22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda sosial-iqtisadi inkişafın bəhrələri olan yeni quruculuq ünvanlarının sayı getdikcə artır. Bu, region sakinlərinə göstərilən qayğının ifadəsi kimi diqqəti çəkir. Qədim diyarımızın ən böyük bölgələrindən biri olan Babək rayonunun quruculuq xəritəsi də hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. “Muxtariyyət ili”ndə quruculuq tədbirləri həm rayon mərkəzində, həm də bölgənin bir neçə kənd yaşayış məntəqəsində davam etdirilir. 

Cari ilin birinci yarısında 13 yaşayış məntəqəsini əhatə edən Hacıvar-Vayxır-Sirab avtomobil yolu yüksək keyfiyyətlə yenidən qurularaq istifadəyə verilib. Babək qəsəbəsində rayon Mərkəzi Xəstəxanası və uşaq bağçası üçün yeni binalar tikilib. Həmin obyektlər müasir avadanlıqlarla təmin olunub, onların yerləşdikləri ərazilər abadlaşdırılıb. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası yenidən qurularaq müasir görkəmə gətirilib.

Cəhri kəndində sahə xəstəxanasının, 1 nömrəli tam orta məktəbin binaları yenidən qurularaq, xidmət mərkəzi üçün yeni bina tikilərək istifadəyə verilib. Həmin yaşayış məntəqəsində 2,8 kilometr uzunluğunda kənddaxili yola asfalt örtük salınıb. 1200 metr uzunluğunda qapalı drenaj xətti çəkilib, 2020 metr uzunluğunda içməli su xəttində təmir-bərpa işləri aparılıb. Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə mövcud avtomat telefon stansiyası 1024 yerlik yeni nəsil avtomat telefon stansiyası ilə əvəz edilib, Cəhri və Gülşənabad kəndlərini əhatə edən 256 nömrəlik yeni nəsil avtomat telefon stansiyası quraşdırılıb.
Hazırda Babək qəsəbəsində rayon Rabitə İdarəsi üçün yeni bina tikilir. Bu quruculuq tədbiri “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirilir. Obyektdə yaradılan şərait hesabına ötən müddət ərzində xeyli inşaat işi görülüb. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada dəmir-qəlib, zirzəmidə hörgü, suvaq və alçı işləri başa çatdırılıb. Həmin işlər hazırda birinci mərtəbədə davam etdirilir. İkinci və üçüncü mərtəbələrdə hörgü işləri aparılır.
Adıçəkilən tikinti təşkilatının bir qrup inşaatçısı Nehrəm kənd 2 nömrəli tam orta məktəb binasının yenidən qurulması ilə məşğuldur. Yeni layihəyə əsasən, zirzəmi ilə birlikdə 3 mərtəbə nəzərdə tutulmuş binaya 2 korpus əlavə edilir. Zirzəmidə bir neçə gündür suvaq işlərinə başlanılıb. Birinci korpusda panellərarası qəlib, digər korpusun zirzəmi və birinci mərtəbəsində suvaq işləri görülür, ikinci mərtəbədə dəmir-qəlib işləri aparılır.
Güznüt kəndində də həyata keçirilən kompleks quruculuq tədbirləri sürətlə davam etdirilir. Həmin tədbirlər “Naxçıvan Əcəmi Tikinti-Quraşdırma” Açıq Səhmdar Cəmiyyətinin inşaatçılarına həvalə edilib. İş icraçısı Adil Baxşəliyevdən aldığımız məlumata görə, bu yaşayış məntəqəsində kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi üçün binalar inşa edilir. İki mərtəbədən ibarət olacaq kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana və mədəniyyət evi fəaliyyət göstərəcək. Obyektdə tikinti işləri əsasən başa çatdırılıb.
Həkim ambulatoriyası üçün inşa edilən bina da 2 mərtəbədən ibarətdir. Kənd adamlarına böyük dövlət qayğısının daha bir ifadəsi olan bu obyektin inşasında da keyfiyyət amilinə ciddi diqqət yetirilir.
Yeni obyektlər sırasında 1 mərtəbədən ibarət xidmət mərkəzi də var. Hər 3 obyektin inşası başa çatdırıldıqdan sonra ərazi abadlaşdırılacaq, yaşıllıq zolaqları, gülkarlıqlar salınacaq.
Kənd tam orta məktəbinin binası da yenidən qurulur. Qısa müddət ərzində burada qapılar və istilik sistemi dəyişdirilib, döşəmə-tavan yenidən vurulub. Hazırda su xətti yenilənir, həyətyanı sahə genişləndirilir.
Quruculuq tədbirlərindən Qoşadizə kəndinə də pay düşüb. Adıçəkilən tikinti təşkilatının inşaat­çıları tərəfindən bu yaşayış məntəqəsində 2 mərtəbədən ibarət kənd mərkəzi, 1 mərtəbədən ibarət xidmət mərkəzi inşa olunur. Kənd tam orta məktəbinin binası yenidən qurulur. İndiyədək ikimərtəbəli olan məktəb binasına 1 mərtəbə də əlavə edilib. Həmçinin mövcud korpuslardan biri sökülərək yenidən tikilir. Həmin korpus zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq.
Rayonun Qahab kəndində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün yeni binalar tikilir, kənd tam orta məktəbin binası isə yenidən qurulur. Naxışnərgizdə isə kənd mərkəzi və məktəb üçün yeni binalar inşa edilir.
Rayonun yol təsərrüfatında da quruculuq işləri sürətlə davam etdirilir. Babək qəsəbə-Qoşadizə-Naxçıvan Beynəlxalq Hava Limanını birləşdirən yol genişləndirilir, Yarımca-Qahab-Naxışnərgiz avtomobil yolunun tikintisi aparılır.
Göründüyü kimi, “Muxtariyyət ili”ndə muxtar respublikamızın digər bölgələri kimi, Babək rayonunda da xeyli quruculuq tədbirləri həyata keçirilib və həyata keçirilməkdədir. Bütün bunları babəklilər regionumuzda davamlı xarakter almış sosial-iqtisadi inkişafın yeni bəhrələri kimi dəyərləndirirlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR