Yanvarın 18-27-də Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə - 2013” sərgisi keçirilib. Bu il 78-ci dəfə təşkil olunan “Beynəlxalq Yaşıl Həftə” sərgisində dünyanın 70 ölkəsindən 1500-dən çox müəssisənin nümayəndəsi iştirak edib. Sərgidə Azərbaycan pavilyonunda Naxçıvan Muxtar Respublikasına ayrıca guşə ayrılıb.
Kənd təsərrüfatı və yeyinti məhsullarının nümayişi, satışı, müəssisələrin imicinin formalaşdırılması, brendlərinin reklamı və eyni zamanda iştirak edən müəssisələrin kooperasiya əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşların tapılması məqsədi daşıyan sərgidə muxtar respublikamızın 11 şirkəti iştirak edib.
“Gəmiqaya Mineral Sular”, “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi”, “Ləzzət Qida Sənaye”, “Naxçıvan Duz İstehsalı”, “Araz-3”, “Babək Şərab-2 Yeddilər ASK”, “F.H. Oğulları”, “Farma Şah” Məhdud Məsuliyyətli cəmiyyətləri, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti, “Pircüvar” Meyvə Tərəvəz Kooperativi və Naxçıvan Kooperativlər Birliyi kimi müəssisələrin sərgiyə çıxardığı 84 çeşiddə kənd təsərrüfatı və yeyinti məhsulları böyük maraq doğurub.
“Beynəlxalq Yaşıl Həftə – 2013” sərgisi çərçivəsində alman və Azərbaycan iş adamlarının iştirakı ilə ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimatlar da keçirilib. Panel müzakirələrində Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi tərəfindən muxtar respublikada “Şərur Konserv Zavodu” ASC və “Ordubad İpək” ASC kimi özəlləşdirməyə açıq layihələrin və reallaşdırılması rentabelli hesab olunan birdəfəlik şpris istehsalı sahəsinin yaradılması layihəsinin əsaslandırılmış şəkildə təqdimatı keçirilib.
Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan və Naxçıvan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər paylanılıb. İştirakçı şirkətlərin təşviqat materialları məhsullara maraq göstərən sərgi iştirakçılarına təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti