22 Dekabr 2024, Bazar

Naxçıvan Avtomobil Zavodu 2010-cu il yanvarın 11-də istifadəyə verilib. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. 

Zavodun açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə tədbirləri ölkəmizdə ulu öndərimizlə başlanan işlərin davamı kimi dəyərləndirərək demişdir: “Əgər Sovet hakimiyyəti illərində ulu öndərimiz Gəncə Avtomobil Zavodunun qurulması işinə başlamasaydı, müstəqillik illərində isə cənab Prezident həmin zavodun fəaliyyətinin təmin olunmasına şərait yaratmasaydı, indi Naxçıvan Avtomobil Zavodunun qurulması da sual altında ola bilərdi”.
Naxçıvan Avtomobil Zavodunda tikilib istifadəyə verilən ikimərtəbəli binanın birinci mərtəbəsində Satış şöbəsi və sərgi-satış salonu, ikinci mərtəbədə isə Marketinq şöbəsi və inzibati heyət üçün ayrı-ayrı otaqlar yerləşir. Marketinq şöbəsi daxili bazarın tələbatını öyrənməklə yanaşı, xarici əlaqələrin yaradılmasını və ehtiyat hissələrinin alınıb gətirilməsini təşkil edir. Müəssisədə yığım sexi, anbar, yük boşaldılması üçün platforma, sınaq yolu və sınaq avadanlıqları quraşdırılıb.

İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZ Lifan” markası ilə istehsal olunan avtomobillər baqaj hissəsi salonda olan (xetçbek) 320 və 520İ, baqaj bölməsi salondan kənarda yerləşən (sedan) 520 və 620 modellərindən ibarətdir. Bu avtomobillər ayrı-ayrı hissələrdən yığılıb sınaq meydançasına çıxarılır. Burada 2011-ci ildə yeni “NAZ Lifan” X-60 modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə “NAZ Lifan” X-60 modelinin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə ötən ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. Artıq “NAZ Lifan” markalı 6 nəfərlik mikroavtobusun LF 6401 modeli, 800 kiloqram yükgötürən furqonlu avtomobilin LF 5028 modeli və 800 kiloqram yükgötürən bortlu yük avtomobilinin LF 1022 modeli satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır.

Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə 5 modeldə “NAZ Lifan” markalı minik avtomobilləri istehsal edilir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir.
İstehsal olunan avtomobillər Nəzarət şöbəsindən keçdikdən sonra satış sahəsinə buraxılır. Zavod fəaliyyətə başlayan zaman ilkin mərhələdə istehsal xəttinin icraçıları və nəzarətçiləri xarici mütəxəssislər idisə, hazırda istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilir.

Avtomobil zavodunun fəaliyyətə başladığı dövrdən ötən 3 il “NAZ Lifan” markalı minik avtomobilinin tanıdılması mərhələsi oldu. Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim olunması ilə əlaqədar layihələr hazırlanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətdə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək. Hesablamalara görə, 1 konteynerə orta hesabla 6 avtomobil banı yerləşirsə, sökülü vəziyyətdə 150-200 avtomobil banı yerləşir ki, bu da daşınma xərcinin azalması deməkdir. İstehsal olunan avtomobillərin milliləşdirilməsi planlaşdırılır. Avtomobil hissələrinin 51 faizinin ölkə­mizdə istehsal olunması şərtdir. Bunun üçün avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan minik avtomobillərinin satışı da yüksək səviyyədə qurulub, Naxçıvan və Bakı şəhərlərində satış mərkəzi, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazası yaradılıb. Mühərrik və sürət qutusuna 40 min kilometr və ya 2 il zəmanət verilməklə avtomobillərin satışı nağd və sərfəli kredit şərtləri ilə aparılır.
Avtomobil istehsalı makroiqtisadi sahənin ən mühüm göstəricilərindən biridir. Əmtəənin dəyəri onun makroiqtisadi sahədə əhəmiyyətlilik dərəcəsini müəyyən edir. Beş modeldə istehsal olunan avtomobillərin dəyərinin 8400-15200 manat arasında dəyişməsi makroiqtisadi sahədə avtomobil zavodunun əhəmiyyətlilik dərəcəsinin göstəricisidir. Ötən 3 il müddətində 1582 ədəd “NAZ Lifan” markalı minik avtomobili istehsal olunub, bunlardan 1362 ədədi satılıb. Bu isə onu göstərir ki, “NAZ Lifan” markalı minik avtomobilləri maşın bazarında artıq özünəməxsus yerə malikdir. Sevindirici haldır ki, yerli istehsala önəm verilir, Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillər ölkəmizin digər regionlarında da istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Hazırda muxtar respublikamızda, Bakı, Sumqayıt və Neftçala şəhərlərində “NAZ Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR