Ötən ilin dekabr ayının 27-si Şərur rayonunun Qorçulu kənd sakinlərinin yaddaşında uzun müddət yaşayacaq. Bu kənd yaşayış məntəqəsində həmin gün müasir tələblərə cavab verən bir neçə obyektin açılışı olub, kənddə əsl bayram sevinci yaşanıb. Bu yerdə düşünürsən ki, son illərdə muxtar respublikamızın ayrı-ayrı ünvanlarında aparılan quruculuq işləri qədim diyarımızda nail olunan sosial-iqtisadi inkişafın bəhrəsidir. Ancaq o da var ki, belə sosial-iqtisadi inkişafa nail olmaq asan başa gəlməyib. Blokada şəraitində yaşayan bir regionda irihəcmli layihələrin reallaşdırılmasının çətinliyini bu problemi görənlər daha yaxşı təsəvvür edərlər. Bu baxımdan yanaşanda diyarımızın hüsnünə yaraşıq verən, onu müasir görkəmə gətirən tikinti-quruculuq tədbirlərinin əhəmiyyətinin böyüklüyünü təsəvvür etmək çətin deyil.
Bu günlərdə yolumuzu Qorçulu kəndinə saldıq. Şərur rayon mərkəzindən 5 kilometr aralı məsafədə yerləşən bu yaşayış məntəqəsinə yol Yengicə kəndindən keçir. Onu da deyək ki, Yengicədə də bir neçə il əvvəl həyata keçirilən tədbirlər bu kəndi müasir yaşayış məntəqəsinə çevirib. Bu gün Yengicə qəsəbə təsiri bağışlayan kəndlərimizdən biridir. Qürurverici hal həm də ondadır ki, muxtar respublikamızda kənd yaşayış məntəqələrinin böyük əksəriyyəti belə görkəmə gətirilib.
Qorçuluda gördüklərimiz heç də Yengicədə gördüklərimizdən seçilmədi. Yaşayış məntəqəsinə çəkilmiş yeni yol, inşa olunmuş məktəb binası, kənd və xidmət mərkəzləri göz oxşayır. Kəndarası yollar da yenidən qurulub. Bütün bunlar muxtar respublika sakinlərinə böyük və davamlı dövlət qayğısının ifadəsi kimi diqqəti çəkir. Yeni obyektlərin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Qorçulu kəndində həyata keçirilən tədbirlər, aparılan kompleks quruculuq işləri ölkəmizin inkişafının konkret bir kəndin timsalında nümunəsidir. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, tikinti-quruculuq işləri aparılır, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Son illər Qorçulu kəndində də insanların rahat yaşayışı üçün lazımi tədbirlər görülmüş, inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmış, nasos stansiyası istifadəyə verilmiş, sakinlərin sosial-rifah halı yüksəldilmişdir. Bu gün isə kənddə müasir məktəb binası, əsaslı şəkildə yenidən qurulan avtomobil yolu, kənd və xidmət mərkəzləri istifadəyə verilir... Kəndin abadlaşması, inkişafı bundan sonra da davam etdirilməlidir. Kənd sakinləri yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənləri, qurulanları qorumalıdırlar. Göstərilən dövlət qayğısının müqabilində əkilən torpaqların sahəsi genişləndirilməli, Qorçulu kəndinin sakinləri ölkəmizin inkişafına öz töhfələrini verməlidir”.
Yol mədəniyyətin, inkişafın göstəricisidir. Şərur rayonunda da bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Qorçulu kəndinə gedən avtomobil yolunun yenidən qurulması onu göstərir ki, muxtar respublikada bu sahə hərtərəfli dövlət qayğısı əhatəsindədir. Qeyd edək ki, uzunluğu 3,6 kilometr olan yol yatağının eni 9, asfalt örtüklü ikizolaqlı hərəkət hissəsinin eni isə 7,2 metrə çatdırılıb. Yenidənqurma işləri aparılarkən yola 4 su keçidi qoyulub, yolun kənarında 280 metr uzunluğunda hasar çəkilib.
Rayonda müxtəlif istiqamətlərdə həyata keçirilən tikinti-quruculuq tədbirlərindən təhsil sahəsinə xeyli pay düşüb. Belə ki, ötən il rayonda ümumilikdə, 1548 şagird yerlik 4 məktəb binası istifadəyə verilib. Təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib. Qorçuluda da yenidən qurulan məktəb binasının qapılarını müəllim və şagirdlərin üzünə açmasını kənd adamları bu sahəyə göstərilən daha bir dövlət qayğısının təzahürü kimi dəyərləndirirlər.
Kəndin şəhid oğlu Zeynalabdın Zeynalovun adını daşıyan Qorçulu kənd tam orta məktəbinin binası yenidən qurularkən gələcək perspektiv nəzərə alınıb. 198 şagird yerlik məktəbdə hazırda 85 şagird təhsil alır. Məktəbdə müasir sinif otaqları, laboratoriyalar, hərbi kabinə, müəllimlər otağı, kitabxana, bufet və idman zalı istifadəyə verilib. Bu, təhsil işçilərinin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə imkan verib. Məktəbin direktoru Vasif Məmmədov deyir ki, müəllimlər keçirilən dərslərdə müasir tədris metodlarından istifadəyə səy göstərir, intellektli və vətənpərvər gənclər yetişdirilməsinə çalışırlar. Direktordan təhsil ocağının əldə etdiyi nailiyyətlər barədə soruşduqda bildirdi ki, ötən tədris ilində məzunlardan 5-i ali məktəblərə, 1-i orta ixtisas məktəbinə qəbul olunub, tələbə adını qazanan məzunlardan 1-i 500-700 intervalında bal toplayıb.
Məktəbdə 3 elektron lövhə quraşdırılıb, kompyuter otağındakı 15 kompyuter internetə qoşulub. Həyata keçirilən tədbirlər interaktiv tədris metodlarından səmərəli istifadə etməyə imkan verib.
Qeyd edək ki, məktəbin ərazisində bu təhsil ocağının məzunu olmuş şəhid Zeynalabdın Zeynalovun büstü ucaldılıb. Məktəbin pedaqoji kollektivi məktəblilərin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına ciddi diqqət yetirir, kəndin şəhid oğulları Zeynalabdın Zeynalovun və adı Şəhriyar kənd tam orta məktəbinə verilmiş Məmməd Məmmədovun keçdikləri qısa və şərəfli ömür yolunu dərsdənkənar tədbirlərdə şagirdlərə aşılamağa çalışır.
Kənd mərkəzləri muxtar respublikanın kənd yaşayış məntəqələrinin ictimai və mədəni həyatında mühüm rol oynayan, mahiyyət və məzmunca yeni olan obyektlərdir. Kənd mərkəzlərində müxtəlif təşkilatlar bir binada fəaliyyət göstərirlər. Bu, bir tərəfdən idarəetmənin səmərəli təşkilinə şərait yaradır, digər tərəfdən kənd sakinlərinin mövcud problemlərini qısa zaman ərzində həll etmələrinə imkan verir.
Ötən il Qorçuluda istifadəyə verilən kənd mərkəzi də bu funksiyaları yerinə yetirməkdədir. Dövlət qurumlarının fəaliyyəti üçün yüksək iş şəraiti yaradılmış mərkəz iki mərtəbədən ibarətdir. Burada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi yerləşir. Mərkəzdə yaradılmış rabitə evində Qorçulu və Muğanlı kəndlərinin sakinlərinin istifadəsi üçün 176 nömrəlik ATS quraşdırılıb, yeni poçt bölməsi istifadəyə verilib. Hazırda ATS-dən 130 abonent istifadə edir. Adıçəkilən yaşayış məntəqələrini əhatə edən polis sahə və baytarlıq məntəqələri üçün yaradılan şərait də xidmətin nümunəvi təşkilinə imkan verib.
Kənd mərkəzinin birinci mərtəbəsində 3 iş otağı ilə təmin olunmuş feldşer-mama məntəqəsində Qorçulu sakinlərinə nümunəvi səhiyyə xidməti göstərmək üçün lazımi şərait var. Kənd mərkəzinin yaxınlığında istifadəyə verilən xidmət mərkəzində ərzaq və təsərrüfat malları mağazaları, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərir.
Qorçulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İsmayıl İbrahimov deyir ki, 827 nəfər sakinin 242 təsərrüfatda birləşdiyi yaşayış məntəqəsinin sakinləri zəhmətdən qorxmayan insanlardır. Onların böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olur. 2009-cu ildə “Qorçulu” nasos stansiyasının istifadəyə verilməsi ilə 100 hektardan çox torpaq sahəsində suvarma tədbirləri yaxşılaşdırılıb. Qeyd edək ki, kənddə 2 arteziandan istifadə olunur. Qorçuluda su problemi yoxdur. Odur ki, torpaqlardan səmərəli istifadə edilir. Ötən il dövlət tərəfindən kənd sakinlərinə 18 min manat kredit verilib. Yaradılan şərait nəticəsində əkilən torpaqların sahəsi genişləndirilib, bol məhsul istehsalına nail olunub. Kənddə inkişaf etdirilən əkinçilik sahələri içərisində taxılçılığa maraq ildən-ilə artır. Ötən il kənddə 23 hektar sahədə taxıl əkilib. Hektarın orta məhsuldarlığı 30,2 sentnerə çatdırılıb. Cari ilin məhsulu üçün isə 20 hektar sahədə payızlıq taxıl əkilib. Bu iş yazda da davam etdiriləcək. Torpaq mülkiyyətçiləri digər əkinçilik sahələrində də yaxşı təcrübə qazanıblar. Başa vurduğumuz təsərrüfat ilində 6 hektar sahədə kartof, 4 hektar sahədə bostan, 3,4 hektar sahədə soğan, 3 hektar sahədə pomidor, 1,5 hektar sahədə kələm yetişdirilib, çəkilən zəhmət hədər getməyib. Qorçuluda təsərrüfat sahələri içərisində heyvandarlıq da mühüm yer tutur. Bu gün Qorçuluda 407 baş iribuynuzlu, 1287 baş xırdabuynuzlu heyvan saxlanılır. Kənddəki təsərrüfatın sayı ilə müqayisədə bu rəqəmlərin yüksək olduğu ilk baxışda görünür. Kənd adamları təkcə bu il 11 hektar sahədə yeni yoncalıqlar salıblar. Bununla da, biçənək sahələrinin həcmi 44 hektara çatdırılıb. Öyrəndik ki, baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi bu sahəyə marağı daha da artırıb. Kənd adamları qış qayğısına da qalaraq, mövsümü mütəşəkkilliklə başa vurmaq üçün kifayət qədər yem tədarük ediblər.
Yuxarıda da dediyimiz kimi, Qorçulu sakinləri hələ də ötən il dövlətin onlara göstərdiyi qayğının sevincini yaşamaqdadırlar. Belə sevincin daimi olacağına inanırlar. 76 yaşlı Fətulla Əliyev bildirdi ki, yaşının bu vaxtında sanki cavanlaşıb. Qorçulunu belə gördüyünə inana bilmir. Kənd sakinləri Vasif Əliyev, Tahir Nəcəfov Qorçuluda həyata keçirilən kompleks quruculuq tədbirləri ilə sanki bu yaşayış məntəqəsinə ikinci ömür verildiyini dilə gətirdilər. Minnətdarlıqlarını ifadə edərək sevinclərini bizimlə bölüşdülər.
Kənd sakinləri əmindirlər ki, Qorçuluya göstərilən dövlət qayğısı davamlı xarakter daşıyacaq. Ölkəmiz inkişaf etdikcə, dövlətimiz qüdrətləndikcə bu kənd yaşayış məntəqəsində daha böyük quruculuq işləri aparılacaq, əhalinin rifah halı daha da yaxşılaşdırılacaq.
Muxtar MƏMMƏDOV