22 Dekabr 2024, Bazar

Sürətli inkişaf Ordubadla yol yoldaşıdır

Füsunkar gözəlliklərə malik olan Ordubad haqqında tarixi mənbələrdə oxuduğumuz, coğrafiyaşünasların, səyyahların və digər görkəmli şəxsiyyətlərin verdiyi qiymət heç də təsadüfi deyil. Ordubadla bağlı təşbehlər də saysız-hesabsızdır – qədim yurd yeri, tarixi abidələr diyarı, yeraltı və yerüstü sərvətlərlə zəngin olan bölgə, alimlər yetirən torpaq. Ancaq bunlar içərisində Ordubada ulu öndərimiz Heydər Əliyevin verdiyi qiymət daha dəqiqdir: Azərbaycanın incisi. Fikrimizcə, bu qiymət digər təşbehlərin hamısını əhatə edir.
Bu gün sürətli inkişaf Ordubadla yol yoldaşıdır. Muxtar respublikanın digər bölgələri kimi, tikinti-quruculuq tədbirləri Ordubadı da əhatə edib. Rayonda gündəlik müşahidə olunan dövlət qayğısı daimi xarakter daşımaqdadır. Bir şəhər, 3 qəsəbə, 43 kənd yaşayış məntəqəsi olan rayonun özünəməxsus gözəllikləri Ordubadı qonaqlı-qaralı bir bölgəyə çevirib. Muxtar respublikanın ən yüksək zirvəsi hesab olunan Qapıcıq dağı (3904 metr), “Gəmiqaya” Tarixi-Bədii Qoruğu, Ordubad Rayon Tarixi-Memarlıq Qoruğu, 4 muzey rayonun yeraltı və yerüstü sərvətləri, tarixi-memarlıq və təbii abidələri haqqında ətraflı bilgilər verir. Söhbətimiz rayonun 2014-cü ilin ilk 6 ayında keçdiyi yol barədədir.

Tikinti-quruculuq tədbirləri qədim diyara müasir görkəm verib

Neçə illərdir ki, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirləri hesabına regionumuzun ən ucqar dağ və sərhəd kəndləri də müasir yaşayış məntəqəsinə çevrilməkdədir. Bağlar diyarı Ordubad rayonunda da belə tədbirlərin həcmi getdikcə artır. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan bölgədə elə bir yaşayış məntəqəsi tapmaq olmaz ki, orada quruculuq nəfəsi duyulmasın. Onu da xüsusi vurğulamaq lazımdır ki, rayonun relyefi mürəkkəbdir. Bu amil burada aparılan quruculuq işlərində çalışanları müəyyən çətinliklər qarşısında qoysa da, qurub-yaratmaq əzmi həmin çətinliklərə qalib gəlir. Görülən işlər isə, təbii ki, mövcud problemləri həll etməklə yanaşı, insanların məşğulluğunun təmin edilməsinə də müsbət təsirini göstərir, onların qurub-yaratmaq əzmini daha da artırır. Əvvəlki illərdə olduğu kimi, cari ildə də rayonda bir neçə ünvanda quruculuq tədbirləri davam etdirilir. Məlumat üçün bildirək ki, 2014-cü ilin ilk 6 ayı ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 28 milyon 548 min 900 manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 1,9 faiz artaraq 26 milyon 324 min 700 manat təşkil edib.
Ötən müddətdə Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsinin inzibati binasının, Yuxarı Əylis kəndində yeni məscid binasının tikintisi başa çatdırılıb. Akademik Yusif Məmmədəliyevin ev-muzeyi və Ordubad şəhərində 48 mənzilli ictimai yaşayış binası təmirdən sonra istifadəyə verilib. Ordubad şəhərinin mərkəzindən keçən Dübəndi çayında sahilbərkitmə və yaxınlıqdakı parkda aparılan abadlıq işləri başa çatdırılıb. Ordubad dəmiryol vağzalının yeni binasının, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad Yol Sahəsi, rayon Vergilər Şöbəsi, Ordubad Rayon Suvarma Sistemləri İdarəsi üçün inzibati binaların tikintisi, Ordubad şəhərindəki Buzxana tarix-memarlıq abidəsinin bərpası, Ordubad şəhərinin Mirzə Fətəli Axundov küçəsindəki 36 mənzilli ictimai yaşayış binasının təmiri davam etdirilir.
Güclü maarifçilik ənənələri olan Ordubad şəhər 3 nömrəli tam orta məktəbi üçün yeni binanın inşasına başlanılması həm məktəbin pedaqoji kollektivinin, həm də valideynlərin böyük sevincinə səbəb olub. 774 şagird yerlik məktəb binasının tikintisi “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Yeni məktəb binasında laboratoriyalar, hərbi kabinə, 48 sinif otağı, 4 elektron lövhəli sinif, 4 kompüter sinfi, 165 kvadratmetr sahəsi olan idman zalı, 2 müəllimlər otağı, 2 bufet müəllim və şagirdlərin ixtiyarına veriləcək. Hazırda rayonda daha bir yeni məktəb binası Aşağı Əylis kəndində tikilir. Bu obyektlərin tikintisi başa çatdıqdan sonra bölgədə yeni bina ilə təchiz olunan təhsil ocaqlarının sayı 23-ə çatacaq. Məlumat üçün bildirək ki, Aşağı Əylis kənd tam orta məktəbinin yeni binası 234 şagird yerlikdir. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada hörgü işləri əsasən başa çatdırılıb. Hazırda suvaq işləri aparılır, digər tikinti tədbirləri həyata keçirilir.
Rayonda aparılan quruculuq tədbirləri məktəb tikintiləri ilə məhdudlaşmır. Aşağı Əylis kəndində 2 mərtəbədən ibarət kənd mərkəzinin inşa olunması kənd sakinlərinə, Aşağı Əylisdə fəaliyyət göstərən qurumlara dövlət qayğısının daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları kəndə xüsusi yaraşıq verəcək hər iki obyektin tikintisində fəallıq göstərir, gördükləri işin keyfiyyətinə ciddi diqqət yetirirlər.

Aqrar sektorun inkişafı diqqət mərkəzindədir

Bölgənin torpaq-iqlim şəraiti bu rayonda kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa, əhalini keyfiyyətli ərzaq məhsulları ilə təmin etməyə, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verir. İlin ötən dövrü ərzində rayonda əkinçiliyin müxtəlif sahələrinin inkişaf etdirilməsinə diqqət artırılıb, uğurlu nəticələrə nail olunub. Bunu ilk olaraq taxılçılıqda müşahidə etmək mümkündür. Rayonun taxılçıları 2014-cü ilin məhsulu üçün 2147,9 hektar sahədə əkin aparıb. Onlar bütün aqrotexniki qaydalara vaxtında və düzgün əməl edərək 5772 ton məhsula sahib olublar. Gələn ilin məhsulu üçün sahələrdə şum qaldırılmasına başlanılıb.
Muxtar respublikada kartofçuluğun inkişafı üstün istiqamət verilən sahələrdən biridir. Ordubadın torpaq mülkiyyətçiləri 573 hektar sahədə əkin keçirib, hazırda məhsul tədarükü davam edir.
Ordubad rayonu muxtar respublikada daha çox meyvə, üzüm və tərəvəz istehsalı ilə məşğul olan bölgələrdən biridir. Ona görə də bu sahələr rayonun iqtisadiyyatının aparıcı sahələrinə çevrilib. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” rayonda bu gəlirli təsərrüfat sahələrinə marağı daha da artırıb. Cari ilin ilk 6 ayında ordubadlılar bar verən meyvə bağlarından 88 ton məhsul yığıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur. Tərəvəzçilikdə yaxşı təcrübə qazanmış rayonun torpaq mülkiyyətçiləri 672 hektar sahəni tərəvəz üçün ayırıblar. Sahələrdə bol məhsul yetişdirilib.
Rayonda heyvandarlığın inkişafı üçün də hərtərəfli imkanlar mövcuddur. Bölgədə baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi, müxtəlif profilaktik tədbirlərin aparılması bu sahədə də uğurlu nəticələr qazanılmasına imkan verib.
2014-cü ilin birinci yarısında rayonda diri çəkidə 977,8 ton ət, 3192,5 ton süd, 5620,9 min ədəd yumurta, 83,0 ton yun istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,9 faiz, süd istehsalı 2,2 faiz, yumurta istehsalı 0,1 faiz, yun istehsalı isə 3,6 faiz artıb.
Ordubadın iqlimi, coğrafi şəraiti arıçılığın inkişafında mühüm rol oynayır. 2014-cü ilin bəhs olunan dövründə rayonda 12510 arı ailəsi olub.
Kənd təsərrüfatında əkinçiliyin inkişaf etdirilməsində meliorasiya-irriqasiya işlərinin təkmilləşdirilməsi, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. İlin ilk 6 ayında bölgədəki nasos stansiyalarında əsaslı və cari təmir işlərinə diqqət artırılaraq 40,9 kilometr ara arxı lildən təmizlənib, Dəstə kəndində 1 kilometr uzunluğunda yeni kanal çəkilib. 12,5 kilometr içməli su xəttində təmir işləri həyata keçirilib. Ordubad şəhərində 1,3, Sabirkənddə 1,7, Yuxarı Əylis kəndində 1 kilometr uzunluğunda yeni su xətti çəkilib.
Ekoloji tarazlığın qorunmasında hər il keçirilən yaşıllaşdırma tədbirlərinin böyük əhəmiyyəti vardır. Ona görə də rayonda yaşıllıq sahələrinin artırılması günün vacib məsələləri sırasındadır. Bəhs olunan dövrdə Naxçıvan-Ordubad magistral yolunun Aşağı Əylis kəndi ərazisində yeni yaşıllıq zolağı salınıb. Ümumilikdə, yaz iməciliklərində 11 min 360 ədəd meyvə tingi, 1700 ədəd meşə tingi, 540 ədəd gül kolu, 155 ədəd həmişəyaşıl ağac olmaqla, 13 min 755 ədəd ting əkilib. Bu dövrdə 9,4 hektar sahədə yeni meyvə bağı salınıb, 7,6 hektar sahədə meşəbərpa işləri aparılıb.

Digər sahələrdə qazanılan uğurlar da az deyil 

Rayon üzrə informasiya və rabitə xidmətlərinin həcmi 2064,5 min manat olub ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Bəhs olunan dövrdə 158 evə yeni telefon xətti çəkilib, xətt təsərrüfatında təmir işləri aparılıb. Rayon ərazisində aparılan quruculuq tədbirləri ilə əlaqədar 3270 metr böyüktutumlu, 3980 metr kiçiktutumlu kabel yenisi ilə əvəz edilib, 1500 metr fiber-optik kabel çəkilib. Hazırda rayon mərkəzində fiber-optik kabel magistral xəttinin çəkilişi davam etdirilir.
Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən tədbirlər də diqqətçəkicidir. Belə ki, ötən müddət ərzində rayon ərazisində 10/04 kilovoltluq 17 yarımstansiyada cari təmir işləri aparılıb, 7500 metr məsafədə məftillər yenisi ilə əvəz edilib.
Ordubad rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunub. Bəhs olunan dövrdə əhali abonentlərinin sayı 10127-yə çatıb, 85 dövlət və 89 özəl müəssisə qazdan istifadə edib. Rayon Qaz İstismarı İdarəsi tərəfindən təmir işləri diqqət mərkəzində saxlanılıb, 552 metr qaz xəttinin yeri dəyişdirilib, 1192 metr uzunluğunda yeni qaz xətti çəkilib, 404 ədəd qaz sayğacı yenisi ilə əvəz olunub, 30 mənzilə yeni qaz xətti çəkilib.
2014-cü ilin ilk 6 ayında rayon Məşğulluq Mərkəzinə 188 nəfər işaxtaran vətəndaş müraciət edib. Qeydə alınmış işaxtaranların 162 nəfəri işlə təmin olunub, 8 nəfər Naxçıvan Regional Peşə Tədris Mərkəzinə göndərilib.
Rayonda iki əmək yarmarkası keçirilib. Bu da işaxtaran vətəndaşların işlə təmin olunmasında xüsusi rol oynayıb.

 Bu gün müstəqil ölkəmizin müasir bölgələrindən birinə çevrilmiş Ordubad  rayonunun 2014-cü ilin ilk 6 ayında keçdiyi yol barədə ətraflı danışmaq imkan xaricindədir. Bu yolun başlanğıcı 19 il bundan əvvəl qoyulub. 19 ildə, konkret olaraq bəhs olunan dövrdə qazanılan nailiyyətlər ulu öndər Heydər Əliyev siyasətinin, bu siyasətə sadiqliyin bəhrələridir. 

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR