22 Dekabr 2024, Bazar

Cəmiyyətin ən böyük sərvəti insanların sağlamlığıdır. Yalnız sağlam olanlar cəmiyyətə xeyir verə, dövlətin və xalqın xeyrinə qurub-yaratmaq imkanlarından tam istifadə edə bilərlər. Odur ki, Naxçıvan Muxtar Respublikasında insanların sağlamlığının qorunmasına, səhiyyənin inkişafına daim diqqət göstərilir. Səhiyyə sistemində aparılan islahatlar tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb.
Son 19 il ərzində regionda 200-dən çox səhiyyə müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Muxtar respublikanın ən böyük tibb ocağı olan Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının yenidən qurulması səhiyyə quruculuğu istiqamətində atılan növbəti addımlardandır.
2012-ci ilin avqust ayından başlayaraq “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən qurulan binada ilkin mərhələdə binanın təməl hissəsinin daha da möhkəmləndirilməsi məqsədilə ətraf xüsusi beton örtüyü ilə əhatələnib, zirzəmidə üçmərhələli izolyasiya işləri aparılıb. Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan binada tikinti işləri yekunlaşıb, dam örtüyünün vurulmasına başlanılıb. Hazırda daxildə suvaq işləri aparılır, döşəmə vurulur, I, II, III mərtəbələrdə isə tavan qurulur. Binada yerləşən 109 palatanın hər birinə məxsus hamam kompleksində fayans işləri davam etdirilir, su və elektrik xətlərinin çəkilişi isə başa çatdırılıb.

Qeyd edək ki, 8 mərtəbədən ibarət olan xəstəxana binasının 4 korpusunun hər birində yük və sərnişin liftləri olmaqla, 10 lift quraşdırılacaq. Binanın giriş hissəsinin oval şəbəkəbənd formasında olması bu səhiyyə ocağına gələnlərə asanlıqla bir korpusdan digərinə keçmək imkanı yaradacaq. Binanın fasad hissəsi klassik və müasir memarlıq elementləri ilə zənginləşdiriləcək. Fasadda üzlük daş, poliestr və digər yerli inşaat materiallarından istifadə olunacaq. İnteryerdə aparılan dizayn işləri zamanı avanqard metodlardan istifadə ediləcək. Yeni layihəyə əsasən, binanın zirzəmi hissəsində masaj salonu, SPA mərkəzi, hovuz, duş kabinələri, morq, həkim və tibb bacıları üçün otaqlar və xidməti yerlər yaradılacaq. Birinci mərtəbə stomatoloji kabinələr, təcili yardım, palatalar, fizioterapiya, ot vannası və Naftalan nefti ilə müalicə kabinələri, rentgen, əməliyyat otaqları üçün nəzərdə tutulub. Qalan mərtəbələr isə xəstəxananın şöbə və bölmələri, həkim və tibb bacıları, palatalar və digər müayinə və müalicə otaqları, laboratoriyalar, istirahət guşələri üçün ayrılıb. Binanın sonuncu mərtəbəsində geniş akt zalı, tibb təhsili alan tələbələr üçün siniflər və kafe yerləşəcək.
Bütün bunlarla bərabər, xəstəxana binasından 45-50 metr kənarda yeni köməkçi bina da tikiləcək ki, hazırda burada beton-qəlib işləri görülür. İki mərtəbədən ibarət olacaq binada qazanxana, camaşırxana, elektrik və təsərrüfat otaqları, bufet və sair yerləşəcək.
Ümumiyyətlə, müasir layihə əsasında yenidən qurulan xəstəxana binası istifadəyə verildikdən sonra nəinki muxtar respublikanın, hətta bütün regionun ən nəhəng səhiyyə ocaqlarından biri olacaq.
Qeyd edək ki, xəstəxanada ən müasir tibbi avadanlıqlar quraşdırılacaq. Dövlət başçısının 2014-cü il 11 aprel tarixli Sərəncamı ilə xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9 milyon manat vəsait ayrılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR