POS-terminalların əhəmiyyəti ilə bağlı Babək Rayon Vergilər Şöbəsində keçirilən tədbirdə nağdsız ödənişlərin həcminin yüksəldilməsi, alğı-satqı əməliyyatları üzrə hesablaşmalarda plastik kartlardan istifadənin miqyasının genişləndirilməsi, eləcə də POS-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı məsələlər müzakirə edilib.
Rayonda fəaliyyət göstərən sahibkarların, idarə və təşkilatların nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə rayon Vergilər Şöbəsinin rəisi Səftər Əliyarov açaraq bildirib ki, ölkədə, eləcə də muxtar respublikada POS-terminalların qeydiyyatı, quraşdırılması və tətbiqi prosesinin sadələşdirilməsi Babək rayonunda da ticarət və xidmət obyektlərinin POS-terminallarla təchiz olunması prosesinə təkan verib, qısa müddət ərzində ciddi dəyişikliklərə nail olunması üçün konkret addımlar atılıb.
Bildirilib ki, nağd pul dövriyyəsi iqtisadiyyatı iri həcmdə investisiya və kredit resurslarından məhrum etməklə yanaşı, vergidənyayınma hallarına da səbəb olur. Vəziyyətdən çıxış yolu isə ödəniş kartları vasitəsilə nağdsız dövriyyənin inkişafını sürətləndirməkdir.
Sonra şöbənin əməkdaşlarından Habil Fərhadovun, Faiq Hümbətovun və başqalarının çıxışları olub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi