“Cahan Holdinq” Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, artıq yeni xidmət sahəsinin yaradılmasına da nail olub, 2011-ci ilin oktyabr ayında istifadəyə verilən ticarət mərkəzində alıcılara nümunəvi xidmət göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. Ümumi sahəsi 10 min kvadratmetr olan ticarət mərkəzində Almaniya, Yaponiya, Cənubi Koreya və Türkiyə istehsalı olan texniki avadanlıqlar quraşdırılıb.
Ticarət mərkəzində 21 bölmədə müxtəlif çeşiddə, yəni bir binanın inşa olunmasından ev əşyaları ilə təminatınadək mal və materialların topdan və pərakəndə satışı həyata keçirilir, mallar isə orta qiymətdən 10-20 faiz ucuz satılır. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, İtaliya, Yaponiya və Cənubi Koreya istehsalı olan məhsullar da satılır. Mərkəzdə müştəri xidməti və satışdan sonrakı xidmət sistemi müasir standartlara uyğun qurulub. Belə ki, burada çalışan əsas xidmət heyəti Türkiyə Respublikası və Birləşmiş Ərəb Əmirliklərində kurs keçib. Dizayn, malların çatdırılması və quraşdırılması xidməti alıcıların rahatlığının təmin olunması, eləcə də göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Cahan” Alış-Veriş Mərkəzində (AVM) idarəetmə, satışın təşkili, mal təminatı, mühasibat sistemi bu sahədə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilməklə həyata keçirilir. Müəssisənin Bakı şəhərində, Türkiyə Respublikasında, Çin Xalq Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində nümayəndəlikləri fəaliyyət göstərir və “Cahan” AVM-in satınalma bölməsinin sifarişləri əsasında mal tədarük olunur. Həmçinin AVM-in satış, satınalma, mühasibat və sair bölmələrinin işçiləri də mütəmadi olaraq bu nümayəndəliklərə ezam olunur, bu sahədə müasir dünya təcrübəsi öyrənilir.
“Cahan” AVM-də kredit bölməsi də fəaliyyət göstərir ki, burada şirkətin daxili imkanları hesabına vətəndaşlara 9 aylıq faizsiz kreditlə mal əldə etmək imkanı yaradılıb. Malların kreditlə verilməsi prosesi sadələşdirilmiş formada – mal və material alan vətəndaşın və zamin duran şəxsin şəxsiyyət vəsiqələrinin surətləri təqdim olunmaqla aparılır. Həmçinin alış-veriş mərkəzindən mal alan müştərilərə hər 70 manat üçün bir uduş kuponu verilir, həmin uduş kampaniyası bayram və əlamətdar günlərdə həyata keçirilir. Məlumat üçün qeyd edək ki, ticarət mərkəzində fəaliyyətə başladığı 2011-ci ilin oktyabr ayından ötən dövr ərzində üç dəfə uduş kampaniyası keçirilib. Birinci və ikinci dəfə keçirilən uduş kampaniyasının hər birinə 1, üçüncü dəfə keçirilən uduş kampaniyasına isə 2 avtomobil çıxarılıb. Bu kampaniyalar zamanı 2 ədəd “OPEL”, 2 ədəd “NAZ-Lifan” markalı avtomobil və 100-dən çox bahalı hədiyyələr udulub. Həmçinin alış-veriş mərkəzində ayrı-ayrı vaxtlarda 10 faiz həcmində endirim kampaniyaları keçirilir. Həyata keçirilən bu tədbirlər alıcıların cəlb olunması ilə yanaşı, hər bir müştərinin münasib qiymətə daha keyfiyyətli məhsullar əldə etmələrinə xidmət edir ki, bu da istehlakçılar tərəfindən rəğbətlə qarşılanır.
“Cahan” AVM Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) dünyada tanınmış şirkət və firmalarla əlaqələr quraraq mənşə sertifikatı olan daha keyfiyyətli mal və materialların muxtar respublikamıza idxal olunması üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərir. Hazırda alış-veriş mərkəzi dünyanın 42 şirkət və firmalarının Naxçıvan Muxtar Respublikasında daimi satış nümayəndəsi və ya satış təmsilçisidir. Alış-veriş mərkəzində marketinq işi günün tələbləri səviyyəsində qurulub. Daxili bazarın tələbatı öyrənilməklə hər hansı bir malın sifarişi vaxtında verilir və alınan malların keyfiyyət göstəriciləri nəzərə alınmaqla dünya bazarında tanınmış şirkətlərdən idxal olunur. Yəni xarici ölkə və yerli istehsal mallarının satışı alıcıların arzularına və istəklərinə uyğun seçim etməyə imkan verir. Yüksək keyfiyyəti ilə seçilən bu məhsullar beynəlxalq standartlara tam uyğundur. Təkcə bir faktı qeyd edək ki, elektron avadanlıqlar Cənubi Koreyanın “Samsunq”, mebellər Türkiyənin “Mondi”, “Melinos”, “İstiqbal”, xalçalar “Gümüş suyu”, ev əşyaları “Emsan”, “Arzum”, inşaat materiallarından metlax və kafellər “Çanaqqala Seramik”, “Uşaq seramik” firmalarından alınıb gətirilir.
Onu da qeyd edək ki, ticarət mərkəzində POS-terminallar da quraşdırılıb, alınan mal və materialların pulunun ödənilməsi plastik kartlar, nağd ödəmələr isə nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir. Ötən dövr ərzində münasib qiymət, yüksək keyfiyyət prinsipi ilə işləyən “Cahan” AVM kifayət qədər alıcı cəlb etməklə muxtar respublikamızda ən böyük vergi ödəyicilərindən birinə çevrilib.
Dünya təcrübəsindən istifadə etməklə nümunəvi xidmət göstərilən “Cahan” AVM MMC-nin maddi-texniki bazası ildən-ilə daha da möhkəmləndirilir. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilib, yeni Əyləncə və İstirahət Mərkəzi istifadəyə verilib. Mərkəz 38 min kvadratmetr sahədə yaradılıb. Tikintisinə 2013-cü ildən başlanılan mərkəzdə istirahət edənlərə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb, burada ikimərtəbəli bina inşa edilib. Binanın birinci mərtəbəsində geyim mağazası, 2 kafe və sahəsi 1230 kvadratmetr olan örtülü oyun salonu vardır. Geyim mağazasında dünyanın məşhur geyim brendləri olan 14 firmanın məhsulları alıcılara təklif olunur. Kişi, qadın və uşaq bölmələrindən ibarət mağazada müştərilərə yüksək xidmət göstərilir.
Binanın ikinci mərtəbəsindəki mebel dəstlərinin satış bölməsində xarici ölkə və yerli istehsal məhsullarının satışı həyata keçirilir. Çeşid bolluğu alıcıların arzularına və istəklərinə uyğun səmərəli seçim etməyə imkan verir. Yüksək keyfiyyəti ilə seçilən bu məhsullar beynəlxalq standartlara tam uyğundur. Burada mebel dəstlərini 9 aylıq faizsiz kreditlə almaq mümkündür.
Əyləncə və İstirahət Mərkəzinin həyətində 33 metr hündürlüyündə, 144 yerlik 24 kabinəli karusel, 8 yerlik 120 dərəcəli yelləncək, 32 yerlik uşaq maşını, qatar və uşaqlar üçün nəzərdə tutulmuş 4 idman qurğusu vardır. Mərkəzin həyətində böyüklərin istirahəti üçün 1 kafe fəaliyyət göstərir. Həmçinin burada 1 fəvvarə və 4 hovuz da istifadəyə verilib, kukla teatrının tamaşalarının göstərilməsi üçün səhnə yaradılıb. Əyləncə və İstirahət Mərkəzində yaradılan şərait uşaqların istirahətinin səmərəli təşkili ilə yanaşı, həm də onların psixoloji hazırlıq səviyyələrinin yüksəldilməsi və əqli inkişafları baxımından əhəmiyyətlidir.
“Cahan Holdinq” Şirkətlər İttifaqının ticarət mərkəzində də yenidənqurma işləri aparılıb, binanın birinci mərtəbəsində ərzaq məhsullarının və gündəlik tələbat mallarının satışı həyata keçirilən yeni xidmət sahəsi, çörək və Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır. Hazırda ticarət mərkəzində fəaliyyət göstərən çörək və Şərq şirniyyatları sexinin məhsullarına böyük alıcı tələbatı vardır. Binanın ikinci mərtəbəsində elektrotexnika avadanlıqlarının və uşaqlar üçün əyləncə qurğularının satışı bölmələri yerləşir. Burada dünyanın qabaqcıl şirkətlərinin elektron avadanlıqlarını almaq və sifariş vermək mümkündür.
Mərkəzin inşaat materiallarının satışı binasında bütün növ tikinti materiallarının topdan və pərakəndə satışı təşkil olunub, anbar istifadəyə verilib. Burada 35 min addan çox məhsulun satışa çıxarılması mənzil təmiri, ev tikintisi və inşaat işləri zamanı alıcılara geniş seçim imkanı yaradır. Həmçinin Naxçıvan dairəvi avtomobil yolunun kənarında ayrılmış ərazidə “Cahan” inşaat materiallarının satış mərkəzi istifadəyə verilib ki, burada da ağır inşaat materiallarının satışına və yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinə əlverişli şərait yaradılıb.
Müasir görkəmi və memarlıq üslubu ilə seçilən ticarət mərkəzi əhalinin məşğulluğunun təmin olunmasına da öz töhfəsini verib. Hazırda “Cahan” AVM MMC-də 310 nəfər çalışır.
Kərəm HƏSƏNOV