb. Ona görə kapitalist ölkə­ləri deyirik ki, məsələn, keçmiş SSRİ azad bazar iqtisadiyyatından uzaq olduğuna görə burada marketinqin tətbiqi mümkünsüz idi və hər şey standart planlaşma üzərində qurulmuşdu. Lakin marketinq mürəkkəb, eyni zamanda dinamik sistem olub, müəssisə, şirkət və sairin fəaliyyətinin idarə olunmasını, bazara hansı yollarla çıxmasını və uğur əldə etməsini təmin edir. Ümumilikdə, belə qəbul edək ki, marketinq uyğun məhsulun və ya xidmətin uyğun yerdə və uyğun qiymətlərlə alıcıya çatdırılması üçün aparılan fəaliyyətdir və o, iqtisadi, sosial, texniki, təşkilati və sair istiqamətləri özündə birləşdirən idarəetmənin aparıcı, eyni zamanda həlledici funksiyasıdır. Bir məhsulun istehsalından istehlakına qədər keçən yola nəzər salmaq kifayətdir ki, marketinq fəaliyyətinin necə böyük əhəmiyyət kəsb etdiyini görək. Bu gün marketinqin tətbiqi tələbatın və qiymətin öyrənilməsini, məhsulun keyfiyyətli istehsalını, malların düzgün saxlanılması və daşınması proseslərində mütərəqqi üsulların həyata keçirilməsini, reklamdan istifadə edilməsini və digər mühüm prosesləri nəzərdə tutur. Və ən əsası marketinq insan fəaliyyətidir, biznesdə uğurun əsas şərtidir. İndi isə marketinqə ölkəmizin simasında nəzər salaq.
Bəri başdan qeyd edək ki, ölkəmizdə marketinqin inkişafı hələ də tələb olunan səviyyədə deyil. Bunun bir çox səbəbləri var. Marketinq dinamikliyi, operativliyi və praktikanı sevən sahədir. Çünki marketinqdə hədəf seçmək, bu hədəf uğrunda mübarizə aparmaq və nəhayət, ona çatmaq istəyi var. Bu ardıcıllığın uğurlu davam etməsi isə yalnız o halda mümkün ola bilər ki, istehlakçı istəklərini vaxtında, dəqiq və rahat şəkildə ödəyə biləsən. Yalnız yenilikçi olan, mütəmadi olaraq bazar araşdırmaları aparan marketoloqların fəaliyyəti çalışdığı müəssisə üçün faydalı olur. Ölkəmizdə marketinqin indiyədək zəif inkişaf etməsinin əsas səbəbi isə, bir çox ekspertlərin də qeyd etdiyi kimi, ümumi bazarda yetərincə rəqabətin olmamasıdır. Nəzərə alaq ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir. İnkişaf etməkdə olan ölkələrin bazarlarında isə müəyyən qədər boş sektorlar olur. Boş sektorların olduğu bazarlarda isə rəqabət istənilən səviyyədə olmur. Ancaq bununla yanaşı, rəqabətqabiliyyətli məhsul istehsal edən sahələr də az deyil. Gəlin hər birimiz üçün daha münasib olan belə sahələrdən birinə – çörək istehsalı sahəsinə nəzər salaq. Yadımıza salaq, muxtar respublikanın iqtisadi blokada vəziyyətində olduğu dövrlərdə Naxçıvan şəhərində cəmi bir-iki çörək istehsalı müəssisəsi var idi ki, bu müəssisələr, belə demək mümkünsə, müştəri kasadlığı yaşamırdı. Çünki müştərilər yalnız çörək almaq istəyirdilər. Ancaq bu gün müştərilər təkcə çörək deyil, həm də həmin çörəkdə əlavə keyfiyyətlər axtarırlar. Müasir çörək alıcısı çörəyin tərkibindən tutmuş çəkisinədək, bişirilmə texnologiyasından qablaşdırılmasına, daşınmasına, piştaxtada saxlanılmasına qədər bütün prosesləri bilir və bunu yeri gəldikdə tələb etməyi bacarır. Əgər bu sadalanan proseslərdən biri onun üçün müəmmalı görünərsə və ya istəyini təmin etməzsə, həmin istehsal müəssisəsi həm müştərisini itirəcək, həm də nüfuzunu. Elə buna görə də bu gün çörək istehsalçılarını düşündürən əsas məsələ keyfiyyətli çörək istehsal etməklə istehlakçı tələbatlarını yüksək səviyyədə ödəməkdir. Məhz bu sadaladıqlarımız düzgün marketinq fəaliyyəti nəticəsində qurulur. Nəzərə alaq ki, çörək istehsalı müəssisələri işçi sayına görə ən az kollektiv sayılmaqla həm də daxili tələbatın təmin edilməsinə yönəlmiş istehsal müəssisələridir. Daha böyük həcmdə, həm də ixracyönümlü məhsul istehsal edən müəssisələrdə isə marketinq işinin düzgün qurulmaması, sözün əsl mənasında, fəlakətə çevrilə bilər.
Ölkə iqtisadçılarının təhlillərinə görə, Azərbaycanda son iki ildə marketinqin inkişafında müəyyən irəliləyişlər müşahidə olunmaqdadır. Bu yaxınlarda ölkəmizdə Milli Marketinq Forumunun keçirilməsi də bu sahənin inkişaf etdirilməsinə olan diqqət və marağın nəticəsidir.
Qeyd edək marketinq fəaliyyəti, sadəcə, biznesdə tətbiq olunmur. Marketinq bu gün həyatımızın bir parçasına çevrilib. Bunu necə başa düşmək olar? Məsələn, əksər valideynlər nə zamansa ailədə övladına “yaxşı oxusan, sənə filan hədiyyə alacağam və yaxud bunu etsən, səni gəzməyə aparacağam və sair” deyib, övladlarına “həvəsləndirici kampaniyalar təqdim edirlər”. Və ya mən bu yazını hazırlayarkən oxucu üçün maraqlı olsun deyə, burada bir neçə misal çəkmişəm. Birinci misalda valideynin məqsədi övladının yaxşı oxumağıdırsa, ikinci misalda yazının oxucular tərəfindən maraqla oxunmasıdır. Hər iki halda burada marketinq elementlərindən istifadə edilib: hədəf məqsədə çatmaqdır. Marketinqin əsas vəzifəsi inandırmaq olduğundan burada da əsas məqsəd inandırmaqdır. Müştəri də belədir: ona məhsulu satmağın əsas yolu onu inandırmaqdır. Məgər bu gün dünyanın ən keyfiyyətli avtomobil, telefon, mebel və sair məşhur brend­ləri bizi (istehlakçıları) inandırmaqla bu yüksəlişi əldə etməyiblərmi?
Gün ərzində müxtəlif informasiya vasitələri ilə istər-istəməz hansısa məhsulun reklamı ilə rastlaşırıq. Burada əsas məqsəd istehlakçıları məhsulun və xidmətin keyfiyyətinə inandırmaq deyilmi? Nəzərə alaq ki, reklam kampaniyası burada bir vasitədir və reklam marketinq fəaliyyətinin ən öndə gedən seqmentlərindən biridir. Deməli, buradan belə bir nəticəyə gəlmək mümkündür ki, biz marketoloq olmasaq da, istər-istəməz marketinqlə məşğuluq.
Bu gün muxtar respublikamızın iqtisadi inkişafı daha çox yeni müəssisələrin yaranması, mövcud şirkətlərin fəaliyyətinin genişləndirilməsi ilə xarakterizə olunur. Bu da, öz növbəsində, rəqabət bazarının genişlənməsini zəruri edir. Buna görə də yaxın gələcəkdə marketinq fəaliyyətinə ehtiyac daha da artacaq. Deməli, marketoloqlara da ehtiyacımız artacaq. Marketoloq isə bu gün dünyada ən çox ehtiyac duyulan peşələrdən biridir. Qeyd edək ki, marketinq fəaliyyəti sırf iqtisadi nəzəriyyələr üzərində deyil, həm də praktika və təcrübə əsasında qurulur. O zaman muxtar respublikamızdakı ali təhsil müəssisələrinin müvafiq kadr hazırlayan bölmələri ilə yerli şirkətlərin birgə əməkdaşlığı da bu işə öz töhfəsini verə bilər. Unutmayaq ki, marketoloq yenilikçi, sərhədsiz düşünə bilən, risk etməkdən qorxmayan və ən əsası inandırmağı bacaran insanların peşəsidir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR