Muxtar respublikamızda mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsinə, su təminatının yüksəldilməsinə böyük əhəmiyyət verilir. Suya olan tələbatı ödəmədən xalq təsərrüfatı sahələrinin inkişafını və istehsalın iqtisadi səmərəliliyini təmin etmək mümkün deyildir. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivinə bu vəzifələri yerinə yetirmək üçün hərtərəfli şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə etməyə səy göstərən su təsərrüfatı işçiləri 2014-cü ilin ilk 6 ayını bir sıra nailiyyətlərlə başa vurublar.
Komitədən bildirdilər ki, qarşıya qoyulan başlıca məsələ muxtar respublikanın su ilə təminatına nail olmaqdır. Ona görə də mövcud su mənbələrindən səmərəli istifadə edilməsinə nail olmaq, bu qiymətli sərvəti torpaq mülkiyyətçilərinə vaxtında çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Kanal və arxların lildən təmizlənməsi, suvarma boru xətlərinin təmiri və yenilərinin çəkilməsi ilin ilk 6 ayında da davam etdirilib. Belə ki, 49,4 kilometr beton və torpaq kanallar, 38,5 kilometr kollektorlar, 270 kilometr ara arxları lildən təmizlənərək işlək vəziyyətə gətirilib. 1,2 kilometr kaptaj tikilib, 650 metr kaptaj təmir olunub. 17 kilometr uzunluğunda içməli su xətti çəkilib, 18,6 kilometr içməli su xəttində, 8,78 kilometr suvarma boru xəttində təmir işləri aparılıb. 40,12 kilometr yeni suvarma boru xətti, 0,6 kilometr yeni təzyiqli boru xətti çəkilib. Üç kilometr təzyiqli boru xətti təmir olunub. Çaylarda və selovlarda 43,9 kilometr sahilbərkitmə işləri aparılıb. Həmin tədbirlər rayonlarda da həyata keçirilib.
2014-cü təsərrüfat ilində muxtar respublikanın suvarma suyuna olan tələbatını ödəmək məqsədilə sututarlarda təmir işləri aparılıb, su anbarlarına 183 mln.m³ su yığılıb. Bəhs olunan dövr ərzində su istifadəçilərinə 110,5 mln.m³ suvarma suyu verilib. Bunun müqabilində təkrar suvarma da nəzərə alınmaqla, 91178 hektar torpaq sahəsi suvarılıb.
2014-cü ilin bəhs olunan dövründə 10 kəhrizdə təmir-bərpa işlərinə başlanılıb, 4 kəhrizdə bu işlər başa çatdırılıb. Altı kəhrizdə təmir-bərpa işləri davam etdirilir.
Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması istiqamətində də xeyli iş görülüb.
Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Naxçıvan şəhərinin kanalizasiya və içməli su şəbəkəsi əsasən yekunlaşmaqdadır. Bu ilin ötən dövrü ərzində 10,2 kilometr şəhərdaxili kanalizasiya şəbəkəsi, 4,1 kilometr şəhərdaxili su şəbəkəsi çəkilib, 1211 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. Həmin tədbirlər rayon mərkəzlərində və yaxın kəndlərdə də həyata keçirilib.
Kəngərli rayonunun torpaqlarını suvarma suyu ilə təmin etmək üçün Uzunoba gölündən diametri 720 millimetr olan boru ilə 2 ədəd suvarma xətti çəkilməklə nasos stansiyası tikilməkdədir. Nasos stansiyasından Sust sahələrinə suvarma suyunun verilməsi üçün 8 kilometr təzyiqli boru xətti çəkilib. Xəttin üzərindəki su hovuzunun tikintisi davam etdirilir.
Vayxır sol sahil kanalı altında Pircüvar düzündə 2000 hektar sahədə mexaniki suvarma şəbəkəsi tikilir.
Geniş həcmdə həyata keçirilmiş bütün meliorasiya və irriqasiya tədbirləri muxtar respublikamızda suya olan tələbatın ödənilməsinə xidmət edir. İlin ikinci yarısında həmin tədbirlər davam etdirilir.
Muxtar MƏMMƏDOV