22 Dekabr 2024, Bazar

Sədərəklilər bu il 2 min tondan artıq kartof yetişdiriblər

Muxtar respublikamızın hər yerində olduğu kimi, sərhəd bölgəsi Sədərək rayonunda da aqrar sahə sürətlə inkişaf edir. Rayon üzrə təkcə keçən il 12 milyon 141,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2012-ci ilin göstəricisini 5,6 faiz üstələmişdir. Rayon bir sıra kənd təsərrüfatı məhsulları ilə özünü təmin edir və Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına bölgədən xeyli kartof, bostan-tərəvəz, meyvə və heyvandarlıq məhsulları çıxarılır.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” istehsalçıları daha da ruhlandırmış, hər sahədə məhsuldarlığın yüksəldilməsinə etibarlı zəmin yaratmışdır. Fermerlərə və torpaq mülkiyyətçilərinə kifayət qədər yardım göstərilməklə yanaşı, əkin-biçin sahəsində onlara tam sərbəstlik verilmişdir. Torpaq sahibi harada nə əkir bu, onun öz işidir. Lakin, ilk növbədə, ərzaq təhlükəsizliyi proqramı nəzərə alınır. Dövlətin tələbi belədir ki, bölgələr üzrə ixtisaslaşma aparılmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin “Mən bu barədə dəfələrlə öz təkliflərimi bildirmişəm: müəyyən işlər görülübdür, ancaq daha da konkret və ciddi təkliflər verilmişdir ki, biz bu ixtisaslaşmanı formalaşdıraq və yetişdirilən hər bir məhsul üzrə xüsusi stimullaşdırma amilləri də olmalıdır. Yəni bir bölgə üzrə, yetişdirilən hər bir kənd təsərrüfatı məhsulu üzrə xüsusi bir yanaşma tərzi olmalıdır” tövsiyəsinin mahiyyətini sədərəklilər dərindən dərk edirlər. Onlar keçən il 95 hektar sahədə kartof əkini keçirmiş, 1795,5 ton məhsul götürmüşlər ki, bu da əvvəlki illə müqayisədə 94,5 ton çoxdur.

Bu il isə rayonda 96 hektar sahəyə kartof toxumu basdırılmışdır. Əkin sahələri vaxtlı-vaxtında alaq otlarından təmizlənmiş, xəstəlik və ziyanvericilərə qarşı mübarizə aparılmışdır.
Torpaq mülkiyyətçiləri hektarın məhsuldarlığını keçən ildəkindən 11 sentner çox, yəni azı 200 sentnerə çatdırmaq üçün bütün qüvvələrini səfərbərliyə almışlar. Artıq gərgin vegetasiya dövrü arxada qalmışdır. İndi Heydərabad qəsəbəsinin, Sədərək və Qaraağac kəndlərinin tarlalarında kartofu yığıb-yığışdırmaq mümkün olmur. Ona görə də bu günlər torpaq sahibkarlarının fərəhi yerə-göyə sığmır. Onların əməyi öz bəhrəsini vermiş, sahələrdə bol məhsul yetişdirilmişdir. Artıq bir neçə gündür ki, tarlalardan kartof çıxarılmasına başlanmışdır. Bu iş sürətlə aparıldığından qısa vaxt ərzində 1200 tona yaxın kartof tədarük olunmuşdur. Hələ sahələrdə məhsul tükənməmişdir. Əkinçilər bundan sonra azı 800 tondan artıq kartof istehsal etmək əzmindədirlər.
Bu gün hər bir torpaq mülkiyyətçisi yaxşı başa düşür ki, qarşıya qoyulmuş əsas vəzifə ərzaq proqramının tələblərinə uyğun işləməkdən, muxtar respublikada ərzaq bolluğu yaratmaqdan, eyni zamanda kartofçuluğu daha da inkişaf etdirməkdən, daxili bazarı yerli məhsullarla təmin etməkdən ibarətdir.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR