22 Dekabr 2024, Bazar

Ölkəmizin müasir sosial-iqtisadi inkişaf mənzərəsində regionların özünəməxsus yeri vardır. Bu da təbiidir. Çünki uzun bir müddətdən sonra yaradılan müasir infrastruktur şəraiti, əhalinin məşğulluğunun təmini sahəsində görülən işlər hər bir regionun sahib olduğu təbii və əmək resurslarının iqtisadi dövriyyəyə cəlb olunmasına güclü təsir göstərmişdir. Həyata keçirilən regional inkişaf proqramları öz müsbət nəticəsini verməyə başlamışdır. Artıq ölkəmizin iri şəhərləri ilə onun regionları arasında əhalinin həyat səviyyəsi fərqləri minimuma enmiş, kəndlərimiz sürətlə müasirləşdirilmişdir. Bütün bunları muxtar respublikamızın şəhər və kəndlərinin simasında da aydın görmək mümkündür. Şahbuz rayonunun müasir sosial-iqtisadi mənzərəsi Naxçıvan Muxtar Respublikasını bürümüş intibah ab-havası fonunda özünəməxsus rəngləri ilə seçilməkdədir.

Son illər Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi, Şahbuz rayonunda da geniş tikinti-quruculuq və abadlıq tədbirləri həyata keçirilməkdədir. Şahbuz şəhəri ərazisində fəaliyyət göstərən ticarət və məişət obyektləri, bir sıra inzibati binalar yeni üslubda təmir edilmiş, müasir şəhərsalma tələblərinə uyğunlaşdırılmışdır. Buna rayonun hamar örtüklü yollarına ilk qədəm basdıqda şahid olmaq mümkündür. Rahat yolların kənarındakı gözoxşayan səkilər, yaşıllıq zolaqları şəhərə xüsusi yaraşıq verir.

Şahbuz Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 2014-cü ilin ilk 6 ayı ərzində rayonun sosial-iqtisadi inkişafı istiqamətində mühüm işlər görülmüş, idarə, müəssisə və təşkilatların qüvvəsi qarşıya qoyulmuş bu vəzifələrin həyata keçirilməsinə istiqamətləndirilmişdir. Naxçıvan Muxtar Respublikasında elan olunmuş “Muxtariyyət ili”ndə vüsət almış geniş abadlıq-quruculuq tədbirlərindən Şahbuza da xeyli pay düşmüşdür. Şahbuz şəhərinin Heydər Əliyev prospektində və Səməd Vurğun küçəsində yeni səkilərin salınması, işıqlandırılma sisteminin yenidən qurulması davam etdirilmiş, gülkarlıqların salınmasına və bəzək ağaclarının əkilməsinə diqqət artırılmışdır. Bu il rayon mərkəzində 220 yerlik 3 mərtəbədən ibarət uşaq bağçasının, 216 şagird yerlik məktəb binasının, Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün 2 mərtəbəli inzibati binanın tikintisi davam etdirilməkdədir. Eləcə də rayonun Gömür və Nursu kəndlərində kənd və xidmət mərkəzlərinin, Nursu kəndində 234 şagird yerlik məktəb binasının, Xalq şairi Məmməd Arazın ev-muzeyinin tikintisi, Gömür kəndində məktəb binasının əsaslı təmiri aparılır. Şahbuz şəhərində su, kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması işləri davam etdirilir.
Şahbuz rayonu dağlıq ərazidə yerləşir. Ona görə də rayon iqtisadiyyatının əsasını təşkil edən və əhalinin əsas məşğulluq sahəsi olan aqrar sahənin inkişafı daim diqqətdə saxlanılır. Rayon sakinləri, əsasən, heyvandarlıq, arıçılıq, bağçılıq, habelə taxılçılıq və tərəvəzçiliklə də məşğul olurlar. Şahbuzun yerli məhsulları öz keyfiyyəti ilə seçildiyindən onların tanıdılmasına xüsusi bir ehtiyac da yoxdur. Bu məqsədlə əhalinin şəxsi mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsinə çalışılır. Muxtar respublikamızda aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı sayəsində Şahbuzda da bu sahəyə maraq xeyli artmış, ötən il bu ilin məhsulu üçün 1129 hektar sahədə payızlıq buğda əkini keçirilmiş, carı ilin yazında 201 hektar sahədə yazlıq arpa əkilmiş, ümumilikdə isə 1330 hektar sahədə taxıl əkini aparılmışdır. Sahələrdən bol məhsul tədarük edilmişdir.
Rayonda tərəvəzçiliyə də ciddi fikir verilir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələlər Şahbuz rayonunda da daim diqqət mərkəzində saxlanılmaqdadır. Cari ildə Şahbuzda 420 hektar sahədə kartof, 279 hektar sahədə tərəvəz, 239 hektar sahədə dənli-paxlalı, 6 hektar sahədə bostan bitkilərinin əkini aparılmışdır. Bu il yaşıllaşdırma tədbirləri də davam etdirilmiş, rayonda keçirilən iməciliklər zamanı yeni yaşıllıq zolaqlarının salınması üçün sahələr hazırlanmış, 9,4 hektar sahədə yeni bağlar salınmış, 1,2 hektar sahədə bərpa işləri aparılmış, 7847 ədəd meyvə ağacı, 1117 ədəd həmişəyaşıl ağac əkilmişdir. On iki min ədəddən artıq fidanların əkildiyi sahələrin suvarılması üçün lazımi şərait yaradılmışdır.
Şahbuz rayonunda aqrar bölmənin maldarlıq və heyvandarlıq sahəsi çox əlverişlidir. Bu məqsədlə sahə daim diqqət mərkəzində saxlanılır, baytarlıq məntəqələrinin müasir tələblərə uyğun fəaliyyət göstərməsi təmin edilir. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının laboratoriya müayinəsindən keçirilməsi, onların Naxçıvan şəhərində və rayon mərkəzində keçirilən yarmarkalarda satışının təşkil olunması üçün kəndli fermerlərə lazımi şərait yaradılmışdır.
Aqrar sahənin inkişafına göstərilən belə dövlət qayğısı maldarlığın və heyvandarlığın inkişafına öz müsbət təsirini göstərmişdir. 2014-cü ilin birinci yarısında rayon əhalisinin fərdi təsərrüfatlarında 23 mindən artıq iribuynuzlu, 121 min başdan artıq xırdabuynuzlu heyvan olmuş, 96 mindən artıq quş bəslənilmişdir. Şahbuzun balı təkcə muxtar respublikamızda deyil, ölkəmizdə və ondan kənarda da yaxşı tanınır. Bu il rayonda 19 min 650 arı ailəsi olmuşdur ki, bu da ötən ilin ilk 6 ayı ilə müqayisədə 1000 arı ailəsinin artması deməkdir. Cari ilin ötən dövründə 1127 ton ət, 5 min 795 ton süd, 3 milyon 24 min ədəd yumurta istehsal olunmuşdur.
Şahbuz Azərbaycanın yaxın gələcəkdə mühüm turizm mərkəzi ola biləcək təbii ehtiyatlara malikdir. Ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınan “Batabat”, “Ağbulaq” kimi istirahət guşələri ilə bərabər, rayonun digər ərazilərində də cazibədar turizm-rekreasiya ehtiyatları, gözoxşayan mənzərələr vardır. Rayon mərkəzi Şahbuz şəhərində müasir memarlıq üslubunda tikilən, yaxud yenidən qurulan inzibati və yaşayış binaları, sosial obyektlər, küçə və meydanlar, salınan geniş park və xiyabanlar, yol kənarlarında istifadəyə verilən bulaq abidələri, həyata keçirilmiş digər abadlıq tədbirləri Şahbuz rayonunun gözəlliklərinə yeni çalarlar əlavə edir.

İlin bu gözəl çağında Şahbuza yolu düşənlər dediklərimizə özləri şahid olarlar. Şüşə kimi hamar Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu ilə irəliləyib Şahbuza daxil olanda insan əli ilə yaradılan möcüzələrin təəssüratı altına düşürsən. Çünki dəyişən çox şeylər vardır. Bütün bunlar – tikilən, qurulan nə varsa, bu yerin insanları üçündür. Şahbuzluların müasir həyat tərzinə mühüm təsir edən quruculuq tədbirləri, yüksələn həyat səviyyəsi rayon əhalisini işdən daha möhkəm yapışmağa sövq edən, torpaq və su resurslarından, əlverişli keçən iqlim şəraitindən daha səmərəli istifadəyə cəlb edən mühüm bir stimuldur.

 Əli CABBAROV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR