Neçə illərdir ki, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirləri hesabına regionumuzun ən ucqar dağ və sərhəd kəndləri də müasir yaşayış məntəqəsinə çevrilməkdədir. Bağlar diyarı Ordubad rayonunda da belə tədbirlərin həcmi getdikcə artır.
Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan bölgədə elə bir yaşayış məntəqəsi tapmaq olmaz ki, orada quruculuq nəfəsi duyulmasın. Onu da xüsusi vurğulamaq lazımdır ki, rayonun relyefi mürəkkəbdir. Bu amil burada aparılan quruculuq işlərində çalışanları müəyyən çətinliklər qarşısında qoysa da, qurub-yaratmaq əzmi həmin çətinliklərə qalib gəlir. Görülən işlər isə, təbii ki, mövcud problemləri həll etməklə yanaşı, insanların məşğulluğunun təmin edilməsinə də müsbət təsirini göstərir, onların qurub-yaratmaq əzmini daha da artırır. Əvvəlki illərdə olduğu kimi, cari ildə də rayonda bir neçə ünvanda quruculuq tədbirləri davam etdirilir. Məlumat üçün bildirək ki, 2014-cü ilin ilk 6 ayı ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 28 milyon manatdan çox və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 1,9 faiz artaraq 26 milyon 324 min 700 manat təşkil edib.
Ordubad Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən müddətdə Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsinin inzibati binasının, Yuxarı Əylis kəndində yeni məscid binasının tikintisi başa çatdırılıb. Akademik Yusif Məmmədəliyevin ev-muzeyi və Ordubad şəhərində 48 mənzilli ictimai yaşayış binası təmirdən sonra istifadəyə verilib. Ordubad şəhərinin mərkəzindən keçən Dübəndi çayında sahilbərkitmə və yaxınlıqdakı parkda aparılan abadlıq işləri başa çatdırılıb. Ordubad dəmiryol vağzalının yeni binasının, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad Yol Sahəsi və rayon Vergilər Şöbəsi, Ordubad Rayon Suvarma Sistemləri İdarəsi üçün inzibati binaların tikintisi, Ordubad şəhərindəki Buzxana tarixi memarlıq abidəsinin bərpası, Ordubad şəhərinin Mirzə Fətəli Axundov küçəsindəki 36 mənzilli ictimai yaşayış binasının təmiri davam etdirilir.
Güclü maarifçilik ənənələri olan Ordubad şəhər 3 nömrəli tam orta məktəbi üçün yeni binanın inşasına başlanılması həm məktəbin pedaqoji kollektivinin, həm də valideynlərin böyük sevincinə səbəb olub. 774 şagird yerlik məktəb binasının tikintisi “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Yeni məktəb binasında laboratoriyalar, hərbi kabinə, 48 sinif otağı, 4 elektron lövhəli sinif, 4 kompüter sinfi, 165 kvadratmetr sahəsi olan idman zalı, 2 müəllimlər otağı, 2 bufet müəllim və şagirdlərin ixtiyarına veriləcək. Hazırda rayonda daha bir yeni məktəb binası Aşağı Əylis kəndində tikilir. Bu obyektlərin tikintisi başa çatdıqdan sonra bölgədə yeni bina ilə təchiz olunan təhsil ocaqlarının sayı 23-ə çatacaq.
Məlumat üçün bildirək ki, Aşağı Əylis kənd tam orta məktəbinin yeni binası 234 şagird yerlikdir. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binada hörgü işləri əsasən başa çatdırılıb. Hazırda suvaq işləri aparılır, digər tikinti tədbirləri həyata keçirilir.
Rayonda aparılan quruculuq tədbirləri məktəb tikintiləri ilə məhdudlaşmır. Elə adıçəkilən yaşayış məntəqəsində 2 mərtəbədən ibarət kənd mərkəzinin inşa olunması kənd sakinlərinə, Aşağı Əylisdə fəaliyyət göstərən qurumlara dövlət qayğısının daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları kəndə xüsusi yaraşıq verəcək hər iki obyektin tikintisində fəallıq göstərir, gördükləri işin keyfiyyətinə ciddi diqqət yetirirlər.
Xəbərlər şöbəsi