Muxtar respublikada həm əhalinin, həm də emal müəssisələrinin ət və süd məhsulları ilə təmin edilməsi istiqamətində müsbət dinamika mal-qaranın baş sayının və heyvandarlıq məhsulları istehsalının həcminin artırılmasında da müşahidə olunur. Hazırda fərdi təsərrüfatlarda 105 min 900 baş mal-qara, 642 min 650 baş davar, 879 min 150 baş quş, 60 minə yaxın arı ailəsi saxlanılır. Bəslənən heyvan və quşların sağlamlığına nəzarət bilavasitə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən həyata keçirilir. Eyni zamanda bazarda satışa çıxarılan və ərzaq zənbilimizin əsasını təşkil edən məhsulların – süd, ət və ət məhsullarının, həmçinin yumurtanın satış üçün yararlı olub-olmamasına cavabdehliyi də məhz baytarlıq xidmətinin əməkdaşları daşıyırlar.
Son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin bir hissəsini də baytarlıq xidmətinin daha da yaxşılaşdırılması məqsədilə görülən işlər təşkil edir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin, Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin binaları, Xüsusi Təhlükəli Xəstəliklərin Diaqnostik Müayinəsi Laboratoriyası yenidən qurulmuş, laboratoriyada müayinələrin aparılması üçün yeni şöbə yaradılmış və müasir avadanlıqlarla təmin edilmişdir. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrində baytarlıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübə keçmələri üçün tədris mərkəzi kompyuter dəstləri və hər cür avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyası əsaslı təmir edilmiş, dərman, biopreparatların saxlanılması üçün yeni bina inşa edilmiş, burada müasir soyuducu kameralar quraşdırılmışdır. Şərur, Babək və Sədərək rayonlarında baytarlıq idarələri və laboratoriyaları üçün müasir tələblərə cavab verən yeni binalar tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, rayon baytarlıq idarələri, həmçinin mərkəzi laboratoriya müasir cihaz və avadanlıqlarla təmin olunmuşdur. Bu tədbirlər təkcə şəhər və rayon mərkəzləri ilə məhdudlaşmamış, ucqar dağ və sərhəd kəndlərini də əhatə etmiş, ümumilikdə, 65 yaşayış məntəqəsində baytarlıq məntəqələri hər cür avadanlıqlarla təmin edilmiş yeni binalara köçürülmüşdür.
Regionda baytarlıq tədbirlərinin vaxtında və mütəşəkkil aparılması üçün dövlət vəsaiti hesabına dərman preparatları alınmışdır. Dərman preparatları soyuducu kameralarda müəyyən olunmuş temperaturda saxlanılır, “soyuq zəncir” prinsipinə əməl edilməklə xüsusi maşınlar vasitəsilə rayon baytarlıq idarələrinə çatdırılır. Onu da qeyd edək ki, son illər 7 ədəd dezinfeksiya avtomaşını və 3 ədəd “Niva” markalı minik avtomobili baytarlıq xidməti əməkdaşlarının istifadəsinə verilmişdir. Məqsəd muxtar respublika üzrə epizootik sabitliyi saxlamaqdan, peyvəndləmələrin, baytarlıq-diaqnostika müayinələrinin, digər tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsindən ibarətdir.
Heyvandarlıq sahəsində inkişaf meyillərinin və epizootik sabitliyin saxlanılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilmiş, heyvanlarda və quşlarda baş verə biləcək xəstəliklərin qarşısının alınması məqsədilə təsdiq edilmiş epizootik tədbirlər planına uyğun olaraq, emkar, bradzol, qarayara, brusellyoz, taun və sair xəstəliklərə qarşı profilaktik peyvəndləmə işləri aparılmışdır. Eyni zamanda muxtar respublika üzrə ayrı-ayrı yaşayış məntəqələrində dezinfeksiya işləri həyata keçirilir. Baytarlıq idarələrindəki epizootik tədbirlər planına əsasən, təsərrüfatlar daim nəzarətdə saxlanılır. Baytarlıq laboratoriyalarında mal-qara və ev quşlarında helmitlərə yoluxma dərəcəsini müəyyən etmək üçün nümunələr götürülüb analizləri aparılır, əhalinin sağlam heyvandarlıq məhsulları ilə təmin edilməsi üçün ekspertiza və bakterioloji laboratoriyalarda patoloji nümunələr infeksion xəstəliklərə görə bakterioloji müayinələrdən keçirilir. Ümumiyyətlə, həyata keçirilən profilaktik tədbirlər öz bəhrəsini vermiş, regionda mal-qara arasında istər kütləvi, istərsə də tək-tək hallarda hər hansı bir infeksion xəstəliyə rast gəlinməmişdir. Həmçinin hər bir rayondakı, eləcə də Naxçıvan şəhərindəki bazarlara daim nəzarət edilir. Belə ki, ət və ət məhsulları, quş əti, yumurta müvafiq ekspertiza laboratoriyalarında müayinədən keçirildikdən sonra satışa çıxarılır. Bununla da, keyfiyyətsiz ət və ət məhsullarının, o cümlədən digər qida məhsullarının bazarlara yol tapmasının qarşısı alınır.
Kərəm HƏSƏNOV