Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazirliyin meşə istehsalı təyinatlı müəssisələrinin ötən il gördükləri işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açaraq çıxış edib.
Bildirilib ki, ötən il nazirlik tərəfindən dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunması, meşəbərpa və meşəsalma işlərinin aparılması, əkin materialının yetişdirilməsi, meşə ağacı və kol cinslərinin toxumlarının tədarükü, meşələrə xidmət işlərinin həyata keçirilməsi təmin edilib, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilib. Ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edən təbiət komplekslərinin və obyektlərin, bioloji müxtəlifliyin, eləcə də meşə fondunda yayılmış fauna növlərinin qorunması, meşə toxumçuluğu işlərinin aparılması zamanı genefondun saxlanması, artırılmasına xüsusi diqqət yetirilib. Ötən il 157,6 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib, 58,2 hektar sahədə yeni meyvə bağları salınıb. Meşəbərpa və təbii bərpaya kömək məqsədilə toxumla bərpa aparılıb, 8,4 hektar sahədə seçmə meyvə toxumları ilə tinglik sahələri yaradılıb.
Nazirliyin meşə istehsalı ilə məşğul olan idarə və müəssisələrinin tinglik sahələrində yetişdirilən əkin materiallarından 279 min 725 ədədi 2012-ci ildə yaşıllaşdırma işlərində istifadə olunub. Qalan əkin materialı isə 2013-cü ilin yaz mövsümündə yeni meyvə bağlarının salınmasında, meşə fondu torpaqlarında nəzərdə tutulan meşə əkini, eləcə də yaşayış məntəqələrinin və magistral yolların mühafizə zolaqlarının yaşıllaşdırılması üçün istifadə ediləcək.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumu olan Meşə Təsərrüfatı İdarəsinin direktor əvəzi Tural Səfərovun, Meşə Tingçiliyi Müəssisəsinin müdiri Ədalət Məmmədovun, Meşəsalma Müəssisəsinin müdiri Knyaz Tağıyevin, nazirliyin İstehsalın təşkili və planlaşdırılması şöbəsinin müdiri Mayis Əliyevin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, meşələrin sahəsinin azalması, onların cins tərkibinin qiymətli ağac cinslərinin ikinci dərəcəli cinslərlə əvəz olunmasına doğru dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi, bitki örtüyünün azalması yolverilməz haldır və həyata keçirilən tədbirlərin əsas məqsədi bu halların ortaya çıxmasına mane olmaqdır.
Xəbərlər şöbəsi