22 Dekabr 2024, Bazar

Ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən uğurlu islahatlar iqtisadiyyatın gücləndirilməsinə əsaslı stimul olmuş, nəticədə, insanların sosial-rifah halı yüksəlmişdir. Yaradılan şəraitin, artan iqtisadi imkanların nəticəsidir ki, bu gün muxtar respublikada insanlar yüksək texniki göstəricilərə malik rahat avtomobillərə, irimiqyaslı layihələri və genişmiqyaslı quruculuq tədbirlərini həyata keçirən ayrı-ayrı şirkətlər isə yaxşı manevr etmək imkanlarına malik maşın-mexanizmlərə və ağırtonnajlı yük avtomobillərinə daha çox üstünlük verirlər. Bu səbəbdən də muxtar respublikada xaricdə istehsal olunmuş müxtəlif markalı minik və yük avtomobillərinin, maşın-mexanizmlərin sayı xeyli artıb.
Həmin texnikalara keyfiyyətli servis xidmətləri göstərilməsi ciddi önəm verilən məsələlərdən biridir. Bu cəhətdən “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti diqqətçəkicidir. Müəssisə bütün avtomobillərə, o cümlədən xaricdə istehsal edilmiş “Hyundai”, “Mitsubishi”, “KİA”, “Opel”, “Mercedes-Benz”, “Mazda”, “Toyota”, “Nissan”, “BMW”, “Ford” və digər markalardan olan yük və minik avtomobillərinə servis xidmətlərinin göstərilməsi, lazımi ehtiyat hissələrinin alınıb muxtar respublikaya gətirilməsi məqsədilə yaradılıb. Naxçıvan şəhərində yaradılan müəssisənin ərazisi 6827,5 kvadratmetrdir. Burada inzibati bina, ehtiyat hissələrinin saxlanılması anbarı, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, müxtəlif təmir sexləri tikilib, Almaniya, Yaponiya, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. 2011-ci ilin fevral ayından fəaliyyətə başlayan müəssisədə keyfiyyətli servis xidmətlərinin göstərilməsi üçün hərtərəfli şərait yaradılıb.

Yük və minik avtomobillərinin təmiri sexində Almaniya istehsalı olan avadanlıqlarla təmin edilmiş avtomobillərin diaqnostik müayinə mərkəzi istifadəyə verilib. Kompüterdə əks olunan göstəricilərin surətləri çıxarılıb müştəriyə təqdim edilir və həmin nasazlıqlara uyğun servis xidmətləri göstərilir.
Boya sexində yük və minik avtomobillərinin qismən və ya tam şəkildə boyanması üçün havalandırma və istilik sistemi ilə təmin olunan, kompüterlə idarə edilən xüsusi qurğu quraşdırılıb. İlkin olaraq avtomobillərdən nümunələr götürülüb laboratoriyada analizdən keçirilir. Boyanın növü, tərkibi və rəngi müəyyənləşdirildikdən sonra laboratoriyanın göstəricilərinə uyğun boya hazırlanır. Boyanın vurulması və qurudulması xüsusi kabinədə aparılır ki, bu da görülən işin keyfiyyətində mühüm amildir.
Müəssisədə fəaliyyət göstərən səyyar servis xidmətinin yüksək səviyyədə aparılması üçün ixtisaslı mütəxəssislər cəlb olunub, xüsusi avtomobillər ayrılıb. Bu da iş prosesində avtomobillərdə yaranan nasazlıqların yerindəcə aradan qaldırılmasına, lazım olduqda evakuatorla müəssisəyə gətirilməsinə imkan verir.
Servis xidmətlərinin lazımi səviyyədə aparılması müasir texnoloji avadanlıqlar və onları idarə edən ixtisaslı mütəxəssislərlə yanaşı, əvəzlənən ehtiyat hissələrinin keyfiyyətli olmasından da asılıdır. Buna görə də avtomobillərin ehtiyat hissələrinin birbaşa istehsalçı müəssisələrdən alınıb gətirilməsi diqqət mərkəzində saxlanılıb, müəssisənin anbarında kifayət qədər ehtiyat yaradılıb.
Müəssisədə bütün markalardan olan yük və minik avtomobillərinin mühərriklərinin yenilənməsi üçün xidmət sahəsi tikilib istifadəyə verilib. Burada Türkiyə Respublikasının “Sarıtaş” firmasının istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən 20-yə yaxın müasir texnoloji avadanlıq quraşdırılıb. Müəssisəyə daxil olan mühərriklərin test yoxlanışından keçirilərək nasazlığı müəyyən edilir. Sonra isə mühərrikdə yaranmış problemin aradan qaldırılması üçün təyinatı üzrə ayrı-ayrı dəzgahlarda onun yenilənməsi prosesi həyata keçirilir. Qeyd edək ki, “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizdə mühərriklərin yenilənməsini kompleks formada həyata keçirən yeganə müəssisədir.
Son illər Naxçıvan-Sədərək, Naxçıvan-Culfa magistral avtomobil yolu və bu yolları birləşdirən Naxçıvan dairəvi avtomobil yolu müasir səviyyədə yenidən qurularaq istifadəyə verilib. Avtomobil nəqliyyatında yük daşınması sahəsində xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb, 2012-ci ilin sentyabr ayında Naxçıvan şəhərində Yük Avtomobil Park Kompleksi istifadəyə verilib. Naxçıvan dairəvi avtomobil yolunun kənarında inşa olunan, 3 min kvadratmetrdən çox geniş bir ərazini əhatə edən bu kompleksdə eyni vaxtda 120-dən çox yük avtomobilinə xidmət göstərilməsi üçün yüksək şərait yaradılıb. Yerli və beynəlxalq yük daşınması ilə məşğul olan sürücülərin, eləcə də kompleksin xidmətlərindən istifadə edən qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb, burada inşa olunmuş 2 korpuslu binanın ikinci mərtəbəsində moteltipli yataq otaqları istifadəyə verilib. Binanın birinci mərtəbəsində isə iaşə xidməti göstərilməsi üçün lazımi şərait yaradılıb.
Onu da qeyd edək ki, yeni texnoloji avadanlıqlarla təmin olunmuş “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikamızda avtomobil nəqliyyatında yük daşınmasını müasir tələblərə uyğun quran və keyfiyyətli servis xidmətləri göstərən yeganə müəssisədir.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR