Hər bir ölkənin inkişafında bank sisteminin müstəsna rolu vardır. Bu baxımdan sistemin fəaliyyətinin düzgün tənzimlənməsi başlıca vəzifədir. Muxtar respublikada banklara göstərilən dövlət qayğısı həmin vəzifələrin yerinə yetirilməsini təmin etmişdir. Bunu bankların 2012-ci ildəki fəaliyyətində də görmək olar. Bank sistemində həyata keçirilən tədbirlər, qazanılan uğurlar, qarşıda duran vəzifələrlə bağlı suallarımıza Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov cavab verir.
– İqtisadiyyatın inkişafı bu sahəyə yönəldilən kredit qoyuluşlarından xeyli dərəcədə asılıdır. Ötən il muxtar respublikanın bank sistemində bu məsələ öz həllini necə tapıb?
– Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən 1 yanvar 2013-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 88 milyon 34 min manat, o cümlədən uzunmüddətli kredit qoyuluşu 62 milyon 877 min manat, qısamüddətli kredit qoyuluşu isə 25 milyon 157 min manat təşkil edir. 1 yanvar 2012-ci il tarixlə müqayisədə kredit qoyuluşu 12 milyon 687 min manat və ya 16,8 faiz artmışdır.
Bəhs olunan dövrdə səmərəli kreditləşmə mexanizmi yeni istehsal və xidmət sahələrinin yaradılmasına təsir göstərən əsas amillərdən biri olmuşdur. Belə ki, bank və digər kredit təşkilatları tərəfindən il ərzində 58 milyon 680 min manat kredit verilmişdir ki, bunun da 33 milyon 141 min manatını qısamüddətli, 25 milyon 539 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Kreditlər 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 451 min manat artmış və ya bu artım 124,2 faiz təşkil etmişdir. 2012-ci ildə verilmiş kreditin 23 milyon 587 min manatı kənd təsərrüfatı, 8 milyon 12 min manatı sənaye, 762 min manatı tikinti,100 min manatı səhiyyə sahələrinə, 2 milyon 199 min manatı kommersiya, 521 min manatı nəqliyyat, 8 milyon 650 min manatı maliyyə fəaliyyətinə, 718 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 14 milyon 131 min manatı digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir.
Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərən 4 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə 14 mindən çox şəxsə kənd təsərrüfatı məhsulları istehsalı və biznes üçün 20 milyon 393 min manat, o cümlədən 19 milyon 749 min manat qısamüddətli, 644 min manat isə uzunmüddətli kreditlər verilmişdir. Verilmiş kreditlərin 27,7 faizi bank olmayan kredit təşkilatlarının üzərinə düşür. Gələcəkdə bu cür kreditlər verilməsinin həcminin artırılması istiqamətində lazımi iş aparılır. 2012-ci ildə verilən kreditlər üzrə orta faiz dərəcəsi 12 faiz olmuşdur ki, bu da Azərbaycan Respublikasında ən aşağı faiz dərəcəsidir.
Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də lazımi tədbirlər həyata keçirilmişdir. Banklar tərəfindən 2012-ci il ərzində 2161 hüquqi, 14 min 676 fiziki şəxs olmaqla, 16 min 837 müştəriyə xidmət göstərilmişdir. Xidmət olunan hesabların 14 min 57-si işlək hesab olmuşdur ki, onların 1214-ü hüquqi, 12 min 843-ü fiziki şəxsdir. Ötən il 54 hüquqi, 4868 fiziki şəxs olmaqla, 4922 müştəriyə yeni bank hesabı açılmışdır.
– Muxtar respublikada elektron ödəniş sisteminin tətbiqi hansı səviyyədədir?
– Muxtar respublikada bu sahənin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsi ilə aparılması üçün POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılmış, 1 yanvar 2013-cü il tarixə onların sayı 96 ədəd olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 ədəd artmışdır.
Vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə 84 ədəd bankomatla xidmət göstərilmiş, o cümlədən 50-si Naxçıvan şəhərində, 34-ü isə rayon mərkəzlərində və böyük kənd yaşayış məntəqələrində olmaqla, muxtar respublika əhalisi tamamilə bu xidmətlə əhatə olunmuşdur. Eyni zamanda əlavə bankomatların gətirilərək böyük kəndlərdə qurulması istiqamətində işlər aparılır.
Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 139 min 970 idisə, hazırda elektron ödəniş kartı alanların ümumi sayı 161 min 268-ə çatmış və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 min 298 ədəd artmışdır. Vətəndaşların, xüsusilə kənd yerlərində əməkhaqqı, pensiya və müavinətlərin tamamilə ödəniş kartları vasitəsilə ödənilməsinin təşkili daim diqqət mərkəzində saxlanılır.
Nağdsız hesablaşmalara keçidlə əlaqədar olaraq əməkhaqqı, pensiya və digər sosial ödəmələrin ödəniş kartları ilə verilməsi ilə yanaşı, büdcə və büdcədənkənar xərclərin aparılmasında 100 faiz hüquqi şəxslərə verilən korporativ kartlardan istifadə olunur.
Muxtar respublikada Mərkəzi Bankın lisenziyası ilə 21 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. Bu şöbələrdə əhaliyə xarici valyuta mübadiləsi və digər xidmətlər göstərilir. Naxçıvanda fəaliyyət göstərən 13 bank qurumunun hamısında 19 növ təcili pul köçürmələri sistemi vardır. 2012-ci ildə təcili pul köçürmələri vasitəsilə dünyanın 45-dən çox ölkəsindən muxtar respublika sakinlərinin adına 8 milyon 113 min ABŞ dolları məbləğində pul köçürülmüş və banklar vasitəsilə ödənilmişdir.
Hazırda muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 320 min manat, o cümlədən xarici valyuta ilə 2 milyon 93 min manat təşkil edir. Əmanətlərin həcmi 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 750 min manat artmışdır. Banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq 4 faizdən 20 faizədək illik faiz ödənilir.
– Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Naxçıvan Muxtar Respublikasında yaşayan əmanətçilərinin əmanətlərinin ödənilməsi ilə bağlı nə deyə bilərsiniz?
– 1 iyun 2012-ci il tarixdən etibarən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Naxçıvan Muxtar Respublikası idarə və şöbələrində olan əmanətçilərinin ərizələrinin qəbuluna və birdəfəlik fərdi ödəmələrə başlanılmışdır. Muxtar respublika üzrə 64 min 944 nəfər əmanətçidən 1 yanvar 2013-cü il tarixə 36 min 689 nəfərinin ərizəsi qəbul olunmuş, 10 yanvar 2013-cü il tarixə 34 min 897 nəfərə 13 milyon 569 min 758 manat birdəfəlik fərdi ödəmə həyata keçirilmişdir.
– 2012-ci ildə bank işçilərinin peşə hazırlığının artırılması və əhalinin maarifləndirilməsi istiqamətində hansı işlər görülüb?
– Əvvəlki illərdə olduğu kimi, bəhs olunan dövrdə də bank işçilərinin peşə hazırlığının artırılması diqqət mərkəzində saxlanılmışdır. Bu müddət ərzində 1 nəfər Türkiyə Mərkəzi Bankında, 3 əməkdaş Azərbaycan Mərkəzi Bankında kurs və təcrübə mübadilələrində iştirak etmiş, yanvar, aprel və noyabr aylarında Mərkəzi Bankın və Bank Tədris Mərkəzinin ekspertlərinin iştirakı ilə muxtar respublikada fəaliyyət göstərən bankların 105 nəfər əməkdaşına xüsusi təlim kursları keçirilərək müvafiq sertifikatlar verilmiş, 8 nəfər Bakı şəhərində müxtəlif bank kurslarında və beynəlxalq seminarlarda iştirak etmişdir.
15 oktyabr 2012-ci il tarixdə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində Azərbaycan Respublikası Mərkəzi Bankının, Bank Tədris Mərkəzinin və Almaniya Əmanət Bankları Fondunun təşkilatçılığı ilə “Maliyyə savadlılığının artırılması” mövzusunda birgünlük biznes-forum keçirilmişdir.
– 2013-cü ildə bank sistemində hansı işlərin görülməsi nəzərdə tutulub?
– Öncə onu qeyd edim ki, 22 dekabr 2012-ci il tarixdə keçirilmiş dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında bank qurumları qarşısında da mühüm vəzifələr qoyulmuşdur. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi 2013-cü ildə göstərilən qayğıya əməli işlə cavab vermək üçün bir sıra tədbirlərin reallaşdırılmasını nəzərdə tutmuşdur. Nağdsız hesablaşmalara keçidin sürətləndirilməsi, muxtar respublikanın şəhər və rayon mərkəzlərində, böyük kənd yaşayış məntəqələrində bankomat və POS-terminalların quraşdırılması davam etdiriləcək. Muxtar respublikada əməkhaqqı və pensiyaların ödəniş kartları ilə ödənilməsi, həmçinin bir çox ticarət obyektlərində POS-terminalların quraşdırılması, alğı-satqı əməliyyatları zamanı nağdsız hesablaşmalardan geniş istifadə üçün əlverişli şərait yaradıldığını nəzərə alaraq quraşdırılan POS-terminallardan səmərəli istifadə təmin olunacaq. Nağd pul dövriyyəsinin həcmini azaltmaq məqsədilə də bir sıra tədbirlər həyata keçiriləcək. Əhalidə POS-terminallardan istifadə mədəniyyətinin gücləndirilməsi üçün banklar mətbuat, televiziya və digər vasitələrlə müvafiq təbliğat işlərini davam etdirəcək. Özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə verilən kreditlərin coğrafiyası tələbata uyğun olaraq genişləndiriləcək. Kənd təsərrüfatı kreditləri xüsusi nəzarətdə saxlanılmaqla bu kreditlərin çoxsahəli və səmərəli olmasına, kreditlərin verilməsində daha münasib faiz dərəcələrinin tətbiqinə və verilmiş kreditlərin vaxtında qaytarılmasına diqqət artırılacaq. Bütün bank qurumları nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsini diqqət mərkəzində saxlayacaq. Emissiyanın artım tempinin aşağı salınması üçün də tədbirlərə önəm veriləcək. Sabit pul-kredit siyasətinin həyata keçirilməsi, bank sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsinin təşkili daha da müasirləşdiriləcək. İnflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi, bank infrastrukturunun inkişafı, qeyri-nağd ödənişlərin miqyasının artırılması, yeni bank xidmətlərinin yaradılması prioritet sahə kimi nəzarətdə saxlanılacaq.
Söhbətləşdi:
Muxtar MƏMMƏDOV