Xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası muxtar respublikamızın bugünkü parlaq inkişafının əsas qarantıdır. Son 19 il ərzində bu siyasi xəttin uğurla davam etdirilməsi regionun inkişaf mənzərəsini xeyli dəyişmiş, nəticədə, muxtar respublikamız inkişaf parametrlərinə görə ölkəmizin ən öndə gedən bölgələrindən birinə çevrilmişdir. Sosial, iqtisadi, elmi, mədəni və digər sahələrin inkişafı ilə özünün ən böyük intibah çağını yaşayan Naxçıvanın indi hər bölgəsində Heydər Əliyev siyasətinin izlərinə rast gəlirik. Belə bölgələrimizdən biri də Culfa rayonudur.
Culfa rayonunun yerləşmə parametrləri muxtar respublikanın strateji ərazilərini əhatə edir. Sahəsi 995 kvadratkilometrə bərabər olan rayon şimaldan Zəngəzur dağları, şərqdən Ordubad rayonu, qərbdən Şahbuz və Babək rayonları ilə əhatələnir. Rayonun cənub əraziləri isə Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Buna görə də muxtar respublikanın ən böyük gömrük məntəqələrindən biri burada yerləşir. Məhz buna görə də Culfanı həm də gündən-günə inkişaf edən Naxçıvanın uğurlarına açılan qapı da adlandırmaq olar.
Culfa rayonu tarixi baxımdan muxtar respublikamızın əhəmiyyətli bölgələrindən hesab olunur. Adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarası, Naxçıvanın mübarizlik simvoluna çevrilmiş məşhur Əlincə qalası, XIII əsrin yadigarı olan Gülüstan türbəsi, Nəiminin məzarının yerləşdiyi Xanəgah türbəsi, muxtar respublikamızın rəmzinə çevrilmiş əsrarəngiz Haçadağ məhz Culfa rayonunda yerləşir.
Culfa rayonu Naxçıvanın Şərqə açılan qapısıdır. Bu istiqamətdə Naxçıvana gələn qonaqların ilk qarşılaşdığı şəhər də məhz qədim Culfa şəhəridir. Lakin Culfa bu gün təkcə qədimliyi ilə deyil, həm də müasirliyi ilə seçilir. Göstərilən dövlət qayğısı Culfa rayonunun simasını xeyli dəyişmiş və bu dəyişiklik hər addımda özünü göstərməkdədir. Rayon mərkəzi olan Culfa şəhəri özünün təmiz və abad küçələri, yaraşıqlı binaları ilə göz oxşayır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekt şəhərin ən gözəl ünvanlarından biridir və əksər idarə, müəssisə və təşkilatlar bu ünvanda yerləşir. Həmin təşkilatlarda çalışan işçilər üçün hərtərəfli iş şəraiti yaradılıb. Şəhər mərkəzindəki digər küçələrdə də son illərin quruculuq ərməğanları, salınmış rahat yollar, parklar, yaşayış binaları, bazar, ticarət mərkəzi və sair qədim Culfa şəhərinə yeni bir gözəllik bəxş edir. Əvvəlki dövrlərdə olduğu kimi, 2014-cü ilin birinci yarısında da rayonda tikinti-quruculuq işləri uğurla davam etdirilib. Qeyd olunan dövrdə rayonun bütün maliyyə mənbələrindən əsas kapitala 14007,2 min manat və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 1,5 faiz artaraq 12428,1 min manat təşkil edib. Keçən dövr ərzində rayonun Əlincə kəndində 252 şagird yerlik məktəbin əsaslı təmiri, kənd mərkəzinin yenidən qurulması, yeni xidmət mərkəzinin tikinti işləri başa çatdırılaraq istifadəyə verilib. Həmçinin Ərəfsə kəndində 306 şagird yerlik məktəbin əsaslı təmiri, Culfa şəhərində Dövlət Bayrağı Meydanı Kompleksinin tikintisi başa çatdırılıb. Tikinti-quruculuq işləri davam etdirilməkdədir. Belə ki, haliyədə “Naxçıvanterminalkompleks” Birliyinin Culfa şəhərində yeni inzibati binasının və yardımçı binalarının tikintisi, Şurud kəndində 110 şagird yerlik məktəb binasının əsaslı təmiri, kənd və xidmət mərkəzlərinin tikintisi, Bənəniyar kəndində 612 şagird yerlik məktəb binasının yenidən qurulması, uşaq musiqi məktəbinin və xidmət mərkəzinin tikintisi işləri davam etdirilir.
2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan olunması muxtar respublikamızda yeni sənaye müəssisələrinin, müxtəliftəyinatlı istehsal müəssisələrinin yaradılmasına imkan verib. Burada əsas məqsəd sənaye müəssisələrinin yalnız paytaxt Naxçıvan şəhərində deyil, həm də bölgələr üzrə inkişaf etdirilməsidir. Qeyd edək ki, son illərdə rayonun Əbrəqunus kəndində meyvə-tərəvəz qurutma istehsalı, kompot istehsalı, Bənəniyar kəndində bərk pendir istehsalı, qarışıq yem istehsalı sahələri yaradılıb və hal-hazırda fəaliyyət göstərirlər. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari ilin ilk 6 ayında rayonda 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çox sənaye məhsulu istehsal olunub.
Culfa rayonu aqrar bölgədir. Odur ki, son dövrlərdə burada kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bir sıra uğurlu addımlar atılıb. Belə ki, son ildə kiçikhəcmli layihələrin, o cümlədən bağçılıq təsərrüfatının, istixana kompleksinin, eləcə də arıçılıq və quşçuluq təsərrüfatlarının yaradılması məqsədilə 13 layihə üzrə sahibkarlara 274 min manat həcmində kreditlər verilib. Bunun da müqabilində hazırda Culfa şəhəri, Gülüstan, Xanəgah, Şurud, Yaycı, Saltaq və Dizə kəndlərində sahibkarlar tərəfindən meyvə bağları salınıb. Şurud kəndində arıçılıq sahəsində görüləcək işlər tam başa çatdırılıb, Bənəniyar və Kırna kəndlərində isə heyvandarlıq sahəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi davam etdirilir. 2014-cü ilin ilk 6 ayında rayonun əsas iqtisadi sahələrindən hesab edilən kənd təsərrüfatının ümumi məhsulu 13254,7 min manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz çoxdur.
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi muxtar respublikada həllivacib sahələrdən biridir. Bu istiqamətdə qarşıya qoyulmuş tapşırıqların həll edilməsinin zəruriliyi ildən-ilə daha da artmaqdadır. Qeyd edək ki, Culfa rayonunda informasiya və rabitə xidmətlərinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 1796,8 min manat olub. Poçt vasitəsilə əhalidən kommunal xidməthaqlarının toplanması tam avtomatlaşdırılıb, rayonun ən böyük kəndlərindən olan Yaycı kəndində 448 nömrətutumlu avtomat telefon stansiyası quraşdırılıb. Vətəndaşlar tərəfindən aparılan əməliyyatlar zamanı nağdsız ödənişlərə üstünlük verilməsi, bu sahədə aidiyyəti orqanlar tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi də ötən dövrdə diqqət mərkəzində saxlanılıb və müsbət nəticələr əldə edilib. Belə ki, hesablaşmalar zamanı ödənişlərin nağdsız aparılması üçün bu günədək ticarət və xidmət obyektlərində 58 POS-terminal quraşdırılıb və onların vasitəsilə cari ilin birinci yarısında 334 min 960 manatlıq əməliyyat aparılıb.
Culfa rayonunda 2014-cü ilin ilk yarımilinin nəticələrindən bəhs edərkən təhsil və mədəniyyət sahələrindəki ümumi mənzərəyə də nəzər yetirmək yerinə düşər. Vurğulamaq lazımdır ki, təhsil müəssisələrinə göstərilən dövlət qayğısından bu rayona da xeyli pay düşüb. Rayonda 28 orta ümumtəhsil müəssisəsindən 20-si, 6 məktəbdənkənar müəssisədən isə 5-i üçün yeni bina tikilib və ya əsaslı təmir edilib. Bu tədris ilində rayonun ümumtəhsil məktəblərində 350 kompüterdən istifadə olunub. Hazırda rayon məktəblərində 65 elektron lövhədən istifadə olunur. Ötən tədris ilinin ikinci yarısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90-cı ildönümü münasibətilə mütəmadi olaraq məktəblilər arasında inşa yazı, şeir, rəsm müsabiqələri, kütləvi idman tədbirləri, bilik yarışları, lektoriyalar keçirilib. 2012-2013-cü tədris ili rayon məktəbləri üçün uğurlu olub, qəbul faizi rayon üzrə 52,52 faiz təşkil edib. Bu tədris ilində isə XI sinfi bitirən 497, IX sinfi bitirən 420 şagird qəbul imtahanlarında iştirak edib.
Culfa rayonunda son illər həyata keçirilən tədbirlər mədəniyyət müəssisələrinə də öz töhfəsini verib. Bunun nəticəsidir ki, rayonun mədəni həyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Məlumat üçün qeyd edək ki, Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi 58 mədəniyyət müəssisəsini əhatə edir. Mədəniyyətə göstərilən böyük diqqətin nəticəsidir ki, bu müəssisələrdən yarıdan çoxu yeni binada fəaliyyət göstərir. Rayon üzrə 15 mədəniyyət evi, 12 klub, 26 kitabxana, 1 muzey, 2 musiqi məktəbi sakinlərə mədəni xidmət göstərir. İndi həm rayon mərkəzində, həm də rayonun müxtəlif kəndlərində insanların asudə vaxtlarının səmərəli təşkili, həmçinin adət-ənənələrimizin, milli dəyərlərimizin qorunması və təbliği baxımından hər cür şərait vardır. 2014-cü ilin muxtar respublikamızda “Muxtariyyət ili” elan olunması, həmçinin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən tədbirlər rayonun mədəni həyatında xüsusilə yaddaqalan olmuşdur. Cari ilin ilk 6 ayında şöbə tərəfindən müxtəlif əlamətdar günlərlə bağlı tədbirlər təşkil edilib və bu tədbirlərdə seçilən mədəniyyət müəssisələri və mədəniyyət işçiləri mükafatlandırılıblar. Belə ki, 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə Culfa Şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Xaliq Həsənov nazirliyin fəxri fərmanına, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən və ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan tədbirdə Rayon Mədəniyyət və Turizm Şöbəsi federasiyanın fəxri fərmanına, muxtar respublikanın 90 illik yubileyi münasibətilə muxtar respublikanın mədəni həyatında iştirakına görə Culfa Rayon Mədəniyyət Evinin bədii rəhbəri Qurban Nəcəfov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüblər.
Ümumiyyətlə, 2014-cü ilin ilk yarımilinin nəticələrinə nəzər salarkən qeyd olunan dövrün Culfa rayonu üçün uğurlu keçdiyini deyə bilərik. Qurub-yaratmaq eşqinin, hansı sahədə çalışmağından asılı olmayaraq, Vətənə xidmət amalının hər bir sakinin qəlbində yer tutduğu muxtar respublikanın uğurlarında hər rayonun öz rolu var. Culfa rayonu da bu uğurların fonunda gündən-günə inkişaf edir, yeniləşir. Bu gün qədim Culfa həm də Naxçıvanın uğurlarına açılan qapıdır.
Səbuhi HƏSƏNOV