Taxılçılıq muxtar respublikada kənd təsərrüfatının ən vacib sahələrindən biridir. Ərazinin torpaq-iqlim şəraiti bu vacib sahənin inkişafı üçün çox əlverişlidir. Odur ki, intensiv texnologiyalara üstünlük verilməklə taxıl əkini sahələri ilbəil genişləndirilir. Dövlətimizin aqrar sahənin, xüsusilə taxılçılığın inkişafı üçün gördüyü tədbirlərlə yanaşı, məhsuldar toxum sortlarından istifadə olunması, şırım üsulundan istifadəyə üstünlük verilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi və kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilməsi taxıl istehsalını xeyli artırmışdır.
Bol və keyfiyyətli məhsul əldə etmək məqsədilə yerinə yetirilən kompleks aqrotexniki tədbirlər içərisində ərazinin torpaq-iqlim şəraitinə uyğun taxıl sortlarının seçilməsi, rayonlaşdırılmış keyfiyyətli səpin materialından istifadə edilməsi və toxumun səpin üçün düzgün hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
Bioloji xüsusiyyətlərinə görə torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış taxıl sortlarından istifadə məhsuldarlığı xeyli artırır. Ona görə də taxıl əkininin yerli torpaq-iqlim şəraitinə uyğun sortlarla keçirilməsi daha məqsədəuyğundur. Əkiləcək torpaq sahələrinin təsnifatına, həmçinin sələfinə görə düzgün seçilməsi də məhsuldarlığın artmasına təsir göstərən amillərdəndir.
Bu məqsədlə muxtar respublikanın torpaq-iqlim şəraitinə və torpaq tiplərinə uyğun əkin atlasları hazırlanmış və aidiyyəti təşkilatlara təqdim olunmuşdur.
Əkin atlaslarından istifadə etmək muxtar respublikanın hər bir rayonu üçün xarakterik rayonlaşdırılmış sortların əkilməsi, torpaq-iqlim şəraitinə görə becərmə texnologiyasının tətbiqi baxımından çox önəmlidir.
Sahəyə yüksəkkeyfiyyətli toxumların səpilməsi məhsuldarlığın artırılmasında mühüm şərtdir. Toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır.
Sahədən qəbul olunmuş toxum materialını səpinə hazırlayarkən onun təmizlənməsi, qurudulması, sortlaşdırılması və dərmanlanması işləri ardıcıllıqla yerinə yetirilməlidir.
Toxum sahədən daşındıqdan sonra mexanikləşdirilmiş toxumtəmizləyən aqreqatlardan keçirilməlidir. Təmizlənmə prosesində canlı və ölü qarışıqlar, yarpaq və gövdə qalıqları, torpaq hissəcikləri, zədələnmiş və qırılmış toxumlar, alaq otlarının toxumları və sair ayrılmalıdır. Qeyd etmək lazımdır ki, qarışıqlarda rütubətin intensivliyi daha yüksək olduğuna görə toxumun təmizlənmədən uzun müddət qarışıqlarla bir yerdə saxlanması onun qızışmasına və nəticədə, səpin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Odur ki, toxum xırmana daşındıqdan sonra təcili təmizlənməyə verilməlidir.
Təmizləndikdən sonra toxumlar tələb olunan kondisiyayadək qurudulmalıdır. Toxumun rütubətliliyi çox olduqda onda tənəffüs prosesi güclənir, karbon qazının ayrılması çoxalır, rütubət və istiliyin miqdarı artır. Nəticədə, öz-özünə qızışma baş verir ki, bu da toxumun cücərmə qabiliyyətinə və digər keyfiyyətlərinə mənfi təsir göstərir. Əgər toxum nəmdirsə, onu sahədən daşıyarkən adi qaydada xırmanda sərib qurutmaq, lazımi rütubətliliyə (14-15 faiz) çatdırdıqdan sonra təmizlənməyə buraxmaq lazımdır. Toxum təmizləndikdən və qurudulduqdan sonra sortlaşdırılır. Burada əsas məqsəd səpin materialını xırda, cılız toxumlardan təmizləməkdir. Bu tədbir 1000 dənin kütləsinin artmasına, eynicinsli və eyniçəkili toxum fraksiyası əldə edilməsinə imkan yaradır. Bunun üçün toxumtəmizləyən aqreqatlardan istifadə vacibdir.
Toxumlar sortluq və əkin keyfiyyətlərinə görə qiymətləndirilir. Sortluq keyfiyyəti dedikdə sortun özünəməxsus əlamət və keyfiyyəti nəzərdə tutulur. Səpin keyfiyyətinə isə təmizliyi, cücərməsi, cücərmə enerjisi, rütubətliliyi, 1000 dənin çəkisi, ziyanverici və xəstəliklərə davamlılığı kimi amillər daxildir. Toxumların təmizliyi əsas bitki toxumlarının analiz üçün götürülmüş toxum çəkisinə nisbətən qarışıqların çəkisi ilə xarakterizə olunur. Standarta görə, əsas bitki toxumunun təmizliyi 97 faizdən az olmamalıdır.
Toxumlar səpin keyfiyyətinə görə kateqoriyalara bölünür. Məsələn, yumşaq buğda toxumları səpin keyfiyyətinə görə aşağıda qeyd olunan göstəricilərdən az olmamalıdır: I sinfin təmizliyi 99 faiz, cücərməsi 95 faiz, II sinfinki 98 faiz və 92 faiz, III sinfinki 97 və 90 faiz.
Əkin keyfiyyətinə görə I, II və III sinfə aid toxumlar kondisiyalı toxumlar adlanır.
Toxumların cücərmə qabiliyyəti də yüksək olmalıdır. Cücərmə qabiliyyəti 85 faizdən aşağı olan toxumlar səpin üçün yararsız sayılır.
Toxumların rütubətliliyi quru toxumun çəkisinə nisbətən faizlə ifadə olunur.
Tərkibində 14 faizdən çox su olmayan toxumlar əlverişsiz şəraitə yaxşı davam gətirir. Rütubətliliyi normadan yüksək toxumların isə cücərmə qabiliyyəti azalır, keyfiyyəti aşağı düşür, onlar xəstəliklərə asan tutulur. Uzun müddət saxlanılan, normal rütubətliliyə malik dənlərdə tənəffüs prosesi normal gedir, çürümə baş vermir, mikroorqanizmlər (kif göbələyi və bakteriyalar) onu zədələyə bilmir. Buğda, arpa, çovdarın tərkibində 14 faizdən çox rütubət olmamalıdır.
Toxumların çəkisi onların mütləq, yəni 1000 dənin çəkisi ilə təyin edilir. 1000 dənin çəkisi nə qədər çox olarsa, məhsuldarlıq yüksək olar. Adətən, səpin üçün 1000 dənin çəkisinin 42-44 qram olması normal hesab edilir.
Səpin üçün istifadə ediləcək dənlər eyni irilikdə olmalıdır. Əks təqdirdə, sünbüllərdə boyca bərabər olmayan toxumlar əmələ gəlir. Belə ki, sünbülün orta hissəsində dənlər iri, üst və alt hissələrində isə xırda olur. Bunları döydükdə eyni çəkidə olmayan dənlər alınır. Səpin belə dənlərlə aparılarsa, cücərtilər bir vaxtda çıxmaz. Ona görə də toxum başqa kondisiyalı qarışıqlardan təmizlənməli, cücərmə qabiliyyəti, mütləq çəkisi yüksək dənlər bir boyda olmalı, xəstəlik və ziyanvericilərə yoluxmamalıdır. Toxumlar çeşidləmə vasitəsilə bərabərləşdirilir.
Toxumluq materialın səpin keyfiyyətini xarakterizə edən amillərdən biri də onların xəstəlik və ziyanvericilərə qarşı davamlı olmalarıdır. Toxum materialının fitopatoloji ekspertizası göstərir ki, onlar bir çox parazit göbələklərin bərk və tozlu sürmə sporları, kif göbələklərinin sporları, kök çürüməsi xəstəliklərinin törədiciləri, bakteriyalar, viruslar və digər xəstəliklərin törədiciləri ilə yoluxur. Bu xəstəliklərin təsiri nəticəsində toxumun cücərmə faizi və keyfiyyəti aşağı düşür, nəticədə, səpin normasına düzgün əməl edilsə belə, sahədə arzuolunan sayda sağlam cücərti alınması mümkün olmur.
Seçim zamanı toxumluq sahələrindən götürülmüş nümunələrin sünbülləri bərk və tozlu sürmə sporları ilə sirayətlənibsə, bu sahələrdən götürülmüş məhsul səpin üçün yararsız hesab olunur və onun səpilməsinə icazə verilmir.
Aparılmış tədqiqatlar göstərir ki, toxumla yayılan xəstəliklər bütün əkinçilik zonalarında təbii iqlim şəraitindən asılı olaraq bu və ya digər səviyyədə yayılır və dənli bitkilərin məhsuldarlığına ciddi ziyan vurur.
Elmi-tədqiqat müşahidələri göstərir ki, toz sürmə xəstəliyinin sporları ilə yoluxmuş sahələrdə bitkilərin sıxlığı 32 faiz, kollanması 11 faiz, bərk sürmə sporları ilə yoluxmuş sahələrdə isə sünbüllərdə dənlərin sayı 10-15 faiz aşağı düşür.
Toxumla yayılan xəstəliklərin qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün səpiləcək toxumun dərmanlanması ən vacib təsərrüfat tədbirlərindən biridir. Dərmanlanmanı 2 müddətdə – səpinqabağı və səpindən xeyli qabaq aparmaq məsləhət görülür. Səpinqabağı dərmanlanma səpinə 5-10 gün qalmış aparılır. Bu zaman dərman toxumu yalnız səthi infeksiyalardan mühafizə edir, onun daxilinə nüfuz edə bilmir. Odur ki, səpinqabağı dərmanlanma toxumları xəstəliklərdən qorumaqda az effektli olur. Toxum materialını səpinə 1-3 ay qalmış dərmanlamaq daha səmərəli və keyfiyyətli üsul hesab edilir. Çünki burada həm dərmanın məsarif norması azalır, həm də onun təsir gücü artır.
Dənli bitki toxumlarının dərmanlanmasında aşağıdakı preparatlardan istifadə etmək olar:
1. Qranozon 1,5 kq/ton
2. Vitovaks 3 kq/ton
3. TMTD 3 kq/ton
4. Dinit 1,5 kq/ton
5. Alyans 1,5 kq/ton
Toxumun dərmanlanması mütləq və zəruri tədbirlərdəndir. Onun bütün şəxsi təsərrüfatlarda həyata keçirilməsi vacibdir. Dərmanlanma zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır; respiratorlardan, rezin əlcək və çəkmələrdən, eynəklərdən və sair vasitələrdən istifadə olunmalıdır.
Taxıl əkinlərinin aparılmasında toxum tədarükü mühüm yer tutur. Əkin üçün toxum tədarük edilən zaman sortundan və növündən asılı olmayaraq, səpindən qabaq toxumun təsərrüfat yararlılığı müəyyənləşdirilməlidir. Əkiləcək toxumdan nümunələr götürüb toxum müfəttişliyinin laboratoriyasında analiz etmək lazımdır. Analiz sənədində toxumun cücərmə qabiliyyəti, təmizliyi, sinfi, 1 kiloqram toxumun içərisindəki alaq toxumlarının sayı, 1000 ədəd dənin çəkisi, toxumun təsərrüfat yararlılığı, xəstəlik və zərərvericilərlə sirayətlənmə dərəcəsi və digər göstəricilər qeyd olunur. Bu sənədə görə, səpin dövründə toxumun səpin norması müəyyənləşdirilir.
Qazanılan təcrübə əsasında müəyyən edilmişdir ki, taxıl əkini keçirən zaman əkiləcək yerin torpaq-iqlim şəraitinə uyğunlaşmış, yəni rayonlaşdırılmış sortlardan istifadə məhsuldarlığın artırılması baxımından daha əhəmiyyətlidir.
Muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış buğdanın “Dağdaş”, “Quality”, “Quadilop”, “Bezostaya-1”, “Əzəmətli”, “Nurlu”, “Qiymətli”, “Əlincə”, “Gilavar”, “Ceyhan-99”, “Qobustan”, arpanın isə “Naxçıvan dəni”, “Qarabağ-7”, “Cəlilabad-19” sortlarından istifadə edilməsi məsləhətdir.
Qeyd olunan buğda sortları yerli torpaq-iqlim şəraitinə uyğun, məhsuldar olmaqla yanaşı, yüksək və keyfiyyətli un çıxımı verir ki, bu da çörəkbişirmə sənayesində geniş istifadə olunur.
Məlumat üçün bildirək ki, taxılçılıqla məşğul olan sahibkarlar bu sortları muxtar respublikada fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarına, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə və onun rayonlardakı bazalarına müraciət etməklə əldə edə bilərlər.
Məmmədqulu SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı