Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarının 94 faizi optik arabağlantılarla təmin olunub. Bu gün muxtar respublikanın sabit telefon şəbəkəsinin Yeni Nəsil Telekommunikasiya Sistemi ilə əvəz olunması uğurla həyata keçirilir.
Bu işlərin davamı kimi, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası xüsusi qeyd olunmalıdır. Layihə GPON (Gigabit Passive Optical Network) avadanlığı vasitəsi ilə reallaşdırılır. GPON avadanlıqlarının abunəçi şəbəkəsinə tətbiqi bir optik lif vasitəsi ilə telefon, yüksəksürətli internet, videotelefon və İP televiziya adlanan rəqəmli televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edir. GPON avadanlığının tətbiqi mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini, buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Avadanlığın köməyi ilə optik lifli kabeli birbaşa abunəçinin evinə çəkmək və beləliklə də, ona mis məftilin imkanlığından 100 dəfə yüksək olan 2,5 Gbit/s-lik buraxma zolağı təqdim etmək mümkündür. GPON avadanlığı ilə bir binaya gələn tək bir optik xətt splitterlər (ayırıcılar) vasitəsilə 256 abonentə xidmət göstərəcək.
Bundan əlavə, bu avadanlıqlar abonentlərə bir xətlə iki telefon nömrəsini işlətmək imkanı verir.
Həmçinin bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə və şəbəkənin qurulmasını tezləşdirməyə şərait yaradır.
Məlumatda bildirilir ki, bir sıra inkişaf etmiş ölkələrdə geniş şəkildə tətbiq edilən bu üsul özünü doğruldub. Bu sistem yuxarıda qeyd olunanlardan əlavə, həm də evdən iş yerinin idarə edilməsi, iş yerinə vizual nəzarət, elektron təhsil almaq, e-ticarət, bütün bank ödənişlərini və köçürmələrini həyata keçirmək kimi məhdudiyyətsiz imkanlara malikdir.
Cari ilin ilk 6 ayı ərzində 13 mənzilə və yeni tikilən 3 çoxmənzilli yaşayış binasına fiber-optik kabel xətləri çəkilib. Ümumilikdə, layihə çərçivəsində 48 fərdi mənzilə, 6 çoxmənzilli yaşayış binasına optik xətt çəkilib.
Qeyd edək ki, layihənin icrasına 2012-ci ilin avqustundan başlanılıb.
Xəbərlər şöbəsi