22 Dekabr 2024, Bazar

Uca Tanrı bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri cardaqlarda özünə pətək hör”. (“Qurani-Kərim”in “Nəhl” surəsi, 68-ci ayə).
Zərqanadlı bu kiçik canlılar ətraf mühitdən bal hasilatı üçün topladıqları çiçək tozu, nektar, şirə və biofəal maddələrin tədarükündən bir an belə, qalmırlar. İş mövsümündə ömrü 28-30 gün olan bal arıları 1 kiloqram bal üçün azı 20 milyonadək çiçəyə qonurlar. Bal, mum, bərəmum, arı südü, arı zəhəri əksər xəstəliklərin əlacı olan arı məhsullarıdır.
Misirin Qahirə Universitetində belə qənaətə gəliblər ki, şəffaf materialdan arı pətəyi hazır­lasınlar, arıların iş prinsipini kənardan müşahidə etsinlər. Qutu hazırlanır, arı ailəsi oraya köçürülür. Lakin 2-3 günün içərisində arılar şəffaf qutunu içəridən bərəmumla elə suvayırlar ki, içərini görmək mümkün olmur. Sözün əsl mənasında, sirri-xuda olan arının iş prinsipi, balın kimyəvi tərkibi, müalicə təsiri dörd min ildir, öyrənilsə də, hələ bu sirli arılar tamamilə öyrənilməyib.
Ulu Naxçıvan torpağında arıçılığın tarixi çox qədimdir. Bu yerlər arıçılıq üçün çox əlverişlidir. Naxçıvanın zəngin bitki örtüyü arı qisminin zəngin ruzi-bərəkət mənbəyidir. Ta qədimdən bu yurdun dağ kəndlərində gərməşov adlı kəskin, spesifik iyli bir kol bitkisinin hər il pöhrələyən cavan şivlərindən arı səbəti toxunardı. Elə indinin özündə də bəzi dağ kənd­lərində belə arı səbətlərinə rast gəlmək olur. İndiki taxta qutu arı pətəkləri olsa-olsa, 70-80 ilin nümunələridir.

Taxta qutularda saxlanılan arı ailələrini zərərverici və xəstəliklərdən qorumaq da asandır. Müxtəlif xəstəliklərə qarşı sahibkarlara hər cür dərman və bioprepatlar hazırda pulsuz verilir. Çünki bu maraqlı, faydalı, iqtisadi cəhətdən gəlirli sahəyə dövlət daim qayğı göstərir.
Arıçılıqda yem bazası başlıca şərtdir. Dənli, bostan-tərəvəz bitkiləri, yonca, xaşa, hər cür çiçək açan meyvə ağacları, bəzək kolları, xüsusən zəngin yatağa malik dərman bitkiləri plantasiyaları Naxçıvan torpağında hasilə gələn xalis balı, bəlkə də, digər bölgələrdən tamamilə fərqləndirir. Meşə ağaclarından palıd, vələs, fıstıq, yemişan, zirinc, doqquzdonu, cır alma, armud, alça, dovşanalması, yamaclarda quraqlığa görə sıx bitkisi olan gəvən kolları və digər nadir bitki növlərinin çiçəklərindən, tumurcuqlarından, gövdə çətirindən, yetkin meyvələrin şirələrindən çəkilən nektar və mürəkkəb biofəal maddələr balın tərkibini daha da zənginləşdirir. Odur ki, bal bir çox xəstəliyin təbii müalicəsində əvəz­olunmaz vasitədir. Halal, zəhmətkeş arı məhsuluna xələl gətirməyən arıçılar Şahbuz rayonunda çoxdur: Yunis Quliyev, Əziz Vəliyev, Elşad Hümbətov, Hənifə Əjdərov, Elxan Həsənov, Vaqif Hüseynov, Vaqif Kərimov, Məhərrəm Məhərrəmov, İdris Məmmədov, Dilsuz Dünyamalıyev, Hüseyn Rzayev və başqaları, demək olar ki, indiyədək bazar qapısını tanımayıblar. Təmiz və xalis bal hasilatında o qədər böyük təcrübəyə malikdirlər ki, onların müştəriləri erkən yazdan bal sifarişi verərək avqustun ortalarında gəlib onların həyətlərindən alıb aparırlar.
Təəssüf ki, ömründə bircə ağac əkməyən, arı pətəyi nədir, tanımayan, arıçılıq haqqında təsəvvürü olmayan saxta bal “ustaları” həmin arıçılardan aldıqları 5-10 kiloqram balı yarmarkalar vaxtı qeydiyyatdan keçirib əldə arayışa malik olaraq düzəltdikləri saxta balı camaata od qiymətinə satırlar. 1-2 kiloqram təbii bala ümidi gələnlər beləcə aldadılır. Bu zərif məxluqlar “Qurani- Kərim”in “Nəhl” surəsindəki 68-ci ayədə deyildiyi kimi, insanlara şəfa neməti hazırlamaqda Allahın əmrinə tabe olduqları halda, iri can-cüssəli saxta bal “ustaları” Allahdan qorxub çəkinmirlər. Elə bilirlər ki, qazancları həmişə olacaq. Ancaq itirdikləri qazandıqlarından çox olur.
Təbii balı saxta baldan necə ayırd etmək olar? Kibrit dənəsi 1-2 dəqiqə balda saxladıqdan sonra yanırsa, təbii baldır, yanmazsa, su ilə düzəldilən saxta baldır. Yaxud lavaş qurusunu bal camına salın, 5-6 dəqiqə gözləyin, islanmadı, quru qaldısa, deməli, həqiqi baldır, islandısa, süni şirədir. Bundan başqa, balı qabından qaşıqla qaldırdıqda şırnağı uzandıqca uzanıb saç tükü nazikliyində olsa da, şırnaq qırılmır, qırılanda da şırnaq sanki yuxarı dartılır. Ancaq saxta balda belə xüsusiyyət olmur. Əsl bal 2-3 aydan sonra xarlayıb ağarır. Buna balın bitməsi də deyirlər, yəni bal bir müddət sonra bitməlidir.
Bal Naxçıvan çuxurunda, əsasən, avqustun ortalarında hasilə gəlir. Şam bal, süzmə bal bir-birindən fərqlənir. Şam balda mum olduğundan təsir gücü daha yuxarıdır. Süzmə balı hazırlayarkən xüsusi alətlə çərçivədəki balın üzü sivrilir ki, balsüzən maşında sürətlə fırladılarkən bütün üsküklərin balı süzülə bilsin.
Ata-babadan lap elə dünyanın hər yerində balın bazar qiyməti inək yağı ilə eyni qiymətdə olub.
Balın misilsiz müalicəvi əhəmiyyəti var. Şəxsən tanıdığım və 110 il ömür sürmüş Məşədi Qəmbər baba cəmi iki gün xəstə yatdı. Oğlu deyirdi ki, atamın son bal payı camda qaldı. 100 il yaşayan arıçı Məşədi İsa baba da hər gün bal yeyərmiş; varlığa nə darlıq... 80-100 arı pətəyinə hər gün böyük zəhmətlə qulluq edən bu arıçılar ildə tonyarımdan çox bal süzərdilər. Onların əliaçıq olub qonum-qonşuya pay tutmaları indi də deyilir. Atalar sözüdü: “Verdin adındı, yığdın yadındı, yedinsə, dadındı”.

Qaşdar ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR