22 Dekabr 2024, Bazar

Böyükdüz ərazisində yeni istixana kompleksinin tikintisi vaxtında başa çatdırılacaq

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni meyvə bağları salınır, istixana kompleksləri yaradılır. Tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər ötən il də uğurla davam etdirilmiş, Naxçıvan şəhərində yeni istixana kompleksi fəaliyyətə başlamışdır. 

Sahibkar Elçin Bağırovun dediyinə görə, Sahibkarlığa Kömək Fondundan 1 milyon 500 min manat güzəştli kredit ayrılmışdır. 2013-cü ilin mart ayında 10 min kvadratmetr, may ayında isə 1500 kvadratmetr sahəsi olan yeni istixana kompleksi fəaliyyətə başlamışdır. Burada Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmış, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılmış, istixana üçün yeni kənd təsərrüfatı texnikaları alınmışdır. Ümumilikdə, yeni istixana kompleksinin tikintisinə və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon 100 min manat vəsait sərf olunmuşdur ki, bunun 600 min manatı daxili imkanlar hesabına ödənilmişdir.

İstixana kompleksində zirə, tovuz və kənd sortu olan pomidor yetişdirilmiş və sifarişə uyğun, nəfis tərtibatla bəzədilmiş 7 kiloqramlıq karton taralarda topdansatış bazalarında, 250-500 qramlıq və 1 kiloqramlıq plastik taralarda isə pərakəndə satış mağazalarında Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınmış “Naxçıvan bağları” əmtəə nişanı ilə gündə 500 kiloqram pomidor satışa çıxarılmışdır. Bu, muxtar respublikamızda bu məhsula olan tələbatın az bir hissəsini ödəyir. Artan tələbatın ödənilməsi və istixana kompleksinin fəaliyyətinin genişləndirilməsi məqsədilə 2014-cü ilin yanvar ayında daha bir biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim olunmuşdur. Ümumi dəyəri 3 milyon 150 min manat qiymətləndirilən layihənin reallaşması üçün 2 milyon 500 min manat dövlət maliyyə dəstəyi göstərilməsi, qalan 650 min manatın isə sahibkarın daxili imkanları hesabına ödənilməsi nəzərdə tutulmuşdur. 2014-cü ilin fevral ayında Sahibkarlığa Kömək Fondundan 1 milyon 500 min manat güzəştli kredit verilmiş və layihənin icrasına başlanılmışdır. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 45 min 620 kvadratmetr torpaq sahəsi ayrılmış, ərazidə torpaq işləri görülmüş, elektrik xətti çəkilmiş, transformator yarımstansiyası qoyulmuş, “Qarabağlar” kəhrizindən 17 kilometr məsafədə plastik borularla yeraltı daimi su xətti çəkilmişdir.
Layihəyə uyğun olaraq, istixana kompleksinin ayrı-ayrı bölmələrində pomidor, xiyar, çiyələk, dibçək gül toxumları yetişdiriləcək, soyuducu anbar, yeməkxana, işçilər üçün otaqlar istifadəyə veriləcək, müasir kənd təsərrüfatı texnikaları alınacaqdır. Həmçinin bu istixana kompleksində toxumcücərtmə, şitilyetişdirmə bölməsi və turşubağlama sahəsi fəaliyyət göstərəcək ki, bu da xaricdən idxal olunan eyniadlı məhsulların qarşısını alacaq. İstixana kompleksinin gündə­lik tələbatı nəzərə alınaraq 4 ədəd hər birinin tutumu 225 ton olan yerüstü qapalı hovuz tikiləcək. Bu, su xəttində hər hansı bir nasazlıq yaranarkən fasiləsiz su ilə təminatda mühüm rol oynayacaq. İstixana kompleksində avtomatik rejimdə işləyən iqlim-nəzarət sistemləri, isitmə və havalandırma avadanlıqları quraşdırılacaqdır ki, bu da temperaturun sabit saxlanmasına və havanın təmizliyinə imkan verəcək. Burada su təchizatı kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş avadanlıqlar vasitəsilə aparılacaqdır. Su təmizləyici qurğudan keçdikdən sonra torpağın tərkibi haqqında laborator analizin cavablarına uyğun ayrı-ayrı çənlərdə hazırlanmış gübrələr suya əlavə olunmaqla istixanaya ötürüləcək və suvarma damcı üsulu ilə aparılacaqdır.
İllik istehsal gücü min ton olacaq istixana kompleksinin ayrı-ayrı bölmələrində bir ay ara verməklə şitil əkiləcək ki, bu da qış aylarında daxili bazarın pomidora olan tələbatının ödənilməsinə imkan verəcək.
Tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün bu sahə üzrə qabaqcıl təcrübəyə malik Türkiyənin “May Çelik” şirkəti ilə müqavilə bağlanılmış, mal-materialın alınıb gətirilməsi üçün maliyyə vəsaiti ödənilmiş və materialların vaxtında idxalına başlanılmışdır. Müqaviləyə uyğun olaraq, mart ayından konstruksiya işlərinə başlanılmışdır. Altı ay müddətində təhvil verilməsi nəzərdə tutulan istixana kompleksində artıq xaricdən idxal olunmuş paslanmayan materiallarla karkastoxuma işləri və kompleksin daxilindəki ayrı-ayrı bölmələrdə ümumi uzunluğu 26 min 600 metr olan, 80 santimetrdən 1 metrədək dərinlikdə drenaj xətləri çəkilmiş, xüsusi örtükləri olan süzgəcli borular salınıb mərkəzi xəttə birləşdirilmişdir. Bu da yay mövsümündə suvarma zamanı torpağın tərkibində olan artıq suyun axıdılmasına, şoranlaşmanın qarşısının alınmasına, qış mövsümündə isə xüsusi pompalarla drenaj xəttinə vurulan isti hava ilə şitillərin qidalanmasına əlverişli şərait yaradacaq. Türkiyənin “Alarko” şirkətindən 6 ədəd soba alınıb gətirilmişdir. Bu sobaların 3-ü təbii qazla, 3-ü isə həm təbii qaz, həm də dizel yanacağı ilə işləyəcək ki, bu da müəssisəni fasiləsiz istiliklə təmin edəcəkdir.
Cari ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulan Böyükdüz istixana kompleksi daxili bazarı yüksəkkeyfiyyətli tərəvəz məhsulları ilə təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayacaq, 30 nəfərə yaxın daimi işlə təmin ediləcək ki, bu işçilərin əksəriyyəti Böyükdüz kəndinin sakinləri olacaq.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR