22 Dekabr 2024, Bazar

İqtisadiyyatın inkişaf etdirilməsi üçün kredit dəstəyinin mühüm əhəmiyyəti vardır. Bu elə bir mexanizmdir ki, onun vasitəsilə bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın bütün sahələrinin bərabər inkişaf səviyyəsi təmin olunur və son nəticədə, cəmiyyətin bütün təbəqələrinin maraqlarını ödəyə bilən bir iqtisadi sistem formalaşır. Məhz pul-kredit sisteminin köməyi ilə çoxşaxəli iqtisadiyyatın formalaşdırılması mümkün olur ki, burada da kredit qoyuluşlarının sahələr üzrə paylanılmasının əhəmiyyəti böyükdür.
Kredit alıb müəyyən iş görmək, fərdi tələbatları ödəmək bir iqtisadi davranış və mədəniyyət kimi çoxdan məlumdur. Cəmiyyət inkişaf etdikcə iqtisadi həyatın müxtəlif sahələrində kredit münasibətləri genişlənməyə başlayır. Yetər ki, bu kreditlər vaxtında qaytarılsın. Kreditlər əsaslandırılmış istiqamətdə olduqda və onlar real iqtisadiyyatın tələblərinə uyğun istifadə olunduqda istənilən sahə üzrə öz müsbət səmərəsini verəcəkdir. Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf prioritetləri arasında kiçik və orta sahibkarlığın inkişafına verilən diqqət də kredit qoyuluşlarının sahələr üzrə şaxələndirilməsində özünü göstərir. Burada məqsəd, ilk növbədə, iqtisadi fəallığın regionun bütün bölgələrinə doğru yönəldilməsi, işgüzar təbəqənin maraqlarının təmin olunmasıdır. Muxtar respublikanın kommunikasiya imkanları və müasir inkişaf səviyyəsi onu da tələb edir ki, burada yerli imkanlar hesabına daha çox məhsul və xidmətlər istehsal olunsun və daha çox yerli əmək resursları buna cəlb edilsin. Ona görə də regional inkişafın prioritetləri arasında kredit qoyuluşlarının sahələr üzrə strukturunun təhlili maraq doğuran məsələlər arasında öz əhəmiyyətini qorumaqdadır.

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən, muxtar respublika iqtisadiyyatına 94 milyon 400 min manatlıq kredit qoyuluşu həyata keçirilmişdir. Bu rəqəmi 2010-cu ilin göstəricisi olan 60 milyon 152 min manatlıq kredit qoyuluşu ilə müqayisə etdikdə hər il orta hesabla 13-20 faiz artımla müşayiət olunan müsbət dinamikanı görmək mümkündür. Muxtar respublika iqtisadiyyatının şaxələndirilməsi istiqamətində başda sənaye və kənd təsərrüfatı olmaqla, ticarət və xidmət sektorunda, inşaat və əmlak işlərində, nəqliyyat və rabitədə, ev təsərrüfatlarının genişləndirilməsində, ipoteka münasibətlərində və sair bu kimi sahələrdə kredit qoyuluşlarının bəhrələri görünməkdədir. Bu sahələr arasında təkcə kənd təsərrüfatı və emalı sahəsinə nəzər saldıqda, 2010-cu illə müqayisədə kredit qoyuluşlarının xüsusi çəkisində 33,4 faiz artım müşahidə olunmaqdadır. Eyni artımı ticarət və xidmət sahəsində (5,6 faizlik xüsusi çəkiyə qarşı 7,7 faiz), ev təsərrüfatlarının genişləndirilməsində (6,7 faizlik xüsusi çəkiyə qarşı 12,5 faiz) və ipoteka alımlarında (0,3 faizlik xüsusi çəkiyə qarşı 4,1 faiz) müşahidə etmək mümkündür. Muxtar respublika iqtisadiyyatının digər sahələri (sənaye, inşaat, nəqliyyat, rabitə və sair) ilə müqayisədə bu sahələrdə kredit qoyuluşlarının xüsusi çəkisinin artımı insanların müxtəlif xidmət və istehsal sahələrinə olan marağı ilə izah olunur. Belə sahələrdə kiçik biznes fürsətlərinin qiymətləndirilməsi və onların real sektorda öz yerini tuta bilməsi üçün göstərilən kredit dəstəyi öz nəticəsini verməkdədir.
Kreditlərin növləri çoxdur və hazırda müxtəlif məqsədlər üçün bir çox növdə kreditlər verilməkdədir. Naxçıvan Muxtar Respublikasında da istehsal və xidmət sahələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması və ən mühümü əhali gəlirlərinin artırılması ilə paralel olaraq bu sahə ildən-ilə genişlənir. Sənaye, kənd təsərrüfatı və xidmət sahələrində kiçik biznesin genişləndirilməsi üçün verilən kreditlər və əhalinin istehlak tələbatının ödənilməsi üçün nəzərdə tutulan müxtəlif həcmli kreditlər hazırkı mərhələdə, yəni muxtar respublikada hərtərəfli inkişaf və intibah proseslərinin vüsət aldığı bir dövrdə daha vacibdir. Çünki əhalinin həyat səviyyəsinin daim yüksəldilməsi dövlətin əsas məqsədlərindəndir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR