22 Dekabr 2024, Bazar

“Şərur rayonunda vergi ödəyicilərinin məlumatlandırılması və vergilərin vaxtında ödənilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin 7 ayı ərzində sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan fiziki şəxs kimi həyata keçirən 384 vergi ödəyicisi qeydiyyata alınıb”. Bunu Şərur Rayon Vergilər Şöbəsinin rəis əvəzi Əbülfəz Baxşıyev qəzetimizə müsahibəsində deyib.
Bildirib ki, ayrı-ayrı sahibkarların müraciətləri qanunamüvafiq cavablandırılıb, bəyannamələrin düzgün tərtib edilməsinə köməklik edilib, elektron bəyannamə xidməti göstərilib. Həmçinin vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrinin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə bu il avqustun 1-dək sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1467 vergi ödəyicisi ilə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanaraq onlara parol-şifrələr verilib. Parol-şifrə verilmiş vergi ödəyicilərinin hamısının bəyannamələri elektron poçt vasitəsilə rayon Vergilər Şöbəsinə təqdim edilib. Cari ilin 7 ayında 485, ümumilikdə isə 1876 hüquqi və fiziki şəxsə bank hesabı açılıb ki, bu da ödəmələrin köçürmə yolu ilə aparılmasına əlverişli şərait yaradıb. Bu sahə diqqət mərkəzində saxlanılmaqla nağdsız hesablaşmaların tətbiqi sahəsi genişləndirilir.

Vergi ödəyicilərinin məlumatlandırılması ilə yanaşı, nəzarət işinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılması, proqnoz tapşırıqların bütün növ tədiyyələr üzrə yerinə yetirilməsi, qalıqlara yol verilməməsi, hesablanmış vəsaitin büdcəyə ödənilməsi, vergi orqanlarında qeydiyyatda durmadan fəaliyyət göstərilməsi, işəgötürən və işçilər arasında əmək müqavilələrinin bağlanmaması və vergidənyayınma hallarının qarşısının alınması məsələləri də diqqət mərkəzində saxlanılıb. Belə ki, 1 avqust 2014-cü il tarixədək rayon ərazisində fiziki və hüquqi şəxslərin fəaliyyət göstərdiyi 485 obyektdə nəzarət-kassa aparatı quraşdırılıb. 1876 hüquqi və fiziki şəxsə ciddi hesabat blankları tətbiq edilib. Cari ilin 7 ayında şöbəyə təqdim olunmuş bəyannamələrin kameral yoxlanılmasına diqqət daha da artırılıb. Eyni zamanda xüsusi razılıq (lisenziya) olmadan 3, xarici valyutanı ödəniş vasitəsi kimi qəbul edən 2, vergi orqanlarında uçotda durmayan 2, fərqlənmə nişanı olmadan sərnişindaşıma ilə məşğul olan 1, əmək müqaviləsi bağlamadan fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edən, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət etməyən 4 vergi ödəyicisinə, ümumilikdə, 1720 manat maliyyə sanksiyası və 130 manat inzibati cərimə tətbiq edilib, həmin vəsaitin tamamilə büdcəyə ödənilməsi təmin olunub. Həmçinin işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qaydalarına riayət olunması ilə əlaqədar reydlər davam etdirilib, ümumilikdə, 1 avqust 2014-cü il tarixədək 36 nəfərlə əmək müqaviləsinin bağlanmasına köməklik göstərilib. Cari ilin 7 ayında bağlanmış əmək müqavilələrində işçilərə ödənilən aylıq əməkhaqqının məbləği 180 manatdan az olmayıb.
Qeyd edək ki, görülən tədbirlər nəticəsində 2014-cü ilin 7 ayı ərzində bank orqanları tərəfindən rayonun ticarət, iaşə, xidmət və dövlət rüsumu alan idarə, müəssisə və təşkilatlarında qoyulmuş 66 ədəd POS-terminalın vergi orqanında qeydiyyatdan keçirilməsi təmin olunub. Bu işlər sürətlə davam etdirilir.
Təbii ki, vergi ödəyiciləri arasında aparılan maarifləndirici söhbətlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş vergilərin və digər icbari ödənişlərin düzgün hesablanması, büdcəyə vaxtında və tam köçürülməsi ilə əlaqədar həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib. Bunu Şərur Rayon Vergilər Şöbəsinin rəis əvəzi Əbülfəz Baxşıyevin 7 ayın yekunları ilə bağlı söylədikləri də təsdiq edir. Belə ki, bu dövrdə vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırıqda nəzərdə tutulmuş 1 milyon 624 min manata qarşı 1 milyon 738,3 min manat vəsait toplanılıb büdcəyə ödənilib ki, bu da 7 aylıq tapşırığın 107 faiz yerinə yetirilməsi deməkdir.

 Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR