Blokada şəraitində yaşayan muxtar respublikamızın bu gün sosial-iqtisadi inkişafı özünün elə bir mərhələsinə qədəm qoyub ki, hərtərəfli inkişaf, tərəqqi hər kəsin öz gündəlik həyatında hiss olunur. Yaxın keçmişə nəzər salsaq, muxtar respublikadan kənara çıxmaq üçün nəqliyyatda yaranmış çətinliklər göz önünə gələcək.
Blokadanın yaratdığı çətinliklər, yanacaq və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin qıtlığı muxtar respublikada nəqliyyat sektorunu da ağır vəziyyətə salmışdı. Əhalini qısa müddət ərzində çətin vəziyyətdən çıxararaq insanlar üçün rahat həyat şəraitindən biri olan geniş nəqliyyat xidmətləri yarada bilmək isə heç də asan məsələ deyildi. Ulu öndər Heydər Əliyevin qayğısı ilə Naxçıvan Hava Limanının dünya standartlarına uyğun şəkildə yenidən qurulması, limana beynəlxalq status verilməsi, reyslərin sayının artırılması muxtar respublika sakinləri tərəfindən böyük sevinclə qarşılanmışdır.
Ulu öndərin uzaqgörən siyasətinin uğurla davam etdirildiyi muxtar respublikamızda bu istiqamətdə sonrakı illərdə də nəqliyyatın müxtəlif sahələrində bir sıra yeniliklər oldu. Muxtar respublika rəhbərinin bütün sahələrə olduğu kimi, nəqliyyat-yol kompleksi sisteminə də göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bir sıra məqsədyönlü islahatlar həyata keçirilmişdir. Yeni avtovağzalların tikilib istifadəyə verilməsi, rahat, geniş, müasir standartlara cavab verən yolların çəkilməsi, müasir sərnişin dayanacaqlarının quraşdırılması, şəhərdaxili və şəhərlərarası sərnişindaşımada istifadə olunması üçün iritutumlu, rahat avtobusların alınıb muxtar respublikamıza gətirilməsi buna bariz nümunədir. Bütün bunlar ildən-ilə yeniləşən, müasirləşən doğma diyarımızda əhaliyə göstərilən nəqliyyat xidmətinin də günü-gündən yüksəlməsinə zəmin yaradır.
Son illər muxtar respublikamızda əhaliyə göstərilən bu xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədilə həyata keçirilən tədbirlərin miqyası olduqca böyük və əhəmiyyətlidir.
Cəmiyyətin inkişafı, əhali sayının artması, şəhərlərin sürətlə böyüməsi, öz növbəsində, nəqliyyat sektorunun da inkişafını, yeniləşdirilməsini tələb edir. Naxçıvanda da bu sahədə atılmış addımlar, ilk olaraq, geniş əhali təbəqəsinin gündəlik ehtiyaclarının ödənilməsində ən yüksək səviyyəyə çatmaq və regionun sürətlə inkişaf edən iqtisadiyyatının tələblərinə cavab verən müasir nəqliyyat infrastrukturu şəbəkəsi yaratmaq məqsədi daşıyır. Muxtar respublikanın nəqliyyat infrastrukturunun müasirləşdirilməsi məqsədilə bu sahədə mühüm islahatlar həyata keçirilmişdir. İnsanlara nümunəvi xidmət göstərə bilmək üçün yeni nəqliyyat vasitələri ilə yanaşı, layiqli xidmətin göstərilməsi də tələb olunan amillər sırasındadır. Bu gün muxtar respublikamızda sərnişindaşıma ilə məşğul olan sürücülərin nümunəvi, səliqəli geyimi sərnişindaşımanın səviyyəsinin yüksəldilməsi sahəsindəki intizamın bir hissəsidir. Sürücülərin sərnişinlərlə rəftarı, nəqliyyat vasitələrinin texniki və sanitar, gigiyenik vəziyyəti daim nəzarətdə saxlanılır və rübdə bir dəfə nəqliyyat vasitələri texniki müayinədən keçirilir. Görülən işlər sərnişindaşıma sahəsində həyata keçirilən tədbirlərin daha da səmərəli olmasına, əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılmasına şərait yaradır.
Əhalinin daha çox istifadə etdiyi nəqliyyat xidməti növlərindən biri də taksi xidmətidir. Regionumuzun hərtərəfli inkişafı taksilərin də daha müasir, təhlükəsiz və nümunəvi səviyyədə olmasını tələb edir. Muxtar respublikanın sakinləri və qonaqları münasib qiymətlərlə salonunda hər cür rahatlığı olan taksilərdən istifadə edirlər. Sevindirici haldır ki, taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələri muxtar respublikamızda istehsal olunur.
Əhaliyə göstərilən taksi xidmətində şəffaflığın təmin olunması üçün, eləcə də sürücü və sərnişin arasında heç bir narazılığın yaranmaması məqsədilə muxtar respublikada fəaliyyət göstərən taksilərə taksometr quraşdırılmışdır. Sərnişinlərlə yanaşı, sürücülərin də razılıqla qarşıladığı taksometrlərin tətbiqi zamanı sərnişinlər onlara göstərilən xidmətin müqabilində taksometrdə qeyd olunmuş məbləğdə ödənişi həyata keçirirlər.
Son illər muxtar respublikamızda sərnişindaşıma xidmətinin səviyyəsini daha da yaxşılaşdırmaq üçün Şərur rayonunda olan tələbat nəzərə alınaraq Naxçıvan-Bakı istiqamətində hərəkət edən marşrut avtobuslarından birinin gündəlik olaraq Şərur şəhərindəki avtovağzaldan yola salınması işi davam etdirilməkdədir. İndi artıq Naxçıvan-Bakı marşrutuna muxtar respublikamızda fəaliyyət göstərən bütün avtovağzallarda bilet satışı təşkil olunmuşdur. Bir vaxtlar bütün rayonların sakinləri Bakı şəhərinə getmək üçün bir neçə gün əvvəl Naxçıvan şəhərinə gəlib bilet almalı idi. Bu isə bir tərəfdən vaxt itkisi, digər tərəfdən isə əlavə xərc demək idi. Rayon avtovağzallarında Naxçıvan-Bakı marşrutuna bilet satışı işi təşkil olunduqdan sonra bütün bu problemlərə son qoyulmuşdur.
Bundan əlavə, Şərur-Bakı istiqamətində hərəkət edən marşrut avtobusu təyin edilmiş qrafikə uyğun olaraq, Culfa şəhərindəki avtovağzala daxil olub, həmin avtovağzaldan bilet almış sərnişinləri də qəbul edir. Heç şübhəsiz ki, görülən bu tədbirlər muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi, əhalinin rahatlığının yüksək səviyyədə təmin edilməsi məqsədini daşıyır.
Bu reyslərin fəaliyyətə başlaması, hər şeydən əvvəl, muxtar respublikamızda əhaliyə, onun layiq olduğu yüksək səviyyədə yaşamasına, tələbatının ödənilməsinə ən böyük dövlət qayğısıdır. Sözün əsl mənasında, xidmətin keyfiyyəti yüksək səviyyədədir. Bilet almaq üçün ödənilən vəsait də sərnişinləri tam qane edir. Bütün bunlar isə muxtar respublika sakinlərinin paytaxt Bakı və ölkəmizin digər regionları ilə əlaqəsini daha da yaxşılaşdırır, blokada şəraitinin muxtar respublika sakinlərinə yaratdığı çətinlikləri unutdurur.
Həyata keçirilən tədbirlər muxtar respublikanın təkcə paytaxt Bakı ilə əlaqələrinin yaxşılaşdırılması ilə məhdudlaşmır. Xarici ölkələrlə də bu əlaqələrin yaradılması diqqət mərkəzində saxlanılır. Bu gün Naxçıvan şəhərinin İstanbul, Moskva kimi iri sənaye və ticarət mərkəzləri ilə hava nəqliyyatı əlaqələrinin yaradılması, hər şeydən əvvəl, muxtar respublikamızın uğurlu iqtisadi inkişafının göstəricisidir.
Göründüyü kimi, doğma diyarımızda hər sahənin inkişafı ilə yanaşı, nəqliyyat infrastrukturu da daim diqqət mərkəzində saxlanılır. Məqsəd isə aydındır: insanlarımız daha rahat olsunlar; əziyyət çəkmədən nümunəvi nəqliyyat xidmətindən istifadə etsinlər.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti