Naxçıvan Muxtar Respublikasında həyata keçirilən quruculuq tədbirləri sırasında dövlət qurumlarında çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Son illərdə bu istiqamətdə atılan addımlar müxtəlif sahələri əhatə edən yeni iş yerlərinin yaradılması ilə yanaşı, işçilər üçün rahat və müasir tələblərə cavab verən iş şəraitinin təmin olunması baxımından da təqdirəlayiqdir. Rahat iş şəraiti yaradılan təşkilatlar arasında Naxçıvan şəhərində fəaliyyət göstərən banklar da vardır. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan bank binalarının sırasına Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsinin inzibati binası da qoşulub.
Cari ilin mart ayından başlayaraq binanın təməl hissəsi 3 metr hündürlüyündə yenidən qazılaraq qurunt sularından yarana biləcək nəmliyə qarşı qoruyucu izolyasiya təbəqəsi ilə təmin olunub. Sonra isə zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binaya 1 mərtəbə əlavə edilib. İş icraçısı İntiqam Hüseynovun verdiyi məlumata görə, bu mərtəbədə beton-qəlib işləri yekunlaşıb, dam örtüyünün vurulması isə davam edir. Yaxın günlərdə arakəsmələrin hörülməsinə başlanılacaq. Bina hazır olduqdan sonra sonuncu mərtəbədə foye, 4 iş otağı, iclas zalı yerləşəcək.
Eyni zamanda binanın fasad hissəsi milli ornamentlərə uyğun üzlük daşla, ön hissəsi müxtəlif həndəsi formalara malik şüşə konstruksiya ilə üzlənəcək. Ərazidə quraşdırılacaq işıqlandırma sistemi bank binasına xüsusi gözəllik verəcək.
Qeyd edək ki, binanın inşaat işləri “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Tikintidə, əsasən, yerli tikinti materiallarından istifadə olunmaqla bərabər, təhlükəsizlik tədbirlərinə də ciddi əməl olunur.
Xəbərlər şöbəsi