Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək Rayon Şöbəsi üçün yeni inzibati binanın tikintisi sürətlə aparılır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçı kollektivi tərəfindən aparılan tikinti işlərinə bir neçə ay əvvəl başlanılıb. Binanın birinci mərtəbəsində qəlib-beton işləri başa çatdırılıb. Yaxın günlərdə ikinci mərtəbənin qəlibi qurularaq betonlama işlərinə başlanılacaq. İnşaatçılar keyfiyyət amilini diqqətdə saxlayır, işi vaxtında yekunlaşdırmaq üçün səylə çalışırlar.
* * *
Babək rayonunun Şəkərabad kəndində kənd mərkəzi üçün yeni bina tikilib. İkimərtəbəli müasirtipli binanın tikinti işlərini “Cahan İnşaat” Tikinti Şirkətinin kollektivi həyata keçirib. Babək Rayon İcra Hakimiyyətindən qəzetimizə verilən məlumatda bildirilib ki, binada əsas işlər başa çatdırılıb. Hazırda inşaatçılar son tamamlama işlərilə məşğuldurlar.
Xəbərlər şöbəsi