Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, 2014-cü ilin ilk 7 ayı ərzində nazirlik və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 60 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 12 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 17 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 9 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 14 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olmaları, 3 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib.
Məlumatda o da bildirilir ki, keçirilən nəzarət tədbirləri zamanı 5 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb və həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb. Həmin şəxslərdən dördünün fəaliyyəti şəxsi nəqliyyat vasitələrindən istifadə etməklə sərnişindaşıma xidməti, 1 şəxsin fəaliyyəti isə səyyar qaydada qanunsuz olaraq ticarət fəaliyyəti göstərməsi olub. Aparılan operativ nəzarət işləri zamanı tətbiq edilmiş 6055,0 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin tamamilə büdcəyə ödənilməsi təmin edilib.
Qeyd olunan dövr ərzində 45 obyektdə nəzarət-kassa aparatlarının quraşdırılması işi aparılıb. Həmçinin bəhs olunan dövrdə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 13 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidələr zamanı müşahidəyədək olan dövriyyələr ilə müqayisədə 23676,2 manat dövriyyə artımına nail olunub.
Əlavə olaraq görülən tədbirlər nəticəsində 2014-cü ilin 7 ayı ərzində bank orqanları tərəfindən ticarət, iaşə, xidmət və dövlət rüsumu alan idarə, müəssisə və təşkilatlarda qoyulmuş 457 ədəd POS-terminalın vergi orqanlarında qeydiyyatdan keçirilməsi təmin edilib.
Operativ vergi nəzarəti tədbirləri davam etdirilir.
Xəbərlər şöbəsi