Naxçıvan şəhərinin İslam Səfərli küçəsində 400 yerlik avtomobil dayanacağı tikilir. Burada inşaat işlərini “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir. Obyektin iş icraçısı Nəsir Nəsirovun bildirdiyinə görə, avtomobil dayanacağı zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq. Üç korpusdan ibarət olan dayanacaq binasında hazırda I korpusun sonuncu mərtəbəsində metal konstruksiya inşa edilir, II korpusun III mərtəbəsində və III korpusun zirzəmi hissəsində beton-qəlib işləri görülür. Binada beton-qəlib işləri başa çatdırıldıqdan sonra məhdud ölçüdə hörgü işləri həyata keçiriləcək, fasad hissədə daha estetik görüntü əldə etmək üçün, əsasən, şüşə konstruksiyalardan istifadə ediləcək. Bina hazır olduqdan sonra ümumi həcmi 5570 kvadratmetr olan avtomobil dayanacağının bütün mərtəbələrində maşınyuma xidməti ilə bərabər, servis xidməti də göstəriləcək.
Qeyd edək ki, yeni avtomobil dayanacağı yüksəksəviyyəli parkinq xidmətini həyata keçirmək üçün hərtərəfli şərait yaradacaq.
Xəbərlər şöbəsi